PDF Oxu

Siyasət

  • 387

Milli iradənin, siyasi uzaqgörənliyin təzahür tarixi - ŞƏRH

Milli iradənin, siyasi uzaqgörənliyin təzahür tarixi - ŞƏRH

Azərbaycanın inkişaf etməkdə olan müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün reallıqları ilə deyil, sonrakı onilliklərdə belə ölkənin inkişafına göstərdiyi təsirlərlə ölçülür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdəndir. Bu tarix Azərbaycan xalqının mürəkkəb ictimai-siyasi şəraitdə milli maraqlar ətrafında birləşmək, dövlət müstəqilliyini qorumaq və gələcəyə inamla addımlamaq iradəsinin siyasi ifadəsi kimi tarixə qızıl hərflərlə yazılmışdır.

Hələ 1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb və məsuliyyətli bir mərhələ idi. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üzləşmiş, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, idarəetmədə yaranmış ciddi problemlər və siyasi qarşıdurmalar, daxili çəkişmələr dövlətçiliyimizi ciddi sınaq qarşısında qoymuşdur. Cəmiyyətdə nisbi sabitliyə, milli birliyə, peşəkar idarəetməyə və xalqın etimadını qazana biləcək, ölkəni dirçəltmək ruhu olan siyasi liderə böyük ehtiyac yaranmışdı.
Belə bir şəraitdə Azərbaycanın taleyinə biganə yanaşmayan ziyalılar ölkənin gələcək inkişafı naminə məsuliyyətli bir təşəbbüslə çıxış etdilər. 1992-ci il oktyabrın 16-sı tarixində 91 nəfər tanınmış ziyalı tərəfindən Ulu Öndər Heydər Əliyevə ünvanlanmış və “Azərbaycan Sizin sözünüzü gözləyir” adlanan müraciət həmin dövrün ictimai-siyasi düşüncəsinin mühüm ifadəsinə çevrilmişdi. Oktyabr ayının 24-də Heydər Əliyev ona ünvanlanmış bu müraciətə verdiyi cavabda Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv tarixi zərurətdən doğduğunu vurğulamışdı. Bu yanaşma prinsipi yeni siyasi təşkilatın yaranmasının təsadüfi təşəbbüs deyil, məhz ölkənin taleyindən irəli gələn ictimai tələbat olduğunu göstərirdi.
Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında 1992-ci il noyabrın 21-i tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı fəaliyyətə başladı. Azərbaycanın müxtəlif bölgələrini təmsil etmiş 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə baş tutan konfrans ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və partiyanın Proqramı və Nizamnaməsi təsdiq olundu.Bu prosesdən sonra önəmli bir hadisə baş tutdu və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, onun rəhbər orqanları formalaşdırıldı. Bu önəmli hadisənin tarixi əhəmiyyəti yalnız yeni siyasi partiyanın təsis olunması ilə məhdudlaşmırdı. Əslində, müxtəlif bölgələrdən, fərqli peşə və ictimai fəaliyyət sahələrindən olan insanların vahid məqsəd ətrafında birləşməsi milli həmrəyliyin real siyasi təzahürü kimi formalaşdı.
Təsis konfransının keçirildiyi dövrdə mövcud olan çətinliklər, məhdud imkanlar və mövcud siyasi maneələr bu təşəbbüsün arxasında dayanan iradənin gücünü daha aydın nümayiş etdirirdi. Naxçıvanda baş tutan həmin toplantı göstərdi ki, dövlətçilik naminə birləşən insanların siyasi iradəsi hər cür çətinlikdən daha güclüdür. Yeni Azərbaycan Partiyasının yaranmasını Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsindən, siyasi müdrikliyindən və xalq arasında qazandığı böyük nüfuzdan ayrı təsəvvür etmək mümkün deyil.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, idarəçilik bacarığı və Azərbaycanın milli maraqlarına əsaslanan mövqeyi həmin dövrdə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən mühüm amilə çevrilmişdi. Onun partiyanın sədri seçilməsi yalnız təşkilati qərardan ibarət deyildi, həm də xalqın gələcəyə dair ümidlərinin və siyasi etimadının ifadəsi idi.
Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanaraq ölkənin ictimai-siyasi həyatında aparıcı mövqelərdən birini qazandı. 1992-ci il dekabrın 18-də partiyanın dövlət qeydiyyatına alınması onun siyasi təşkilat kimi fəaliyyətinin hüquqi əsasını möhkəmləndirdi. Ulu Öndərin siyasi fəlsəfəsinin əsasını milli maraqlara sədaqət, dövlət müstəqilliyinin qorunması, sabitlik, inkişaf, qanunun aliliyi və xalqla hakimiyyət arasında etimadın möhkəmləndirilməsi təşkil edirdi. Bu prinsiplər partiyanın ideoloji və təşkilati inkişafının əsas istiqamətlərinə çevrilmişdi.
Yeni Azərbaycan Partiyasının siyasi tarixində mühüm mərhələlərdən biri də Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə partiyanın fəaliyyəti yeni çağırışlara uyğun inkişaf etmiş, təşkilati strukturu və ictimai-siyasi fəaliyyəti genişlənmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi, iqtisadi inkişafı, sosial rifahın yüksəldilməsi və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasət ölkənin müasir inkişaf mərhələsinin əsas xüsusiyyətlərini təşkil edir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Bu nəticə xalqın, dövlətin və ordunun birliyinin, milli iradənin və güclü dövlətçilik mövqeyinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu gün Yeni Azərbaycan Partiyasının tarixi missiyasından danışarkən yalnız onun yaranma şəraitini deyil, qarşıya qoyulan məqsədlərin müasir dövrdə daşıdığı məsuliyyəti də nəzərə almaq vacibdir. Siyasi təşkilatın gücü onun tarixi ilə yanaşı, cəmiyyət qarşısında daşıdığı məsuliyyət, dövlətçilik maraqlarına münasibəti və gələcək nəsillər üçün formalaşdırdığı siyasi dəyərlərlə müəyyən olunur.
21 noyabr 1992-ci il Azərbaycan tarixində sadəcə bir təsis konfransının keçirildiyi tarix deyil. Bu gün xalqın çətin sınaqlar qarşısında milli birliyə, siyasi uzaqgörənliyə və güclü dövlətçilik ideyasına verdiyi dəyərin rəmzidir. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətin, ziyalı məsuliyyətinin və liderə olan ictimai etimadın bir araya gəldiyi mühüm siyasi hadisə kimi özünəməxsus yer tutur. Bu tarix bizə göstərir ki, dövlətçilik yalnız siyasi institutların mövcudluğu ilə deyil, milli maraqları üstün tutan düşüncə, məsuliyyətli mövqe və ümumi məqsəd ətrafında birləşmək bacarığı ilə möhkəmlənir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının siyasi tariximizdə qazandığı mövqe onun keçmişdən gələn təcrübəsini, bu gün daşıdığı məsuliyyəti və gələcəyə yönəlmiş hədəflərini özündə birləşdirir.

Məmmədova Gülnarə Qəşəm qızı

Nərimanov rayonu 305 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Nərimanov rayon üzrə ƏPT sədri

Digər xəbərlər