PDF Oxu

Siyasət

  • 391

Ulu Öndər Heydər Əliyevin siyasi kursu daim yaşayacaq. - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin siyasi kursu daim yaşayacaq. - ŞƏRH

1992-ci il noyabrın 21-də Azərbaycan siyasi tarixində mühüm hadisə baş verdi. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ölkəmizin ağır siyasi, iqtisadi və ictimai böhranla üzləşdiyi, dövlət müstəqilliyinin ciddi təhlükələrlə qarşılaşdığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası xalqın böyük inam və etimadını qazanaraq Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Partiyanın yaradılması, ilk növbədə, xalqın Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşmək, ölkəni böhrandan çıxarmaq və müstəqil dövlətçiliyimizi qorumaq istəyinin ifadəsi idi.
Yeni Azərbaycan Partiyasının yarandığı gündən qarşıya qoyduğu əsas məqsəd müstəqil Azərbaycanın inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və demokratik cəmiyyət quruculuğu olmuşdur. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli rəhbərliyi nəticəsində partiya qısa müddətdə böyük siyasi nüfuz qazandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanda siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın təməli yaradıldı və müstəqil dövlətçiliyimiz dönməz xarakter aldı.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu keçmiş, beynəlxalq nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi irsinin müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsini təmin etməklə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Torpaqlarımızın işğaldan azad edilməsi, dövlət suverenliyimizin tam bərpası Ulu Öndərin ən böyük arzularından birinin reallaşması idi. Bu Qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini, ordumuzun qüdrətini və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilir, müasir infrastruktur yaradılır. Bu proses Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının və dövlət başçısının xalq qarşısında götürdüyü öhdəliklərə sadiqliyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional və qlobal əhəmiyyətli layihələrin fəal iştirakçısı kimi tanınır. Azərbaycanın iqtisadi potensialının artırılması, enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi həyata keçirilən uğurlu siyasətin mühüm nəticələridir.
Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində Ulu Öndərin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Partiyanın VIII Qurultayında da təsdiqlənən siyasi xəttin əsas mahiyyəti Heydər Əliyev ideyalarının davam etdirilməsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişafına xidmət etməkdir.
Bu gün hər bir YAP üzvünün üzərinə mühüm vəzifələr düşür. Biz Ulu Öndərin zəngin siyasi irsini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməli, dövlətə və xalqa xidmət prinsiplərini gündəlik fəaliyyətimizin əsasına çevirməliyik. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunması və ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliği hər bir partiya üzvünün vətəndaşlıq borcudur.
21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün təkcə bir siyasi təşkilatın yaranma tarixi deyil, həm də xalqımızın milli birlik, dövlətçilik və inkişaf naminə birləşdiyi əlamətdar gündür. Bu tarix bizə bir daha xatırladır ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi yol Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməldir. Prezident İlham Əliyev isə həmin siyasi mirasın müzəffər davamçısı kimi ölkəmizi yeni zirvələrə doğru aparır.
Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli və qalib Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.

Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Digər xəbərlər