Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutması, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada və milli maraqlara əsaslanan əlaqələr qurması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olmuşdur. Bu baxımdan Böyük Britaniya ilə münasibətlərin formalaşması və inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki hələ müstəqilliyimizin ilk illərində mürəkkəb geosiyasi şəraitdə olan Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə siyasi, iqtisadi və diplomatik əlaqələrini möhkəmləndirməsi böyük siyasi iradə, uzaqgörənlik və prinsipiallıq tələb edirdi.
Ulu Öndər Heydər Əliyev bu zərurəti düzgün qiymətləndirərək Böyük Britaniya ilə münasibətlərin inkişafına xüsusi önəm vermiş, 1994-cü il fevralın 22–də Böyük Britaniyaya ilk rəsmi səfəri zamanı ikitərəfli əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm addımlar atmışdır. Səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Con Meycorla keçirilən görüşlər, imzalanan Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, enerji, investisiyaların qorunması və digər sahələrdə əldə edilən razılaşmalar iki ölkə arasında münasibətlərin möhkəm hüquqi və siyasi əsasını yaratmışdır. Həmin dövrdə Azərbaycan üçün xüsusilə vacib olan beynəlxalq investisiyaların cəlb edilməsi, ölkəmizin enerji potensialının dünyaya tanıdılması və etibarlı tərəfdaş imicinin formalaşdırılması Heydər Əliyev diplomatiyasının mühüm uğurlarından idi. Bu münasibətlərin tarixində Ulu Öndərin Böyük Britaniya Kraliçası II Elizabetlə görüşləri də xüsusi yer tutur. İlk dəfə 1995-ci ilin mayında Londonda faşizm üzərində Qələbənin 50 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində görüşən dövlət xadimlərinin 1998-ci il iyulun 21-də Bukingem sarayında baş tutan görüşü isə Azərbaycan–Britaniya münasibətlərinin tarixində əlamətdar hadisəyə çevrildi. Həmin görüşdə Ulu Öndər Heydər Əliyev Azərbaycanda gedən proseslər, dövlət quruculuğu, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın üzləşdiyi problemlərə yönəltməyin vacibliyini vurğulamışdır. Kraliça II Elizabetin Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən işləri maraqla izlədiyini bildirməsi, Britaniya şirkətləri üçün yaradılan şəraitə görə təşəkkür etməsi bu münasibətlərin qarşılıqlı etimad üzərində inkişaf etdiyini göstərirdi. 1998-ci il iyulun 19–24-də həyata keçirilən ikinci rəsmi səfər və iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu əlaqələrin daha da dərinləşməsinə təkan verdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə qurulan münasibətlər ayrı-ayrı diplomatik təmaslarla məhdudlaşmadı, iqtisadi, enerji, investisiya və siyasi əməkdaşlığı əhatə edən uzunmüddətli tərəfdaşlığa çevrildi. Bu tarixi siyasi xəttin ən mühüm nəticələrindən biri Azərbaycanın enerji strategiyası ilə bağlıdır. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasında, xarici investisiyaların cəlb edilməsində və Böyük Britaniya şirkətləri ilə əməkdaşlığın genişlənməsində müstəsna rol oynadı. Sonrakı illərdə BP ilə uğurlu əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyinə, Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu strateji kurs bu gün Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Cənab Prezidentin praqmatik, milli maraqlara əsaslanan və çoxşaxəli xarici siyasəti nəticəsində Azərbaycan–Böyük Britaniya münasibətləri ənənəvi əməkdaşlıq çərçivəsini aşaraq yeni istiqamətlər üzrə genişlənmişdir. Artıq bu münasibətlər yalnız enerji sektorunu deyil, siyasi dialoqu, iqtisadiyyat və investisiyaları, müdafiə və təhlükəsizliyi, nəqliyyat-logistika, təhsil, innovasiya və yüksək texnologiyaları da əhatə edir. Məhz bu ardıcıl siyasətin növbəti mühüm təzahürü 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması olmuşdur. Sənədin özündə də xüsusi olaraq 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edilməsi bu gün əldə olunan nəticənin təsadüfi deyil, möhkəm tarixi və siyasi təməllər üzərində formalaşdığını təsdiqləyir. Bəyannamənin əhəmiyyəti ondan ibarətdir ki, sənəd iki ölkə arasında əməkdaşlığı konkret strateji istiqamətlər üzrə daha sistemli və institusional müstəviyə daşıyır. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və hüquq-mühafizə istiqamətində əlaqələrin gücləndirilməsi regional sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, infrastruktur layihələri, Orta Dəhlizin inkişafı, bərpaolunan enerji və aşağı karbon texnologiyaları üzrə əməkdaşlıq Azərbaycanın iqtisadi imkanlarının daha da genişlənməsinə xidmət edir. Sənəddə təhsil, elm, rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrinin də prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi xüsusilə diqqətəlayiqdir. Bu, tərəfdaşlığın yalnız bu günün iqtisadi və siyasi ehtiyaclarına deyil, gələcəyin texnoloji və intellektual çağırışlarına da hesablandığını göstərir. Bundan əlavə, Bəyannamədə strateji tərəfdaşlıq üzrə illik görüşlərin keçirilməsinin nəzərdə tutulması əldə edilmiş razılaşmaların davamlı icrası və nəticəyönümlü əməkdaşlığın təmin olunması baxımından mühüm mexanizmdir.
Digər mühüm məqam Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olmasıdır. Bu fakt ölkəmizin investisiya cəlbediciliyinin, iqtisadi sabitliyinin və beynəlxalq tərəfdaşlar qarşısında etibarlı mövqeyinin göstəricisidir. Otuz ildən artıq müddətdə formalaşmış enerji əməkdaşlığının bu gün bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt kimi yeni sahələrlə zənginləşdirilməsi münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Böyük Britaniya münasibətləri zamanın sınağından keçərək yeni məzmun və keyfiyyət qazanmışdır. Bir zamanlar Ulu Öndər Heydər Əliyevin diplomatik uzaqgörənliyi, siyasi nüfuzu və dövlətçilik təfəkkürü ilə təməli qoyulan əlaqələr bu gün cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, müasir Azərbaycanın xarici siyasət uğurları keçmişin möhkəm təməlləri üzərində qurulur, lakin yalnız tarixi nailiyyətlərlə kifayətlənmir, daim yeni hədəflərə istiqamətlənir. 2026-cı il noyabrın 12-də imzalanan Birgə Bəyannamə iki ölkə arasında otuz ildən artıq müddətdə formalaşmış qarşılıqlı etimadın, siyasi iradənin və səmərəli əməkdaşlığın məntiqi nəticəsidir. Bu sənəd həm Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxşaxəli xarici siyasətin növbəti mühüm diplomatik uğurunun ifadəsidir.
Tarixi nəticələr göstərir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan etimad körpüləri zaman keçdikcə daha da möhkəmlənir. Bu gün həmin körpülər ölkə başçısı cənab İlham Əliyevin liderliyi ilə yeni strateji istiqamətlərə açılır.
David Həsənov
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı