PDF Oxu

Siyasət

  • 285

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq yeni mərhələdə - ŞƏRH

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq yeni mərhələdə - ŞƏRH

Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamədə təhsil və bacarıqların inkişafına geniş yer ayrılması bu sahənin ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirildiyini göstərir.

Hər bir ölkənin gələcəyi onun yetişdirdiyi gənc nəslin bilik və bacarıqlarından, elmi potensialından və müasir dünyada baş verən yeniliklərə uyğunlaşmaq qabiliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Təhsil insanın şəxsi inkişafını təmin etməklə yanaşı, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, dövlətin idarəçilik imkanlarının güclənməsinə və yeni inkişaf istiqamətlərinin formalaşmasına təsir göstərən mühüm amildir. Məhz buna görə də müasir dövrdə təhsil siyasəti dövlətlərin uzunmüddətli strateji hədəflərinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Azərbaycanın beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi əməkdaşlıq siyasəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünyanın qabaqcıl təhsil və elmi tədqiqat ənənələrinə malik ölkələrindən biri olan Böyük Britaniya ilə münasibətlərin inkişafı qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təhsil və bacarıqların inkişafına geniş yer ayrılması bu sahənin ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirildiyini göstərir.
Əslində, iki ölkə arasında təhsil əlaqələrinin müəyyən tarixi ənənələri mövcuddur. Hələ 1994-cü il fevralın 23-də təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması qarşılıqlı əlaqələrin hüquqi əsaslarını möhkəmləndirib. Ötən dövr ərzində azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması, akademik və mədəni mübadilələr, müxtəlif elmi təşəbbüslər ölkələrimiz arasında intellektual əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu təcrübə gələcək əməkdaşlığın daha geniş və sistemli şəkildə qurulması üçün mövcud imkanların olduğunu nümayiş etdirir.
Yeni mərhələdə əsas məsələlərdən biri universitetlər arasında əlaqələrin keyfiyyət baxımından inkişaf etdirilməsidir. Müasir ali təhsil müəssisəsi yalnız mühazirələrin keçirildiyi və mütəxəssislərin hazırlandığı məkan deyil. Universitetlər eyni zamanda elmi araşdırmaların aparıldığı, yeni texnologiyaların yaradıldığı, ictimai və iqtisadi problemlərin həlli üçün ideyaların formalaşdığı mühüm mərkəzlərdir. Bu səbəbdən Azərbaycan və Britaniya universitetləri arasında birgə tədris layihələrinin, akademik mübadilə proqramlarının və elmi əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı nəticələr verə bilər.
Xüsusilə gənc tədqiqatçıların beynəlxalq elmi mühitə çıxış imkanlarının artırılması böyük əhəmiyyətə malikdir. Müxtəlif ölkələrin alimləri ilə birlikdə işləmək, yeni tədqiqat metodları ilə tanış olmaq, beynəlxalq konfranslarda iştirak etmək və müasir elmi infrastruktura çıxış əldə etmək gənc mütəxəssislərin peşəkar inkişafını sürətləndirir. Belə əlaqələr həm də Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması və elmi nəticələrinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.
Ali təhsil sahəsində əməkdaşlıqla yanaşı, peşə hazırlığının müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Bu gün əmək bazarında yalnız nəzəri biliklərə yiyələnmiş şəxslərə deyil, həmin bilikləri real iş şəraitində tətbiq edə bilən ixtisaslı kadrlara da böyük ehtiyac duyulur. Sənaye, informasiya texnologiyaları, xidmət, mühəndislik və digər sahələrdə meydana çıxan yeni tələblər peşə təhsili sisteminin daim yenilənməsini zəruri edir. Beynəlxalq təcrübədən istifadə edilməsi, tədris proqramlarının işəgötürənlərin ehtiyaclarına uyğunlaşdırılması və praktiki hazırlıq imkanlarının genişləndirilməsi bu sahədə keyfiyyətin yüksəldilməsinə kömək edə bilər.
Digər mühüm məsələ ömürboyu təhsil prinsipinin təşviqidir. Texnologiyaların sürətlə dəyişməsi nəticəsində bir dəfə əldə edilən bilik və bacarıqların bütün əmək fəaliyyəti boyunca kifayət etməsi getdikcə çətinləşir. İnsanların yeni peşələrə yiyələnməsi, mövcud ixtisaslarını təkmilləşdirməsi və rəqəmsal bacarıqlarını artırması əmək bazarında rəqabət qabiliyyətinin qorunması baxımından vacibdir. Azərbaycanla Böyük Britaniya arasında təlim və ixtisasartırma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bu istiqamətdə də yeni yanaşmaların öyrənilməsinə imkan verə bilər.
Təhsil sahəsində strateji tərəfdaşlıq iki ölkə arasında sadəcə akademik əlaqələrin genişlənməsi demək deyil. Bu, bilikli gənclərin yetişdirilməsi, elmi düşüncənin inkişaf etdirilməsi və cəmiyyətin gələcək çağırışlara hazırlanması baxımından mühüm əhəmiyyət daşıyan əməkdaşlıq istiqamətidir. Azərbaycan və Böyük Britaniyanın mövcud imkanlardan səmərəli istifadə etməsi təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının gücləndirilməsinə və gələcək nəsillər üçün daha geniş inkişaf perspektivlərinin yaranmasına töhfə verə bilər.

Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər