PDF Oxu

Siyasət

  • 329

Tarixi yol və strateji hədəflər - ŞƏRH

Tarixi yol və strateji hədəflər - ŞƏRH

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin siyasi həyatında yeni səhifə açdı. Həmin dövrdə Azərbaycan çətin sınaqlardan keçirdi və cəmiyyətin sabitliyə, vahid siyasi qüvvəyə ehtiyacı ağır şəkildə hiss olunurdu. “91-lər”in müraciəti də məhz bu ehtiyacın ifadəsi idi. Buna görə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi. Partiya xalqın partiyası kimi formalaşdı və qısa müddətdə siyasi meydanın lideri, cəmiyyətin aparıcı qüvvəsi oldu. Partiyanın bu gün də “dünənin, bu günün və gələcəyin partiyası” kimi təqdim olunması onun tarixi ardıcıllığını və dayanıqlığını göstərir. Təsis konfransı demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə kimi qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında partiya ölkənin sosial-siyasi həyatında həlledici rol oynadı. Məsuliyyətli addım və doğru qərar kimi dəyərləndirilən bu tarixi qərar Azərbaycanın sonrakı inkişaf yolunu müəyyən etdi. Prezident İlham Əliyev partiyanın bu tarixi əhəmiyyətini dəfələrlə vurğulayaraq bildirib ki, qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verib. İlham Əliyev Ulu Öndərin siyasi mirasının müzəffər davamçısı kimi bu yolu uğurla davam etdirir. “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri də məhz bu varislik və təkamül prinsipinin təzahürüdür. Ölkəmizin son illərdəki uğurlu və şərəfli yolunda partiya fəallarının böyük payı və töhfəsi danılmazdır.
Bu gün 769 811 üzvü olan Yeni Azərbaycan Partiyası ölkənin ən kütləvi siyasi təşkilatıdır. Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Partiyanın VII qurultayında qəbul olunmuş əhəmiyyətli qərarlar da bu yanaşmanın davamıdır. Qurultay yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə, ilk dəfə olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirildi. Bu, onun tarixi əhəmiyyətini daha da artırır. Həmin qurultayda bütün müasir tendensiyaları və regionda yaranmış “yeni reallığı” nəzərə alan Proqram qəbul edildi.
Proqramda partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı. Bu istiqamətlər partiyanın ideoloji bünövrəsini təşkil edir. Onlar həm milli dəyərlərə sadiqliyi, həm də müasir inkişaf tələblərinə uyğunlaşmanı təmin edir. Partiya keçmişin təcrübəsini gələcəyin vəzifələri ilə uzlaşdırır.
Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar da Proqramda aydın şəkildə əksini tapıb. Bunlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmlilik və müasirlikdir. Bu meyarlar partiya üzvlərinin zamanın tələblərinə cavab verən, yüksək mədəniyyətə malik kadrlar kimi yetişməsinə şərait yaradır. Sağlam rəqabət və elmlilik isə təşkilatın daxili dinamikasını və idarəetmə keyfiyyətini gücləndirir.
Partiyanın 11 strateji hədəfi isə gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Bunlara Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış daxildir. Bu hədəflər partiyanın cəmiyyət qarşısındakı məsuliyyətini əks etdirir. Üç onillikdən artıq keçdiyi yolda xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyası bu hədəflərə əsaslanaraq Azərbaycanın güclü, inkişaf etmiş və birgəyaşayışa söykənən gələcəyinin qurulmasında öz tarixi rolunu davam etdirəcək.

Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər