Xalqların taleyində elə həlledici anlar olur ki, həmin günlərdə verilən qərarlar sadəcə bir siyasi hadisə kimi tarixə düşmür, bütöv bir millətin sabahını, dövlətçilik varlığını və gələcək inkişaf yolunu müəyyənləşdirir. 1992-ci il noyabrın 21-də qədim Naxçıvan torpağında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə bir taleyüklü dönüş nöqtəsi idi. O gün atılan məsuliyyətli addım və qəbul edilən tarixi qərar müstəqilliyini yenicə bərpa etmiş, lakin ağır sınaqlarla üz-üzə qalmış Azərbaycanı uçurumun kənarından xilas edərək dirçəliş və tərəqqi yoluna çıxardı.
XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən dərin siyasi xaos, idarəetmə böhranı və vətəndaş qarşıdurması təhlükəsi müstəqilliyimizin mövcudluğunu sual altına almışdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi, yüz minlərlə soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, digər tərəfdən isə ölkə daxilindəki səriştəsiz rəhbərlik, iqtisadi tənəzzül və sosial gərginlik cəmiyyətdə dərin ümidsizlik yaratmışdı. Belə bir mürəkkəb və taleyüklü şəraitdə xalqın gözü yenə də böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevə dikilmişdi. İnsanlar dərk edirdilər ki, Azərbaycanı bu ağır fəlakətlərdən yalnız Heydər Əliyevin zəngin siyasi təcrübəsi, sarsılmaz iradəsi və xalqına olan sonsuz sevgisi xilas edə bilər.
Cəmiyyətin bu təbii və haqlı istəyi 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının, elm və mədəniyyət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə ünvanladığı tarixi müraciətdə öz dolğun ifadəsini tapdı. Azərbaycanın siyasi tarixinə “91-lərin müraciəti” kimi həkk olunan bu sənəd əslində milyonlarla vətəndaşın ürəyindən keçən səsin, milli narahatlığın və xilas ümidinin rəsmi çağırışı idi. Ziyalılar Ulu Öndərdən ölkəni düşdüyü ağır böhrandan çıxarmaq naminə yeni siyasi partiyanın yaradılmasını və bu partiyaya rəhbərlik etməsini xahiş edirdilər. Heydər Əliyevin 1992-ci il oktyabrın 24-də ziyalılara verdiyi tarixi cavab məktubu isə xalqının taleyinə heç vaxt biganə qalmayan böyük liderin növbəti fədakarlıq nümunəsi, milli məsuliyyət və dövlətçilik əzminin təntənəsi oldu.
Nəhayət, 1992-ci il noyabrın 21-də ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Dövrün ağır ictimai-siyasi təzyiqlərinə və maneələrinə baxmayaraq baş tutan bu möhtəşəm toplantıda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, ümummilli lider Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Həmin gün Naxçıvanda qəbul edilən bu cəsarətli qərar Azərbaycanın müasir siyasi sisteminin formalaşmasında yeni səhifə açdı, milli həmrəyliyin və dövlətçilik düşüncəsinin təşkilatlanmış siyasi qüvvəyə çevrilməsini təmin etdi.
Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən dar qrup maraqlarına deyil, ümummilli mənafelərə xidmət edən ümumxalq partiyası kimi formalaşdı. Qısa zaman kəsiyində cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirən partiya 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasında, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda aparıcı siyasi gücə çevrildi. Məhz bu möhkəm təməl üzərində Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı, ölkəmiz sabitlik və davamlı inkişaf yoluna qədəm qoydu.
Ötən otuz ildən artıq dövr ərzində Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarına sadiq qalaraq ölkəmizin sosial-iqtisadi yüksəlişinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və milli birliyimizin möhkəmlənməsinə misilsiz töhfələr vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiya dövrün yeni çağırışlarına uyğun olaraq müasirləşmiş, xalq-iqtidar birliyinin ən möhkəm sütununa çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsi həm də 1992-ci il noyabrın 21-də əsası qoyulan uzaqgörən siyasi kursun məntiqi nəticəsi və parlaq təntənəsidir.
Bu gün qalib, qüdrətli və suveren Azərbaycanın hər bir vətəndaşı böyük qürur hissi ilə dərk edir ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda atılan o addım zamanın sınağından uğurla çıxmış ən doğru tarixi qərar idi. Həmin gün yandırılan birlik və dövlətçilik məşəli bu gün də Azərbaycanın gələcək inkişaf yolunu işıqlandırır, ölkəmizi yeni zirvələrə və böyük hədəflərə doğru inamla aparır.
Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi