PDF Oxu

Siyasət

  • 13

Müdafiə sənayemiz daxili tələbatı ödəyir

Müdafiə sənayemiz daxili tələbatı ödəyir

Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin, ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır. 2010-cu il isə hərbi-sənayemizin inkişafı baxımından ən yaxşı il olub.

Silahlı Qüvvələrin təchizatı daxili imkanlar hesabına ödənilir

Müdafiə Sənayesi Nazirliyindən "Səs"ə verilən məlumata görə, Azərbaycanın müdafiə sənayesi müəssisələrində müdafiə təyinatlı məhsulların istehsalında 2006-cı illə müqayisədə 115 dəfə, 2009-cu illə müqayisədə isə 3,6 dəfə artım olub. Sovet dövründən qalmış zavodlar rekonstruksiya olunaraq, 31 istehsalat sahəsi yaradılıb. Hazırda həmin istehsal sahələrində müxtəlif kalibrli atıcı silahlar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən "Zəfər" və "Zəfər-K", "İnam" adlı tapançalar istehsal olunur.
Beləliklə, artıq inamla deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatları ilə təchizatında xarici ölkələrdən asılılıq aradan qalxıb. Müdafiə sənayesi naziri Yavər Camalov "Səs"ə bildirib ki, artıq Silahlı Qüvvələrin tələb etdiyi bütün döyüş sursatları MSN-in müəssisələrində istehsal olunur: "Hazırda zirehli texnikalar sahəsində asılılığı aradan qaldırmağa çalışırıq. Eyni zamanda, döyüş texnikaları üzərində müasir tələblərə cavab verən silahlanma sistemləri qururuq"
Məlum olduğu kimi, Azərbaycanda sənayenin yeni bir sahəsi- müdafiə sənayesinin inkişafı böyük sürətlə aparılır. Son illərdə ölkədə bir neçə hərbi zavod açılıb, müxtəlif təyinatlı müasir texniki vəsaitlər istehsal olunub. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı vardır.
Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan bu müəssisələr sənayenin inkişafında, həmçinin, ölkəmizin daha etibarlı şəkildə qorunmasında zəruri rol oynayır.

Hərbi-sənaye müəssisələrində 600 adda məmulat istehsal edilir

Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün nazirliyin müəssisələrində xeyli sayda istehsal sahələri formalaşdırılıb.
Onlar sırasında "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Elektron Hesablayıcı Maşınlar" zavodu, Gəncə "Maşınqayırma zavodu", Tərtər "Elektromexanika"zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Radioquraşdırma" zavodu, "Araz" zavodu, "Telemexanika" zavodu, Bakı "Cihazqayırma" zavodu, "Azon" zavodu, "Alov" zavodu və digərlərinin adlarını qeyd etmək olar. Ümumilikdə bu müəssisələrdə 600-ə yaxın adda məmulat istehsal edilir ki, bunun da yarıdan çoxu müdafiə təyinatlı məmulatlardır.
Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə, görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artıracaq. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi vertolyotların istehsalı planlaşdırılır

Son illərdə Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də, dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur. Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq belə maşınlar istehsalı həyata keçirilir.
"Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.
Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin, müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.
Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.

Digər xəbərlər