Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34 illiyinə həsr olunmuş “Güclü dövlət və milli maraqlar naminə” mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
Konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov giriş nitqi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının 34 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edərək, Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin ictimai-siyasi həyatında mühümtarixi hadisə olduğunu vurğulayıb. Qeyd edib ki Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ötən 34 il ərzində böyük inkişaf yolu keçərək güclü siyasi təşkilata çevrilib və bu gün Möhtərəm Prezident Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına mühüm töhfələr verir.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev geniş məruzə ilə çıxış edərək, yarandığı gündən xalqın inam və etimad ünvanına, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan və gəlcək hədəflərdən danışıb, bütün mənalı ömrünü xalqına həsr etmiş, bu günümüzə çatmağımız üçün sönməz mayak olan, Müstəqil Azərbaycan Respublikasının qurucusu və Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb. Təşkilat sədri 34 il ərzində Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə birbaşa bağlı olduğunu, Vətən müharibəsində əldə edilən Şanlı Zəfərdən sonra ölkədə aparılan islahatlar fonunda 2 oktyabr 2026-cı ildə YAP-ın VIII Qurultayının keçirilməsinin siyasi həyatımızda yeni bir strategiyanın təməlini qoyaraq, demokratik ənənələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Tədbirdə çıxış edən natiqlərdən Partiya veteranı Mətləb Hüseynov, Aytən Əliyeva və digərləri Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə, dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib və bu nailiyyətlərin əsasını xalqa xidmət prinsipi təşkil edir. Natiqlər Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Yeni Azərbaycan Partiyasını yaradaraq dövləti və xalqı düşünən insanları öz ətrafında birləşdirməklə, bu günki xoşbəxt həyatımıza zəmin yaratmasından, Ulu Öndərin layiqli varisi Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Məhtəşəm Zəfərin əhəmiyyətindən danışıblar və görülən bütün işlərdə Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğundan bəhs ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola, qazndığı uğurlara və ölkəmizin inkişafındakı roluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda partiya sıralarında səmərəli ictimai-siyasi fəaliyyətləri və yubileyləri ilə əlaqədar bir qrup partiya veteranına və fəallara Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.