PDF Oxu

Siyasət

  • 261

Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı - FOTOLAR

Siyasi sabitliyin və davamlı inkişafın təminatçısı - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında partiyanın təsis olunmasının 34 illiyinə həsr edilən «Yeni Azərbaycan Partiyası – tarixi zərurətdən zirvələrə ucalan möhtəşəm yol» mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
YAP rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovanın , Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Rafiq Əliyevin və YAP fəallarının iştirak etdikləri tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı yolunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yeni Azərbaycan Partiyasının 34 ildə keçdiyi şərəfli yoldan geniş danışaraq deyib:- Yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirən, xalqın partiyası kimi nüfuz qazanan YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: «YAP zəngin ənənələri olan partiyadır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, partiyamız nəinki ölkəmizdə, regionda da ən güclü siyasi təşkilatdır. 34 illik tarixə malik olan YAP Azərbaycanın müstəqillik tarixinin bələdçisidir. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu gün qalibiyyəti ilə dünyaya səs salmasında, tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı yeni reallıqlar əsasında qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində partiyanın öz rolu, payı vardır. Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ilk gündən ona inamını nümayiş etdirən “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını reallıqda təsdiqlədi».
Məruzə ətrafında çıxış edən Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, partiya fəalları – Astara şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Şahsənəm Hüseynova və Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, ərazi partiya təşkilatı (ƏPT) sədrləri – Kijəbə qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Təbrizə Rəsulova və Milli Qəhrəman Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nuranə Həmidova bildiriblər ki, YAP daim yeni-yeni hədəflərə doğru inamla irəliləyir, xalqın bu partiyaya inamı və etimadı böyükdür.
Tədbirin sonunda partiyanın işinin səmərəli və vaxtında yerinə yetirilməsində fərqlənən bir qrup fəal Fəxri fərman və hədiyyələrlə təltif edilib, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər