PDF Oxu

Siyasət

  • 216

Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığında yeni inkişaf perspektivləri - ŞƏRH

Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığında yeni inkişaf perspektivləri - ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü və nüfuzu onların yalnız iqtisadi imkanları və təbii ehtiyatları ilə ölçülmür. Bu gün dünya miqyasında baş verən sürətli dəyişikliklər bilik, elm, müasir texnologiyalar və yüksək ixtisaslı insan resurslarının əhəmiyyətini daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, davamlı tərəqqinin təmin olunması üçün intellektual potensialın gücləndirilməsi, elmi yeniliklərin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması mühüm şərtlərdir. Bu baxımdan dövlətlər arasında qurulan əlaqələrdə elm və təhsil sahəsində tərəfdaşlıq getdikcə daha böyük strateji məna qazanır.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də məhz belə bir yanaşmanın ifadəsidir. Sənəddə təhsil, elmi tədqiqatlar, innovasiya və rəqəmsal texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi iki ölkə arasında münasibətlərin yeni inkişaf imkanlarından xəbər verir. Bu istiqamətlərdə əməkdaşlıq iqtisadi əlaqələrin möhkəmlənməsi ilə yanaşı, uzunmüddətli perspektivdə bilik və təcrübə mübadiləsinin güclənməsinə də əlverişli şərait yaradır.
Azərbaycanla Böyük Britaniya arasında münasibətlər müstəqilliyimizin ilk illərindən etibarən formalaşmağa başlayıb. Birləşmiş Krallığın 1991-ci il dekabrın 26-da Azərbaycanın dövlət müstəqilliyini tanıması, 1992-ci il martın 11-də diplomatik münasibətlərin qurulması ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. Sonrakı illərdə siyasi, iqtisadi, mədəni və humanitar istiqamətlərdə əməkdaşlıq genişlənib, tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlər formalaşıb. Xüsusilə təhsil və elm sahəsində həyata keçirilən təşəbbüslər ölkələrimiz arasında əlaqələrin yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını göstərib.
Birgə Bəyannamədə insan kapitalının inkişafına verilən önəm diqqətəlayiq məqamlardandır. Çünki müasir iqtisadiyyatın qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi ilk növbədə yüksək hazırlığa malik mütəxəssislərdən asılıdır. Universitetlərin elmi potensialının gücləndirilməsi, peşə təhsilinin təkmilləşdirilməsi, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Azərbaycan və Böyük Britaniya arasında bu sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsi yeni təhsil imkanlarının yaradılmasına, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəlməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına töhfə verə bilər.
Müasir texnologiyalar sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın perspektivli istiqamətlərindəndir. Rəqəmsallaşma və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə dövlətlərin qarşısında yeni vəzifələr dayanır. İqtisadiyyatın texnoloji yeniliklərə uyğunlaşdırılması, rəqəmsal xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və innovativ təşəbbüslərin dəstəklənməsi bu vəzifələr sırasındadır. Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycanın həmin sahələrdə beynəlxalq təcrübədən faydalanması və yerli potensialını daha da inkişaf etdirməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər.
Elmi tədqiqatların praktiki nəticələrə çevrilməsi də xüsusi diqqət tələb edən məsələlərdəndir. Müasir dövrdə elmin inkişafı yalnız yeni nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmır. Elmi nailiyyətlərin istehsalata tətbiqi, innovativ məhsulların hazırlanması, universitetlərlə sahibkarlıq subyektləri arasında əlaqələrin möhkəmləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq yeni ideyaların reallaşdırılmasına və elmi potensialın iqtisadi dəyərə çevrilməsinə əlverişli zəmin formalaşdırır.
Strateji tərəfdaşlığın mühüm xüsusiyyətlərindən biri də onun gələcək nəsillərə istiqamətlənməsidir. Bu gün təhsil və elm sahəsində atılan addımların nəticələri uzun illər ərzində özünü göstərir. Gənclərin keyfiyyətli təhsil alması, beynəlxalq elmi mühitə inteqrasiyası, innovativ düşüncə tərzinin formalaşdırılması ölkənin gələcək inkişafına qoyulan sərmayədir. Azərbaycan üçün bu istiqamətdə xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi milli kadr potensialının gücləndirilməsinə əlavə imkanlar aça bilər.
Azərbaycan və Böyük Britaniya arasında qəbul olunmuş Birgə Bəyannamə münasibətlərin daha geniş məzmun qazanması baxımından əhəmiyyətli sənəddir. Təhsil, elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığın inkişafı iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, yeni təşəbbüslərin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlıq imkanlarının genişlənməsinə xidmət edə bilər. Bu yanaşma Azərbaycanın müasir, biliklərə əsaslanan və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu istiqamətində qarşıya qoyduğu məqsədlərlə də uyğundur.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər