PDF Oxu

Siyasət

  • 301

Ağdam Şəhəri Günü – tarixi Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Ağdam Şəhəri Günü – tarixi Zəfərin, milli iradənin və Böyük Qayıdışın təntənəsi - ŞƏRH

Noyabrın 20-si Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan, xalqımızın milli qürurunu və dövlətimizin qüdrətini təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad olunmasının, tarixi ədalətin bərpasının və qədim Qarabağ torpağında yeni həyatın başlanmasının rəmzidir. Ağdam Şəhəri Günü xalqımızın yenilməz iradəsini, Azərbaycan dövlətinin gücünü və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini özündə birləşdirən mühüm tarixi hadisədir.Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Qarabağın mühüm mərkəzlərindən olan bu şəhər uzun illər ərzində bölgənin sosial-iqtisadi və mədəni həyatında xüsusi yer tutmuşdur. Lakin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam 1993-cü il iyulun 23-də işğal edilmiş, şəhərin tarixi-mədəni irsi dağıdılmış, yaşayış məntəqələri viran qoyulmuşdur. Bir zamanlar həyatın qaynayıb-qarışdığı Ağdam uzun illər ərzində xarabalığa çevrilmiş, sakinləri doğma yurdlarından didərgin düşmüşlər.Lakin Azərbaycan xalqı heç zaman torpaqlarımızın işğalı ilə barışmadı. Dövlətimizin apardığı məqsədyönlü siyasət, güclü ordu quruculuğu və beynəlxalq müstəvidə formalaşdırılan prinsipial mövqe torpaqlarımızın azad olunması üçün möhkəm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl strategiya nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirdi.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, infrastrukturun bərpası, yolların, yaşayış binalarının, sosial obyektlərin və istehsal müəssisələrinin yaradılması dövlətimizin Qarabağın inkişafına verdiyi böyük önəmin göstəricisidir. Ağdamın Baş Planına uyğun olaraq həyata keçirilən layihələr şəhərin gələcəkdə Azərbaycanın ən müasir və inkişaf etmiş yaşayış məkanlarından birinə çevrilməsinə xidmət edir.Ağdamın dirçəlişi Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biridir. Doğma torpaqlarına qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi, məşğulluq imkanlarının yaradılması, təhsil, səhiyyə və digər sosial xidmətlərin inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Bu proses Azərbaycanın yalnız ərazilərini azad etməklə kifayətlənmədiyini, eyni zamanda həmin torpaqlarda yeni həyat qurduğunu nümayiş etdirir.Ağdamın yenidən qurulması həm də erməni vandalizminin izlərinin silinməsi və milli-mədəni irsimizin bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Şəhərdə tarixi abidələrin qorunması, dini-mədəni irsin yaşadılması və müasir infrastrukturun yaradılması gələcək nəsillərə ötürüləcək böyük bir mirasdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam qarşıdakı illərdə özünün əvvəlki şöhrətini bərpa etməklə yanaşı, müasir inkişafın, iqtisadi tərəqqinin və quruculuğun nümunəsinə çevriləcək. Ağdam yenidən yaşayacaq, inkişaf edəcək və Azərbaycanın parlaq gələcəyinə öz töhfəsini verəcəkdir

Əlvan Rəcəbov,

YAP Lerik rayon təşkilatının əməkdaşı

Digər xəbərlər