Mərdəkanda yerləşən Xəzər Tibb Mərkəzində əhaliyə tibbi yardımının təşkilini gücləndirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Nəticədə sağlamlıq ocağına üz tutan hər bir şəxs göstərilən yüksək ixtisaslı tibbi yardım və müalicədən razı qalır.
Xəzər Tibb Mərkəzində keçirilən növbəti tədbir isə Mavi Kod proseduru ilə bağlı idi. Maarifləndirici tədbirdə mərkəzin Keyfiyyətə nəzarətin idarə edilməsi üzrə mütəxəssisi Alidə Hacıyeva çıxış edərək Mavi Kodun nə məqsəd daşıdığını , tətbiq olunma qaydaları və tibbi personalın təcili vəziyyətlərə hazırlıqlı olmasının vacibliyi barədə məlumat verdi. Eləcə də
çıxış zamanı belə hallarda əməkdaşların operativ və koordinasiyalı fəaliyyətinin əhəmiyyətini vurğulandı.
Müxtəlif şöbələrdən olan həkimlərin iştirak etdiyi tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıları düşündürən suallar cavablandırıldı.
Tədbirdə fürsətdən istifadə edib Mərkəzin direktoru Mübariz Ağayevlə görüşdüm. O, adəti üzrə dedi:- Sağlamlıq ocağında keçirilən hər hansı tədbir yalnız insanları müxtəlif xəstəliklərdən qorumaq, yaşatmaq üçündür. Həyatın əşrəfi olan insan ən qiymətli və ali varlıqdır. Onun sağlamlığını qorumaq, xəstələrə həyat bəxş etmək həkimlərə verilmiş müqəddəs missiyadır. Biz bu missiyanı sədaqətlə yerinə yetirməklə həkimlərdən imdad diləyən xəstələri sağaltmaqdan ötrü bütün vasitələrdən istifadə edəcəyik. Təki insan yaşasın, sağlam həyat sürsün, ölkənin ən fəal üzvü olduğunu daim hiss etsin.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Özünüzü sınayın...