Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və mühüm iqtisadi potensiala malik şəhərlərindən biridir. XVIII əsrdə Qarabağ xanlığının təşəkkülü və inkişafı ilə sıx bağlı olan Ağdam uzun illər ərzində bölgənin ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlı İmarət kompleksi, Cümə məscidi, Şahbulaq qalası və digər tarixi-memarlıq nümunələri şəhərin zəngin keçmişinin mühüm səhifələridir. Əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı, sənaye və ticarət imkanları Ağdamı Qarabağın əhəmiyyətli yaşayış və təsərrüfat mərkəzlərindən birinə çevirmişdi. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində şəhər 23 iyul 1993-cü ildə işğal olundu, əhalisi doğma yurdlarından didərgin düşdü, yaşayış evləri, tarixi abidələr və infrastruktur dağıntılara məruz qaldı. İşğal dövründə Ağdamın üzləşdiyi dağıntılar şəhərin tarixi-mədəni irsinə və iqtisadi həyatına ağır zərbə vurdu.
Ağdamın taleyində dönüş nöqtəsi 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu həmin il noyabrın 20-də Azərbaycana qaytarıldı. Şəhərin hərbi əməliyyatlar aparılmadan Azərbaycana təhvil verilməsi Vətən müharibəsində qazanılmış qələbənin siyasi-diplomatik nəticələrindən biri idi. Prezident İlham Əliyev 23 noyabr 2020-ci ildə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər edərək şəhərdə Azərbaycan Bayrağını ucaltdı, dağıdılmış Cümə məscidini ziyarət etdi və qarşıda duran bərpa işlərinin əsas istiqamətləri ilə bağlı mövqeyini nümayiş etdirdi. Dövlət başçısının həmin səfəri Ağdamın yenidən qurulması prosesinin başlanğıc mərhələsi kimi yadda qaldı. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Beləliklə, bu tarix şəhərin azad olunmasının və doğma yurda qayıdışın rəmzinə çevrildi.
İşğaldan azad olunduqdan sonra Ağdamın yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 28 may 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin Baş planı təqdim olundu, şəhərin bərpasının təməli qoyuldu, ilk yaşayış binasının və digər mühüm infrastruktur obyektlərinin tikintisinə başlanıldı. Baş planda müasir şəhərsalma prinsipləri, yaşayış məhəllələri, ictimai məkanlar, yaşıllıq zonaları və sosial infrastruktur vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdə tutuldu. Eyni səfər zamanı Ağdam Sənaye Parkının, yeni məktəb binasının, Zəfər Muzeyinin və açıq səma altında İşğal Muzeyinin təməlqoyma mərasimləri də keçirildi.
Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri, görülən işlərlə yerində tanışlığı və verdiyi tapşırıqlar şəhərin yenidən qurulmasının mərhələli şəkildə həyata keçirilməsinə xidmət edir.
Ağdamın dirçəlişində nəqliyyat və kommunal infrastrukturun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bərdə–Ağdam avtomobil yolunun təməli 28 may 2021-ci ildə qoyulub, uzunluğu 44,5 kilometr olan dördzolaqlı yol isə 24 dekabr 2023-cü ildə istifadəyə verilib. Bu magistral Ağdamın digər bölgələrlə əlaqəsini gücləndirməklə yanaşı, ərazidə aparılan tikinti və iqtisadi fəaliyyət üçün də mühüm imkanlar yaradır. 10 may 2025-ci ildə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı bölgənin nəqliyyat sistemində yeni mərhələnin əsasını qoydu. Bərdə–Ağdam–Xankəndi istiqamətində dəmir yolu bağlantısının inkişafı da geniş nəqliyyat strategiyasının tərkib hissəsidir. Eyni zamanda, 24 dekabr 2023-cü ildə Xaçınçay su anbarı təmir-bərpa işlərindən sonra istifadəyə verildi. Tutumu 23 milyon kubmetr, bəndinin hündürlüyü 44 metr, uzunluğu 940 metr olan su anbarının bərpası əkin sahələrinin su təminatı və kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihələr Ağdamın həm şəhər, həm də rayon miqyasında iqtisadi potensialının yenidən formalaşmasına şərait yaradır.
Ağdamın iqtisadi dirçəlişi yalnız yaşayış və yol infrastrukturunun qurulması ilə məhdudlaşmır. Sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı da dövlət proqramlarının əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradıldı. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını hərəkətə gətirmək, sahibkarlığı dəstəkləmək, istehsal müəssisələri yaratmaq və yeni iş yerlərinin açılmasına şərait yaratmaqdır. 7 noyabr 2026-cı ildə Prezident sənaye parkında metal məmulatları və ortopedik döşək istehsalı müəssisələrinin açılışında iştirak etdi. Həmin səfər çərçivəsində Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə də tanış oldu. Rəsmi məlumata əsasən, burada 1150 hektar ərazidə zeytun bağı salınıb və 700 mindən çox ağac əkilib. Gələcəkdə zeytun və badam ağaclarının ümumi sayının 1 milyon 500 minə çatdırılması nəzərdə tutulur. Bu layihələr Ağdamın sənaye və aqrar istehsal mərkəzi kimi inkişaf perspektivlərini genişləndirir.
Ağdamın yenidən qurulmasında tarixi-mədəni irsin qorunması və sosial-mədəni həyatın bərpası da mühüm yer tutur. Uzun illər işğal altında qalan, erməni vandalizminə məruz qalan İmarət kompleksi bərpa olunduqdan sonra 19 sentyabr 2024-cü ildə açıldı. 20 fevral 2025-ci ildə Prezident İlham Əliyev “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Sərəncam imzaladı. Bu qərar Qarabağ xanlığının tarixinin, Pənahəli xanın irsinin və bölgənin mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 10 may 2025-ci ildə açılışı keçirilən Ağdam Muğam Mərkəzi isə şəhərin mədəni həyatına yeni məzmun qazandıran mühüm layihələrdəndir. Mərkəzdə 474 yerlik konsert zalı, 15 dərs otağı və 615 tamaşaçı tutumuna malik açıq amfiteatr yaradılıb. Ağdam Cümə məscidinin və Qiyaslı məscidinin bərpası da şəhərin dini-mənəvi irsinin dirçəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Eyni zamanda, Ağdamda Zəfər Muzeyi və İşğal Muzeyinin yaradılması şəhərin yaşadığı tarixi hadisələrin, xalqımızın mübarizə əzminin və əldə etdiyi qələbənin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Ağdamın gələcəyini müəyyən edən əsas istiqamətlərdən biri doğma yurdlarına qayıdan sakinlərin təhlükəsiz və rahat yaşayışının təmin edilməsidir. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə yaşayış binaları, məktəblər, səhiyyə müəssisələri, ictimai məkanlar və digər sosial obyektlər inşa olunur. 24 dekabr 2025-ci ildə Ağdam şəhərində ikinci yaşayış kompleksinin açılışı zamanı kompleksin 13 hektardan çox ərazini əhatə etdiyi, 11 məhəllədən və 60 yaşayış binasından ibarət olduğu bildirildi. Burada ümumilikdə 1268 mənzil inşa edilib. Təhsil sahəsində də mühüm layihələr həyata keçirilir. Qarabağın ən qədim təhsil ocaqlarından biri olan Ağdam şəhər 1 nömrəli tam orta məktəbin yeni binasının inşası şəhərin təhsil həyatının bərpasına xidmət edən mühüm addımlardandır. Səhiyyə infrastrukturunun qurulması da diqqət mərkəzindədir. 7 noyabr 2026-cı ildə Prezident İlham Əliyev 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış oldu. Bu layihələrin hər biri Ağdamda müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına yönəlib.
Ağdam bu gün yalnız dağıdılmış şəhərin yenidən qurulması nümunəsi deyil, həm də Qarabağda yeni həyatın, iqtisadi fəallığın və tarixi-mədəni irsin bərpasının mühüm mərkəzlərindən biridir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən şəhərdə indi yeni yaşayış məhəllələri salınır, istehsal müəssisələri yaradılır, yollar və kommunikasiyalar qurulur, məktəblər, mədəniyyət və səhiyyə obyektləri inşa edilir. Ən mühüm nəticə isə insanların doğma torpaqlarına qayıtması, burada yenidən ailə həyatı qurması, işləməsi və gələcək planlarını həyata keçirməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti Ağdamın tarixi simasının qorunması ilə yanaşı, müasir şəhər kimi inkişafını da hədəfləyir. Ağdamın dirçəlişi Zəfərimizin quruculuq mərhələsinin, dövlətin bərpa siyasətinin və doğma yurda qayıdışın real təzahürüdür.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri