Hörmətli cənab baş redaktor,
Azərbaycan mətbuatı spesifik xüsusiyyətləri, özəl çalarları ilə diqqəti çəkməkdədir. Ölkəmizin müstəqillik əldə etməsi bu palitranın zənginləşməsinə, əhatə dairəsinin genişlənməsinə şərait yaratmışdır. Ötən illər ərzində çoxsaylı kütləvi informasiya vasitələrindən yalnız jurnalist peşəsinin məziyyətlərinə sayğılı və yaradıcı tərzdə yanaşanlar, auditoriyalarını formalaşdıranlar, oxucular və ictimaiyyətlə sıx əlaqədə olanlar həmin cərgədə yerlərini möhkəmləndirə bilmişlər. "Səs" qəzeti də onlardan biridir.
Qəzet 20 yaşına çatıb. Belə desək, gənclik illərinin zirvəsinə doğru istiqamət götürüb. Lakin "Səs"in malik olduğu irsdəki bir çox nümunələr oxucuların görüşünə hər gün kamilləşmiş, püxtələşmiş nəşrin gəlişindən xəbər verir. Mövzu, janr rəngarəngliyi, mətbu sözə, çeşidli fikirlərə yanaşma tərzi burada məsuliyyətli yaradıcı mühitin varlığından xəbər verir. İstedadlı yazarları öz sıralarında cəmləşdirən qəzet həm də Azərbaycan Mətbuat Şurasının təsisçilərindən və fəal üzvlərindən biridir. "Səs" Mətbuat Şurasının bütün tədbirlərində yaxından iştirak edən, təşəbbüslərinə aktiv dəstək verən kütləvi informasiya vasitələrindəndir. Qəzetin əməkdaşlarının daşıdıqları fəxri adlar, layiq görüldükləri dövlət mükafatları redaksiya kollektivinin gərgin və səmərəli fəaliyyətinin nəticələridir.
Hörmətli Bəhruz müəllim,
Azərbaycan Mətbuat Şurası "Səs" qəzetinin 20 yaşı münasibətilə Sizə, rəhbəri olduğunuz redaksiya əməkdaşlarına, bütün oxucularına təbriklərini yetirir, yeni-yeni yubileylərə qovuşmağınızı arzu edir.
Səmimi hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri