PDF Oxu

Siyasət

  • 1 074

Ağdam şəhəri günü: strateji hədəflərdən real nəticələrə

Ağdam şəhəri günü: strateji hədəflərdən real nəticələrə

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri Ağdamın gələcəyinə dair dövlət siyasətinin mahiyyətini, xalqımızın doğma torpaqlarına qayıtmaq əzmini və Azərbaycanın quruculuq iradəsini ifadə edir. 20 Noyabr – Ağdam şəhəri günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də tarixi ədalətin bərpasının, milli birliyin və Böyük Qayıdış strategiyasının mühüm rəmzidir. Qədim tarixi, zəngin mədəni irsi və strateji coğrafi mövqeyi ilə seçilən Ağdam Qarabağın mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biridir.

1930-cu ildə rayon statusu alan Ağdamın tarixi minilliklərin dərinliklərinə gedib çıxır. Ötən əsrin 50-ci illərindən etibarən aparılan arxeoloji tədqiqatlar ərazidə qədim yaşayış məskənlərinin mövcudluğunu üzə çıxarıb. Xüsusilə Üzərriktəpə yaşayış məskənində aşkarlanan maddi-mədəniyyət nümunələri burada qədim şəhər mədəniyyətinin, əkinçilik və maldarlığın inkişaf etdiyini təsdiqləyir. Belə zəngin tarixi və mədəni irsə sahib olan Ağdamın Ermənistanın hərbi təcavüzünə məruz qalması, işğal edilməsi və uzun illər xarabalığa çevrilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb.
1993-cü il iyulun 23-də 42 gün davam edən ağır döyüşlərdən sonra Ağdam rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1094 kvadratkilometr ərazisi olan rayonun 882 kvadratkilometri, Ağdam şəhəri və 90 kəndi düşmən nəzarətinə keçdi. Nəticədə 128 minə yaxın insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal Ağdamın yalnız ərazi bütövlüyünə deyil, onun iqtisadi, sosial və mədəni həyatına da ağır zərbə vurdu. Sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil və səhiyyə ocaqları, yaşayış binaları və tarixi-memarlıq abidələri dağıdıldı, talan edildi. Dünyada nadir mədəniyyət ocaqlarından biri olan Çörək muzeyinin məhv edilməsi, dini və tarixi abidələrin təhqir olunması erməni vandalizminin miqyasını açıq şəkildə göstərirdi. Ağdamın sonradan “Qafqazın Xirosiması” adlandırılması şəhərin üzləşdiyi fəlakətin miqyasını ifadə edirdi. İşğal dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadı. Yaşayış məntəqələrinin dağıdılması, tarixi-mədəni irsin talan edilməsi, coğrafi adların dəyişdirilməsi və azərbaycanlı əhalinin doğma torpaqlarından qovulması işğal siyasətinin ağır humanitar nəticələrini ortaya qoyurdu. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin Ermənistan uzun illər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmədi. Bu vəziyyət beynəlxalq hüququn icrasında mövcud olan ikili standartları və beynəlxalq mexanizmlərin səmərəsizliyini bir daha göstərirdi.Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədindən geri çəkilmədi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti möhkəmləndirildi. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməklə yanaşı, tarixi ədalətin bərpası üçün zəruri siyasi, diplomatik və hərbi potensial formalaşdırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında saxlanılan ərazilərindən çıxmalı idi. Beləliklə, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi və onun 27 illik işğalına son qoyuldu. Bu hadisə hərbi Qələbəmizin mühüm siyasi-diplomatik nəticəsi olmaqla yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzminin təzahürü idi.
Prezident İlham Əliyevin noyabrın 23-də Ağdam şəhərinə səfəri, burada Dövlət Bayrağını ucaltması və dağıdılmış Cümə məscidini ziyarət etməsi tarixi hadisə kimi yadda qaldı. Bu səfər azad edilmiş şəhərdə quruculuq mərhələsinin başlanğıcını, eyni zamanda Azərbaycanın tarixi-mədəni irsinə və milli-mənəvi dəyərlərinə bağlılığını nümayiş etdirirdi. Ağdamın azad olunmasında iştirak edən hərbçilərin xidmətlərinin yüksək qiymətləndirilməsi də dövlətin Vətən qarşısında borcunu yerinə yetirən insanlara verdiyi dəyərin göstəricisidir. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi, dövlət başçısının sərəncamları ilə 5790 hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabrın Ağdam şəhəri günü kimi müəyyən edilməsi isə tarixi yaddaşın qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addım oldu.
Bu gün Ağdamın qarşısında duran əsas vəzifə şəhərin tarixi simasının, iqtisadi potensialının və mədəni həyatının bərpasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və rayonun kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. 2022-ci il avqustun 16-da təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu işlərin sistemli və uzunmüddətli əsaslarını müəyyən edir. Baş plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur, beş yaşayış məhəlləsinin yaradılması, sosial və iqtisadi infrastrukturun inkişafı nəzərdə tutulur. 2040-cı ilədək şəhər əhalisinin 100 min nəfərə çatdırılması planlaşdırılır. Ağdamın bərpası yalnız dağıdılmış binaların yenidən inşası demək deyil. Burada müasir şəhər mühiti, dayanıqlı iqtisadi sistem, əlverişli nəqliyyat infrastrukturu və sakinlərin rahat yaşayışını təmin edən sosial xidmətlər formalaşdırılır. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də Ağdama səfəri zamanı şəhərin bərpasının təməl daşının qoyulması, Sənaye Parkının, yaşayış binalarının, Zəfər və İşğal muzeylərinin təməlinin atılması bu yeni mərhələnin başlanğıcı oldu. Sonrakı illərdə həyata keçirilən layihələr isə quruculuq prosesinin ardıcıl və kompleks xarakter daşıdığını göstərdi.
Ağdamın iqtisadi dirçəlişində sənaye sektorunun inkişafı xüsusi yer tutur. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, sahibkarlığı və yerli istehsalı inkişaf etdirmək, yeni iş yerləri yaratmaqdır. 2026-cı ilin avqustunda açıqlanan rəsmi məlumatlara əsasən, parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisə üzrə isə layihələndirmə işləri aparılır. Sahibkarların investisiyaları 177 milyon manatı ötüb, 1230 daimi iş yeri yaradılıb. Bu göstəricilər Ağdamın Qarabağın mühüm sənaye və istehsal mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan addımların miqyasını ortaya qoyur. Nəqliyyat infrastrukturunun yenilənməsi də şəhərin iqtisadi inteqrasiyasını sürətləndirən mühüm amildir. 2025-ci il mayın 10-da istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi rayonun digər bölgələrlə əlaqələrini genişləndirir. Bərdə-Ağdam dəmir yolu xəttinin və avtomobil yollarının inkişafı sərnişin və yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, bölgənin investisiya və iqtisadi cəlbediciliyini də gücləndirir.
Ağdamın dirçəlişində milli-mədəni irsin bərpası da xüsusi yer tutur. 2025-ci il mayın 10-da açılışı olan Ağdam Muğam Mərkəzi Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması, muğam sənətinin tədrisi və təbliği baxımından əhəmiyyətlidir. 474 yerlik konsert zalı, dərs otaqları, sərgi və iclas zalları, açıq amfiteatrı ilə mərkəz şəhərin mədəni həyatının canlanmasına xidmət edir. Ağdam Cümə məscidinin, İmarət kompleksinin və digər tarixi abidələrin bərpası xalqımızın çoxəsrlik tarixinin və mənəvi irsinin qorunmasına yönəlmiş siyasətin tərkib hissəsidir. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi, Şahbulaq qalası və digər tarixi məkanların turizm potensialı şəhərin gələcəkdə mədəni turizm mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaradır.
Böyük Qayıdışın ən mühüm nəticəsi doğma torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmasıdır. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə – 8300 nəfər doğma yurduna qayıdıb. Bu rəqəmlərin arxasında illərlə davam edən yurd həsrəti, ailələrin öz evlərinə qovuşması və doğma torpaqda yeni həyatın başlanması dayanır. Ağdamda yenidən yanan ev işıqları Böyük Qayıdışın ən təsirli mənzərəsidir.
2026-cı il noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, ortopedik döşək istehsalı müəssisəsinin və Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışı, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlıq bölgənin iqtisadi həyatında baş verən dəyişikliklərin növbəti nümunəsi oldu. Bu layihələr istehsal imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması və sakinlərin sosial rifahının yüksəldilməsi baxımından əhəmiyyətlidir.
Ağdamın timsalında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasətin əsas istiqamətləri aydın görünür. Söhbət yalnız dağıdılmış şəhər və kəndlərin bərpasından getmir. Burada suverenliyin möhkəmləndirilməsi, iqtisadi potensialın hərəkətə gətirilməsi, tarixi-mədəni irsin qorunması, yeni iş yerlərinin yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı vahid inkişaf strategiyasının tərkib hissələri kimi həyata keçirilir. Bu baxımdan Ağdamın yenidən qurulması Azərbaycanın hərbi Qələbədən sonra sülhə, təhlükəsizliyə və regional inkişafa əsaslanan yeni reallıqlar formalaşdırmaq siyasətinin də mühüm nümunəsidir.
Bu gün Ağdamın simasında işğalın yaratdığı dağıntılarla müstəqil Azərbaycanın quruculuq əzmi arasındakı fərq aydın görünür. Bir zamanlar xarabalığa çevrilmiş şəhərdə yeni yaşayış məhəllələri salınır, istehsal müəssisələri açılır, mədəniyyət ocaqları fəaliyyətə başlayır, müasir infrastruktur qurulur, sakinlər doğma evlərinə qayıdırlar. Bu dəyişikliklər Azərbaycanın Qələbədən sonra qarşıya qoyduğu hədəfləri real nəticələrə çevirmək gücünü nümayiş etdirir.
20 Noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında işğalın sona çatdığı, tarixi ədalətin bərpa olunduğu və yeni quruculuq mərhələsinin başlandığı gün kimi yaşayır. Ağdamın dirçəlişi güclü dövlətin, milli birliyin və siyasi iradənin təntənəsidir. Prezident İlham Əliyevin şəhərin və bütün kəndlərinin bərpası ilə bağlı verdiyi vədin bu gün konkret layihələr, yeni müəssisələr, müasir infrastruktur və doğma torpaqlarına qayıdan sakinlər vasitəsilə gerçəkləşməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisədir. Ağdam artıq təkcə işğalın ağrı-acısını xatırladan şəhər deyil, Zəfərin quruculuq salnaməsini yazan, Qarabağın gələcəyinə istiqamət verən müasir inkişaf mərkəzidir.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər