Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən “Veteranlarımız” layihəsi çərçivəsində yubilyar partiya veteranları və ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiya veteranlarını doğum günü münasibətilə təbrik edib. Sədr bildirib ki, onlar Ulu Öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə və partiyaya sədaqətlərini əməli işləri ilə təsdiq ediblər.
Sədr həmçinin qeyd edib ki, partiya veteranlarının uzunillik fəaliyyəti və zəngin təcrübəsi gənc nəsil üçün örnəkdir. Onların Yeni Azərbaycan Partiyasının inkişafına verdikləri töhfələr hər zaman yüksək qiymətləndirilir.
70 yaşı tamam olan Paşayev Nazim Paşa oğlu, 60 yaşı tamam olan Şəhid atası Babayev Sarıbala Salman oğlu və başqaları çıxışlarında fəxrlə bildiriblər ki, Yeni Azərbaycan Partiyasının ailəsinə mənsub olmaq hər bir üzv üçün böyük şərəf, qürur və məsuliyyət mənbəyidir. Onlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və sarsılmaz siyasi iradəsi sayəsində xalqımızın qazandığı tarixi Zəfərlərin, ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətlərin hər bir azərbaycanlının qəlbində sonsuz iftixar və fəxarət hissi yaratdığını xüsusi vurğulayıblar.
Seyfəddin Əliyev yubilyarlara rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.