PDF Oxu

Siyasət

  • 294

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi - ŞƏRH

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi - ŞƏRH

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisə kimi qiymətləndirilir. Sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Yeni Birgə Bəyannamə mövcud əlaqələrin daha da dərinləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə sadiqliyi bir daha təsdiqlənir. Bu müddəalar Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursunun əhəmiyyətini bir daha nümayiş etdirir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti xüsusi vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilir. Böyük Britaniya regionda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə iki ölkənin səylərinə dəstəyini bir daha ifadə edir. Bu yanaşma Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Birgə Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Tərəflər regional sülh və sabitliyin qorunması, mövcud və potensial təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə imkanlarının artırılması, müdafiə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bildirirlər. Bu çərçivədə hərbi təlimlərin, təcrübə və bilik mübadiləsinin, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Sənəddə ticarət, investisiya və iqtisadi artım məsələlərinə də geniş yer ayrılır. Azərbaycan və Böyük Britaniya ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini artırmaq barədə razılığa gəlirlər. Bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və digər prioritet sahələrdə yeni tərəfdaşlıq imkanlarının yaradılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Xüsusilə Orta Dəhlizin inkişafına göstərilən diqqət sənədin mühüm məqamlarından biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları ölkəmizin regional və qlobal iqtisadi əlaqələrdə rolunu daha da artırır. Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika layihələrinin dəstəklənməsi, sərhədyanı ticarət və investisiyaların asanlaşdırılması istiqamətində əməkdaşlıq Azərbaycanın tranzit və kommunikasiya imkanlarının genişləndirilməsinə xidmət edir. Enerji sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tərəflər enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi sahəsində birgə fəaliyyətin əhəmiyyətini vurğulayırlar. Bu əməkdaşlıq Azərbaycanın ənənəvi enerji sahəsində qazandığı təcrübənin yeni enerji istiqamətləri ilə tamamlanmasına, ölkəmizin yaşıl enerji potensialının reallaşdırılmasına və qlobal iqlim hədəflərinə töhfə verməsinə imkan yaradır. Bəyannamədə maliyyə və kapital bazarları üzrə əməkdaşlığın dərinləşdirilməsi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və maliyyə sektorunda şəffaflığın artırılması məsələləri də əksini tapıb. Bu istiqamətdə müvafiq dövlət qurumları və maliyyə institutları arasında dialoqun inkişaf etdirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi nəzərdə tutulur. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti isə iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsində mühüm mexanizm kimi qiymətləndirilir.
Sənədin diqqət çəkən digər istiqamətləri təhsil, elm, innovasiya və rəqəmsal transformasiya sahələrini əhatə edir. Müasir dövrdə insan kapitalının inkişafı, yeni texnologiyaların tətbiqi və peşə bacarıqlarının artırılması ölkələrin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan iki ölkə arasında təhsil və elmi əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, insanlararası və icmalararası əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə münasibətlərinin yeni mərhələyə yüksəldilməsinə xidmət edən mühüm sənəddir. Bəyannamə siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat, təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər yaradır. Bu sənəd Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, regional və qlobal proseslərdə mövqeyinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və milli maraqlara əsaslanan çoxşaxəli xarici siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının gələcək illərdə daha da inkişaf edəcəyinə zəmin yaradır.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər