PDF Oxu

Siyasət

  • 313

Ağdam Şəhər Günü – tariximizin, qürurumuzun və qayıdışımızın ünvanı - ŞƏRH

Ağdam Şəhər Günü – tariximizin, qürurumuzun və qayıdışımızın ünvanı - ŞƏRH

Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Ağdam xalqımızın tarixində xüsusi yer tutur. Bu şəhər öz zəngin keçmişi, mədəniyyəti, insanları və milli dəyərləri ilə hər zaman seçilib. Ağdam deyəndə ilk növbədə torpağa bağlılıq, vətən sevgisi, doğma yurda qayıtmaq arzusu və böyük qələbəmiz yada düşür. Ağdam Şəhər Günü isə bu tarixi şəhərin keçmişini xatırlamaq, bu gününü qiymətləndirmək və gələcəyinə inamla baxmaq üçün mühüm gündür. Ağdam vaxtilə Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olub. Burada insanların gündəlik həyatı, məktəblər, mədəniyyət ocaqları, sənaye müəssisələri və ticarət mərkəzləri fəaliyyət göstərirdi. Şəhərin özünəməxsus gözəlliyi, mehriban insanları və zəngin adət-ənənələri var idi. Ağdamlılar zəhmətkeşliyi, qonaqpərvərliyi və doğma torpaqlarına bağlılığı ilə tanınırdılar. Bu şəhərdə yaşayan insanlar öz yurdlarını sevərək qurur, onun inkişafı üçün çalışırdılar. Lakin uzun illər davam edən işğal Ağdamın həyatını dəyişdi. Şəhər dağıdıldı, evlər viran qoyuldu, insanlar doğma yurdlarından uzaq düşdülər. Ağdam bir zamanlar gözəl və abad şəhər olduğu halda, işğal dövründə böyük dağıntılara məruz qaldı. Buna baxmayaraq, ağdamlılar heç vaxt öz doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Onlar hər zaman inanırdılar ki, bir gün Ağdam yenidən qurulacaq, küçələrində həyat canlanacaq, uşaqların səsi eşidiləcək. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfər bu arzuların gerçəkləşməsinə yol açdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. 20 noyabr 2020-ci il tarixində Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana təhvil verildi. Bu hadisə xalqımızın yaddaşında mühüm tarixi gün kimi qaldı. Ağdamın azad olunması illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc yaratdı.
Ağdamın azad olunması yalnız bir şəhərin geri qaytarılması deyildi. Bu, uzun illər davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və xalqımızın birliyinin nümayişi idi. Azərbaycan xalqı bir daha göstərdi ki, öz torpaqlarına sahib çıxmaq əzmindədir və heç vaxt haqqından imtina etməyəcək. Bu gün Ağdamda geniş quruculuq və bərpa işləri aparılır. Dağıdılmış yollar yenidən çəkilir, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Şəhərin əvvəlki görkəminin bərpası ilə yanaşı, müasir və daha gözəl Ağdam yaradılır. Yeni layihələr həyata keçirilir, insanların rahat yaşayışı üçün şərait qurulur. Bütün bunlar dövlətimizin Qarabağın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Ağdamın yenidən qurulması həm də doğma torpaqlarından didərgin düşmüş insanların arzularının həyata keçməsi deməkdir. Uzun illər başqa yerlərdə yaşayan ağdamlılar artıq öz evlərinə, doğma küçələrinə qayıtmaq imkanı əldə edirlər. Onların sevincini sözlə ifadə etmək çətindir. Çünki insan üçün doğulduğu torpaq, böyüdüyü ev və uşaqlıq xatirələri heç nə ilə əvəz olunmur. Ağdamın gələcəyi ilə bağlı görülən işlər ölkəmizin gücünü və inkişaf imkanlarını göstərir. Bu şəhər yaxın gələcəkdə Qarabağın ən böyük və müasir yaşayış mərkəzlərindən birinə çevriləcək. Burada yeni iş yerləri açılacaq, iqtisadi imkanlar genişlənəcək, təhsil və mədəniyyət sahələri inkişaf edəcək. Ağdam yenidən öz əvvəlki şöhrətini qazanacaq. Ağdam Şəhər Günü həm də gənc nəslə tariximizi düzgün çatdırmaq baxımından əhəmiyyətlidir. Gənclərimiz bilməlidirlər ki, bu torpaqlar hansı çətinliklərdən sonra azad olunub. Onlar Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını unutmamalı, qazilərimizin fədakarlığını daim yüksək qiymətləndirməlidirlər. Çünki bu gün Ağdamda aparılan quruculuq işləri həmin qəhrəmanlığın və qazanılan Zəfərin nəticəsidir. Biz Ağdamın timsalında Azərbaycanın gücünü, xalqımızın iradəsini və birliyini görürük. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Qarabağın yeni inkişaf dövrünün əsasını qoyur. Bu gün Ağdam təkcə keçmişin xatirəsi deyil, həm də Azərbaycanın gələcəyə inamının rəmzidir. Sonda qeyd etmək istəyirəm ki, Ağdam Şəhər Günü hər bir azərbaycanlı üçün qürur və sevinc günüdür. Bu gün biz həm keçmişimizi xatırlayır, həm şəhidlərimizin əziz xatirəsini yad edir, həm də gələcəyə böyük ümidlə baxırıq. Əminik ki, Ağdam gündən-günə daha da gözəlləşəcək, abadlaşacaq və yenidən insanların xoşbəxt yaşadığı bir şəhərə çevriləcək. Ağdam bizim tariximiz, qürurumuz və milli yaddaşımızdır. Ağdamın hər küçəsində, hər daşında bir tarix yaşayır. Bu tarixi qorumaq, şəhərimizi inkişaf etdirmək və gələcək nəsillərə daha gözəl Ağdam bəxş etmək hər birimizin borcudur.

Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər