PDF Oxu

Sosial

  • 441

ƏLÖVSƏT QURBANOV - 65 - FOTO

ƏLÖVSƏT QURBANOV - 65 - FOTO

Yubiley, portret yazılar yazmaq həm çətin, həm də asan olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyət tələb edir. Burada haqqında yazılacaq yubilyarın şəxsiyyəti, kimliyi və ictimai nüfuzu mühüm önəm kəsb edir. Buna görə də, müəllif bu işin məsuliyyətini dərk etməli və yazdığı məqalənin cəmiyyətdə necə reaksiya doğraya biləcəyini öncədən düşünməlidir.
Yubiley yazılar daxildən gəlməli, hansısa bir daxili hiss müəllifi buna məcbur etməlidir.
Bu gün əziz dostum Əlövsət Qurbanovun 65 yaşı tamam olur. Mən də çoxları kimi onu 1-2 cümlə ilə təbrik edə bilərdim. Lakin, daxildən hansısa bir qüvvə məni onun haqqında tanıtım xarakterli yubiley təbriki yazmağa məcbur etdi.
Düşünürəm ki, Əlövsət Qurbanovun geniş təqdimatına ehtiyac yoxdur. O Lənkəranda, eləcə də bölgədə nüfuzlu, hörmətli bir şəxs kimi çox gözəl tanınır. Əlövsət müəllimin portretini "pedaqoq, dəyərli ziyalı, təşkilatçı, ictimai-siyasi xadim, gözəl ailə başçısı, səmimi insan, əsl dost..." kimi xarakterizə etmək olar.
Eyni peşə və eyni "cəbhəni" bölüşdüyümüz üçün Əlövsət müəllimi qiyabi olaraq çoxdan tanıyırdım. Sonradan ortaq dostumuz İlkin müəllimin (Lənkəran şəhər 3 saylı tam orta məktəbin direktoru İlkin Yaqubov) vasitəçiliyi ilə qiyabi tanışlığımız şəxsi tanışlığa, hətta dostluğumuza gətirib çıxardı.
Əlövsət Hacı oğlu Qurbanov 15 noyabr 1961-ci ildə Lerik rayonunun Bradi kəndində anadan olub. 1978-ci ildə Lerik rayonunun Hamarat kənd tam orta məktəbini bitirib. 1978-1980-ci illərdə doğma kəndindəki "Mədəniyyət" adına sovxozda fəhlə işləmişdir. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Slavyan Universiteti) daxil olmuş, 1988-ci ildə həmin institutu müvəffəq qiymətlərlə bitirmişdir. 1988-1996-cı illərdə Lənkəran rayonunun Nərimanabad kənd tam orta məktəbində (indiki Balıqçılar qəsəbə 2 saylı tam orta məktəb) ixtisası üzrə rus dili və ədəbiyyatı müəllimi işləmiş, 1996-2006-cı illərdə Üzümçülük qəsəbə, 2006-2022-ci illərdə isə Liman şəhər 1 saylı tam orta məktəblərinin direktoru olmuşdur. 2022-ci ildə daha məsul bir vəzifəyə təyinat almış, Yeni Azərbaycan Partiyasının Lənkəran Rayon Təşkilatının sədr müavini təyin edilmişdir.
Əlövsət Qurbanov müəllim və direktor kimi ayrı-ayrı məktəblərdə çalışarkən şagirdlərin, müəllim yoldaşların və valideynlərin dərin rəğbətini qazanmış, rəhbərlik etdiyi məktəblər rayonun qabaqcıl və nümunəvi təhsil müəssisələrindən sayılmışlar. Məhz nümunəvi fəaliyyətinə görə o Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
Əlövsət müəllim hal-hazırda da tutduğu vəzifəsinə görə nəinki Lənkəran rayonunun, həmçinin respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, rayon ictimaiyyəti arasında böyük nüfuzu vardır. Heç də təsadüfi deyildir ki, dostları, tanışları ona ağsaqqal deyə müraciət edirlər.
Əlövsət müəllim həmçinin gözəl ailə başçısıdır. Övladları Uğur və Lalə Lənkəran Dövlət Universitetini bitirmişlər. Uğur Qurbanzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional Filialının direktorudur. Qızı Lalə isə Lənkəran Sosial və Aqrar Texnoloji Kollecində mühasib vəzifəsində çalışır.
Əlövsət Qurbanov haqqında dövrü mətbuatda yazılar dərc olunmuş, sosial mediada paylaşımlar edilmiş, "Lənkəran pedaqoqları" (X.Cavadov, S.Abdullayev. B., 2005), "Liman - bir dünya sevgim mənim ..." (S. Süleymanlı. I kitab. B., 2012), "Günəş səhərlər çıxır" (İ.Mikayılov, H.E.Əhədov. B., 2021) kitablarında haqqında bəhs edilmiş, "Lənkərannamə" (İ.Şükürzadə. B., 2026) kitabında Nərimanabad qəsəbəsinin tanınmışları sırasında adı qeyd edilmişdir.
Əziz dostum Əlövsət müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun, sağlam ömür və fəaliyyətində uğurlar arzulayıram.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı

Digər xəbərlər