Azərbaycan dünyanın əksər ölkələri ilə iki və çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Bu əlaqələr, əməkdaşlıq münasibətləri dövlətlərarası tərəfdaşlığı daha da möhkəmləndirməklə yanaşı, xalqların bir-birinə daha yaxın və mehriban olmasına xidmət edir. Azərbaycanın sıx əlaqələr qurduğu Avropa dövlətləri arasında Böyük Britaniya əsas tərəfdaşlardan hesab olunur. Hər iki dövlət arasında bütün sahələri əhatə edən əlaqələr mövcuddur. Əlaqələrin tarixi isə 200-250 il əvvəllərə gedib çıxır. Hələ XIX əsrin sonu-XX əsrin əvvəllərində Böyük Britaniya şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya ağ neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib.
Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra xarici ölkələrlə, beynəlxalq təşkilatlarla qurulan genişmiqyaslı əməkdaşlıq münasibətlərində Böyük Britaniya əsas dövlətlərdən, tərəfdaşlardan olmuşdur. Böyük Britaniya ilə Azərbaycan arasında 1994-cü il 23 fevralında Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il 21 iyul tarixində Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” də Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatorlarından biri olmuşdur. Sonrakı mərhələdə bu əlaqələr daha da genişlənmişdir. 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalanmışdır. Neft-qaz sənayesi ilə yanaşı, digər sahələr üzrə də Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Rəsmi məlumata görə, hazırda Böyük Britaniyanın Azərbaycanda 645 şirkəti qeydiyyatdan keçib. Ümumilikdə Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə qoyub. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 956 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 455 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25 faizdən çoxdur. Böyük Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir. Britaniyanın “Chapman Taylor LLP” şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb.
Azərbaycan dost dövlətlərdən olan Böyük Britaniyanın iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. 2026-cı ilin ilk yarısında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 329,2 milyon ABŞ dolları həcmində investisiya yatırıb. 2025-ci ildə isə bu rəqəm 212 milyon 264 min ABŞ dollar təşkil etmişdir. Hazırda Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 %-dən 8,4 %-ə yüksəlib. Bu da iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Böyük Britaniyaya səfərləri əlaqələrin inkişafına böyük töhfələr verib. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə və 1998-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin 2004, 2009, 2018-ci illərdə və nəhayət, 2026-cı ilin noyabrında Böyük Britaniyaya rəsmi səfərlər etmələri iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əlaqələrinin gələcək inkişafında mühüm mərhələ hesab olunur. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə çərçivəsində yaşıl enerji, maliyyə bazarları və qeyri-neft sektoru üzrə qarşılıqlı investisiyaların daha da artırılması hədəflənir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmışdır. Bəyannamə dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanır və Azərbaycanla Böyük Britaniya arasında bundan sonrakı əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töfhələr verəcək.
Birgə Bəyannamədə bir sıra strateji sahələrə xüsusi önəm verilir. 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti qeyd olunur və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini bir daha təsdiqləyir. İştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Onlar yüksəksəviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər.
Sənədin önəmi və hər iki ölkənin strateji maraqlarını əhatə edən əhəmiyyəti həm də ondan ibarətdir ki, Böyük Britaniya və Azərbaycan bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.
Bəyannamənin əsas xüsusiyyətləri sırasında təhsil, müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, təhsil və innovasiya üzrə qurulması bir daha onu deməyə əsas verir ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni dövrün əsası qoyulur. Bu dövr hər iki dövlətin və xalqlarının maraqlarının təmin olunmasına, mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə də imicinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr vermiş olacaq.
İ.ƏLİYEV