Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq istiqamətlərinin və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin müsahibəsi iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı etimadın və əməkdaşlıq imkanlarının genişliyini nümayiş etdirir. Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin zəngin tarixi ənənələrə əsaslanmasıdır. Bu əlaqələrin təməli hələ 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına və gələcək əməkdaşlığın formalaşmasına mühüm töhfə verib. Bu tarixi faktlar bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri təsadüfi siyasi yaxınlaşma deyil, uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə Vyetnamla əlaqələrin inkişafına göstərdiyi diqqət bu gün də iki ölkə arasında əməkdaşlığın mühüm tarixi əsaslarından biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı mühüm məsələlərdən biri də siyasi dialoqun ardıcıl inkişafıdır. Dövlət başçısının 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri, eləcə də 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Xüsusilə 2025-ci ildə qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın daha geniş siyasi və iqtisadi çərçivədə inkişafı üçün yeni imkanlar yaradıb. Bu sənəd Azərbaycan-Vyetnam münasibətlərinin məzmununu zənginləşdirməklə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırıb.
Müsahibədə iqtisadi və ticarət əlaqələrinin inkişafına da geniş yer ayrılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Hər iki dövlətin qarşılıqlı ticarətin artırılması və yeni investisiya layihələrinin reallaşdırılması üçün geniş imkanları mövcuddur.
Enerji sektoru Azərbaycan-Vyetnam iqtisadi əməkdaşlığının ənənəvi istiqamətlərindən biridir. Bu baxımdan SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Digər mühüm istiqamət Vyetnam şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək marağıdır. Prezidentin müsahibəsində ROX Group şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrə maraq göstərməsi xüsusi qeyd olunub. 2026-cı ilin sentyabrında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bu şirkətlə müvafiq razılaşmaların imzalanması iqtisadi əlaqələrin praktik müstəviyə keçdiyini göstərir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq logistika imkanları Vyetnamla əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır. Dövlət başçısının diqqətə çatdırdığı kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu göstərici Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu və Asiya ilə Avropa arasında mühüm tranzit məkanına çevrilmək imkanlarını nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnam mallarının Avropa bazarlarına çatdırılması, eyni zamanda Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çıxarılması üçün yeni imkanlar mövcuddur.
Müsahibənin diqqətçəkən istiqamətlərindən biri də humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıqdır. Prezident İlham Əliyev bu əlaqələrin xalqlar arasında dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi humanitar və sosial layihələr, Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi, təhsil proqramlarına verilən töhfələr iki xalq arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir.
2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əməkdaşlığın inkişafında əhəmiyyətli hadisə olub. Səfər çərçivəsində Vyetnamın rəsmi şəxsləri, yaradıcı ictimaiyyətin nümayəndələri və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib, Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilib.
Azərbaycanla Vyetnam arasında təhsil əlaqələrinin də dərin tarixi var. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onların bir çoxu sonradan öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərərək Vyetnamın inkişafına töhfə verib.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması bu tarixi dostluğun rəmzi ifadəsidir. Eyni zamanda, iki ölkənin universitetləri arasında imzalanmış əməkdaşlıq sənədləri elmi və akademik əlaqələrin inkişafına yeni perspektivlər açır.
İki ölkə arasındakı dostluq münasibətləri yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Çətin günlərdə göstərilən qarşılıqlı dəstək də bu əlaqələrin mühüm xüsusiyyətidir. Azərbaycanın 2024-cü ildə “Yagi” tayfununun, 2025-ci ildə isə Vyetnamda baş vermiş güclü daşqınların nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin konkret nümunəsidir.
Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemindəki mövqeyi və regional imkanları da müsahibədə aydın şəkildə ifadə olunub. Bu gün Azərbaycan Cənubi Qafqazda mühüm enerji, nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Vyetnam isə Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Bu iki ölkənin imkanlarının uzlaşdırılması yeni bazarlara çıxış, investisiyaların cəlbi və birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Müsahibədə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyəti də diqqətə çatdırılıb. Bu əməkdaşlıq beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmaq, qarşılıqlı maraqları müdafiə etmək və çoxtərəfli münasibətləri inkişaf etdirmək baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev Vyetnama səfərindən gözləntilərini ifadə edərkən iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşəcəyinə əminliyini bildirib. Bu yanaşma Azərbaycanın xarici siyasətində dost ölkələrlə münasibətlərin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və iqtisadi diplomatiyanın genişləndirilməsinə verilən önəmin göstəricisidir.
Beləliklə, dövlət başçısının Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin keçdiyi tarixi yolu, bugünkü əməkdaşlıq səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün möhkəm tarixi zəmin, siyasi iradə və geniş iqtisadi potensial mövcuddur. Əsas hədəf bu potensialı konkret layihələrə, yeni investisiyalara, genişlənən ticarət əlaqələrinə və xalqlarımız arasında daha sıx münasibətlərə çevirməkdir. Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı məhz qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar əsasında formalaşır. Bu əməkdaşlıq hər iki ölkənin inkişafına və beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edən mühüm istiqamətlərdən biri kimi diqqət çəkir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri