2020-ci il noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması ilə şəhərin tarixində yeni səhifə açıldı. Bu hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərin mühüm nəticələrindən biri idi. Bu gün Ağdamın simasında biz həm işğalın acı nəticələrini, həm də qalib Azərbaycanın quruculuq qüdrətini görürük. Ağdamın işğal dövründə üzləşdiyi dağıntılar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin ən ağır nəticələrindən biridir. Şəhərin yaşayış binaları, inzibati obyektləri, məktəbləri, mədəniyyət müəssisələri, dini abidələri və sosial infrastrukturu dağıdılıb, talan edilib və yararsız vəziyyətə salınıb. Bir zamanlar canlı şəhər həyatı ilə seçilən Ağdamın işğaldan sonrakı mənzərəsi insanlıq və mədəniyyətə qarşı törədilmiş vandalizmin acı nümunəsinə çevrilmişdi. Şəhərin böyük hissəsinin dağıdılması, tarixi və dini abidələrin zədələnməsi, qəbiristanlıqların və yaşayış məntəqələrinin təhqir olunması bölgənin mədəni irsinə vurulmuş ağır zərbə idi. Prezident İlham Əliyev Ağdamın işğaldan sonrakı vəziyyətini qiymətləndirərkən bu faciənin miqyasını açıq şəkildə ifadə etmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu fikirlər Azərbaycanın qətiyyətli mövqeyini, dövlətin bərpa iradəsini və Böyük Qayıdış strategiyasının əsas mahiyyətini ifadə edir. Azərbaycan dağıdılmış şəhərləri yenidən qurmaqla yanaşı, işğal dövründə törədilmiş dağıntıların beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi faktların sənədləşdirilməsi və milli-mədəni irsin qorunması istiqamətində də mühüm işlər həyata keçirir. Ağdamda yaradılması nəzərdə tutulan və təməli qoyulan Zəfər Muzeyi və açıq səma altında İşğal Muzeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu məkanlar gələcək nəsillərə işğalın nəticələrini, xalqımızın mübarizə əzmini və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır. Ağdamın dağıdılmış vəziyyəti tarixdən silinməməli, əksinə, gələcək nəsillərin yaddaşında sülhün, təhlükəsizliyin və dövlət müstəqilliyinin nə qədər böyük dəyər daşıdığını göstərən tarixi dərs kimi yaşamalıdır. Ağdamın bərpası Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin gələcək siması müasir şəhərsalma prinsipləri, ekoloji yanaşma, innovativ texnologiyalar və dayanıqlı inkişaf meyarları əsasında formalaşdırılır. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəddir. Baş planın əsas məqsədi Ağdamı müasir, təhlükəsiz, rahat, ekoloji cəhətdən dayanıqlı və iqtisadi baxımdan fəal şəhərə çevirməkdir. Yeni Ağdamın quruculuğunda yaşayış məhəllələrinin, ictimai məkanların, parkların, təhsil və səhiyyə müəssisələrinin, istehsal və xidmət sahələrinin, nəqliyyat və kommunal infrastrukturun kompleks şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərin planlaşdırılmasında insanların rahat yaşayışı, əlçatan xidmətlər, yaşıllıq zonaları və müasir texnologiyaların tətbiqi əsas prinsiplər kimi götürülür. Ağdamın yenidən qurulması zamanı “ağıllı şəhər” yanaşmasının, enerji səmərəliliyinin və rəqəmsal idarəetmə imkanlarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Bu, şəhərin yalnız fiziki baxımdan deyil, idarəetmə və xidmət keyfiyyəti baxımından da müasir tələblərə uyğun inkişafına şərait yaradır. Baş planın həyata keçirilməsi Ağdamın iqtisadi potensialının genişlənməsinə, yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və əhalinin doğma yurda qayıdışının sürətlənməsinə xidmət edir. Beləliklə, Ağdamın bərpası ayrı-ayrı tikinti layihələrinin məcmusu deyil, bütöv bir şəhər həyatının yenidən formalaşdırılması prosesidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdama 28 may 2021-ci il tarixli səfəri şəhərin bərpası prosesində tarixi mərhələ kimi yadda qalıb. Həmin səfər zamanı bir sıra mühüm infrastruktur və quruculuq layihələrinin təməli qoyulub, tarixi-mədəni abidələrlə tanışlıq olub. Səfər çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Bu yolun inşası Ağdamın nəqliyyat əlaqələrinin bərpası və bölgənin iqtisadi imkanlarının genişləndirilməsi baxımından mühüm addım idi. Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi yeni şəhərin yaşıllıq və ekoloji mühitinin formalaşdırılmasına verilən önəmi nümayiş etdirirdi. Şəhərdə ilk yaşayış binasının təməlqoyma mərasimi isə doğma yurda qayıdışın real başlanğıcını simvolizə edirdi. Həmin gün Ağdam Sənaye Parkının da təməli qoyuldu. Bu layihə şəhərin iqtisadi həyatının dirçəldilməsi, sənaye istehsalının təşkili, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olub. Bu tarixi məkanın bərpasına diqqət yetirilməsi Ağdamın milli-mədəni irsinə dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Səfər zamanı Ağdamda Zəfər Muzeyinin və açıq səma altında İşğal Muzeyinin təməlqoyma mərasimləri keçirilib. Ağdam şəhər 1 nömrəli məktəbin yeni binasının, eləcə də şəhərin bərpasının təməl daşının qoyulması mərasimləri təşkil olunub. Dövlət başçısı Qiyaslı məscidi və Şahbulaq qalası ilə də tanış olub. Bu, bir tərəfdən tarixi abidələrin vəziyyətinin yerində qiymətləndirilməsi, digər tərəfdən isə onların bərpası və qorunması istiqamətində görüləcək işlərin əhəmiyyətini nümayiş etdirirdi. 28 may 2021-ci il səfəri Ağdamın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm hadisə oldu. Həmin gün qoyulan təməllər sonrakı illərdə genişmiqyaslı quruculuq işlərinin başlanğıcını təşkil etdi. Prezident İlham Əliyevin 24 dekabr 2023-cü il tarixində Ağdama səfəri şəhərin bərpası və ətraf kəndlərin yenidən qurulması istiqamətində görülən işlərin geniş miqyasını nümayiş etdirdi.
Prezident İlham Əliyevin 18 fevral 2025-ci il tarixində Ağdama səfəri şəhərin quruculuğunda yeni mərhələnin göstəricisi oldu. Bu səfər zamanı həm iqtisadi, həm də sosial və rəqəmsal infrastruktur sahələrində görülən işlər diqqət mərkəzində saxlanıldı. Dövlət başçısı Ağdam şəhərində inşa edilən “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanış oldu. Müasir hotel infrastrukturunun yaradılması şəhərin gələcək turizm, biznes və xidmət sektorunun inkişafına xidmət edir.
Prezident İlham Əliyevin Ağdam rayonuna səfərləri – xronoloji ardıcıllıqla
1. 5 noyabr 2018-ci il
2. 23 noyabr 2020-ci il
3. 28 may 2021-ci il
4. 13 fevral 2022-ci il
5. 4 oktyabr 2022-ci il
6. 2 may 2023-cü il
7. 15 oktyabr 2023-cü il
8. 24 dekabr 2023-cü il
9. 25 aprel 2024-cü il
10. 28 may 2024-cü il
11. 19 sentyabr 2024-cü il
12. 18 fevral 2025-ci il
13. 27 mart 2025-ci il
14. 10 may 2025-ci il
15. 3 iyul 2025-ci il
16. 18 iyul 2025-ci il
17. 23–24 dekabr 2025-ci il
18. 14 iyul 2026-cı il
19. 7 noyabr 2026-cı il
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü