PDF Oxu

Siyasət

  • 16

Ölkəmizdə sosialyönümlü layihələr uğurla həyata keçirilir

Ölkəmizdə sosialyönümlü layihələr uğurla həyata keçirilir

Yola saldığımız hər il həyatımızın bütün sahələrində uğurlu il kimi müşahidə edilir. Bu baxımdan da, uğurla yola saldığımız 2010-cu il də məhsuldar illərdən olub. Belə ki, 2010-cu il ilk başladığı gündən sonuncu ayına kimi ölkəmizin hər bir yerində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılmış, yeni iş yerlərinin açılışı ilə yaddaqalan olub. Bütün bunlar isə ölkə Prezidenti İlham Əliyev tərəfindən yeridilən düzgün sosial-iqtisadi siyasətin, həyata keçirilən mühüm layihələrin məntiqi nəticəsidir.
Xüsusilə də, ölkəmiz 2010-cu ildə sosial-iqtisadi inkişaf təmayülünü qorumağa və möhkəmləndirməyə müvəffəq olub. Daha dəqiq desək, ölkəmizdə ötən il həyatın bütün sahələrində qarşıya qoyulan vəzifələr uğurla reallaşıb. Dövlət başçımız cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2010-cu ildə böyük uğurlar, nailiyyətlər əldə edib: "Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir. Bir sözlə, 2010-cu ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirilmişdir". Ümumilikdə, 2010-cu ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşdirilməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətli inkişafına nail olunması ilə yadda qalıb. Bununla da ölkəmiz islahatçı dövlət kimi öz nüfuzunu, reytinqini bir qədər də möhkəmləndirib. Qeyd edək ki, 2010-cu ildə ölkədə sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb - 1,4 min sahibkara 113 milyon manat güzəştli kredit verilib. Bu, özəl bölmənin tərəqqisinə, eyni zamanda, yeni iş yerlərinin yaranmasına öz müsbət təsirini göstərib. Təkcə son yeddi ildə Azərbaycanda 900 minə yaxın iş yeri açılıb ki, bunun da 600 mini daimidir.
Digər bir məqam isə, 2010-cu ilin 11 ayı ərzində ÜDM-in artımının 4,5 faiz təşkil etməsidir. Bu, isə, Avropanın bir sıra ölkələrində və ABŞ-da olduğundan çoxdur. Fərəhli haldır ki, qeyri-neft sektorunda ÜDM-in artımı 5,9 faiz olduğu halda, bu artım neft sektorunda 2,6 faiz təşkil etmişdir. Belə vəziyyət, eyni zamanda, onu göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin uğurları getdikcə artır.

Düzgün sosial-iqtisadi siyasət

Ümumiyyətlə, böyük inamla demək olar ki, təkcə 2010-cu ildə deyil, ötən son 7 ilin hər birində həyatın bütün sahələrində dinamik inkişaf nəzərə çarpmışdır. Bu da yuxarıda göstərdiyimiz kimi cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin ilk günlərindən başlayaraq, ölkədə düzgün sosial-iqtisadi siyasətin yerinə yetirildiyindən xəbər verir. Onu da xatırladaq ki, infrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artırılması cənab İlham Əliyevin bu məsələyə necə böyük önəm verdiyinin göstəricisidir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi 600 milyon manat təşkil edirdisə, 2007-ci ildə bu rəqəm 1,5 milyarda, 2008-ci ildə 4,3 milyarda, 2009-cu ildə 5,6 milyarda, 2010-cu ildə isə 4,1 milyard manata çatdırılmışdır. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiyayönümlü olduğunu bir daha təsdiqləyir.
Ən əsası isə, Azərbaycan 2010-cu ildə iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlar daha yaddaqalan olmaqla yanaşı, iqtisadi qüdrəti ilbəil artır. Bu da ölkəmizdə nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsinə, mühüm infrastruktur layihələrinin gerçəkləşdirilməsinə imkan yaradır. Xüsusilə də, paytaxt Bakıda, eləcə də, regionlarda yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir, ən müasir standartlara cavab verən sosial obyektlər inşa olunur. Bu, baxımdan yola saldığımız 2010-cu il də ölkəmiz, xalqımız üçün son dərəcə əlamətdar olmuşdur. Belə ki, ötən ilin son günlərində paytaxt sakinləri üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi yaddaşlarda qalacaqdır. Bu tarixi hadisədə iştirak edən dövlətimizin başçısı İlham Əliyev bu məsələyə toxunarkən demişdir: "Biz müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir".
Xatırladaq ki, 2002-ci ilin dekabr ayında keçirilmiş müşavirədə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazisində yerləşən su mənbələrindən paytaxta içməli suyun gətirilməsi məqsədilə yeni kəmərin çəkilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 2005-ci ilin sentyabrın 1-də ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə ölkəmizdə su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirədə Bakı şəhərinin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə Oğuz və Qəbələ rayonlarının ərazisindən Bakı şəhərinə məhsuldarlığı saniyədə 5 kubmetr olan su kəmərinin çəkilməsinə dair tapşırıqlar vermişdir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi, heç şübhəsiz, ölkəmizin iqtisadi gücünün təntənəsidir. Məlum olduğu kimi, Azərbaycanda 16 ildən artıqdır ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla həyata keçirilir. Bu strategiyanın uğurları ölkəmizi gücləndirir, onun iqtisadi qüdrətini artırır. İqtisadiyyatımızın güclənməsi isə, öz növbəsində, Azərbaycanda son dərəcə uğurlu sosial siyasət yeritməyə imkan yaradır. Təsadüfi deyil ki, son illər neft gəlirləri hesabına ölkəmizdə yeni-yeni sosial obyektlər tikilib xalqın istifadəsinə verilir. Elə Oğuz-Qəbələ-Bakı su kəməri də Azərbaycanda həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir. Kəmərin istifadəyə verilməsi mərasimində dövlət başçısı İlham Əliyev bu barədə demişdir: "Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir".
Bu nəhəng layihənin reallaşdırılması bir daha göstərdi ki, artıq Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş güclü, qüdrətli bir dövlətdir. Yəni ölkəmiz istənilən belə taleyüklü ümummilli nəhəng layihələri öz gücünə, heç bir dövlətin yardımı olmadan belə həyata keçirmək qüdrətinə malikdir.

Digər xəbərlər