PDF Oxu

Siyasət

  • 274

Müstəqil dövlətçilik ideologiyası və müasir siyasi strategiyanın təntənəsi: Yeni Azərbaycan Partiyası – 34 - ŞƏRH

Müstəqil dövlətçilik ideologiyası və müasir siyasi strategiyanın təntənəsi: Yeni Azərbaycan Partiyası – 34 - ŞƏRH

Bu gün müasir Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi hesab olunan əlamətdar bir gündür. Ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqaz regionunun ən böyük və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü qeyd olunur. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə siyasi arenaya daxil olan partiya ötən üç onillikdən artıq müddətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ictimai-siyasi sabitliyin təmin edilməsində və müasir siyasi sistemin formalaşmasında həlledici rol oynayıb.

XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır siyasi-iqtisadi böhran, hakimiyyət boşluğu, vətəndaş qarşıdurması təhlükəsi və xarici hərbi təcavüzlə üz-üzə qalmışdı. Ölkədə hökm sürən xaos və idarəolunmazlıq şəraiti dövlətçiliyin varlığını ciddi sual altına alırdı. Belə bir taleyüklü və mürəkkəb tarixi mərhələdə xalqın ümidi Azərbaycanın görkəmli dövlət xadimi, zəngin siyasi təcrübəyə malik Heydər Əliyevə yönəlmişdi.1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı – alimlər, mədəniyyət xadimləri və ictimai-siyasi nümayəndələr Heydər Əliyevə müraciət ünvanlayaraq onu yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə və ölkəni düşdüyü ağır böhrandan çıxarmağa çağırdılar. Heydər Əliyevin həmin müraciətə verdiyi tarixi cavab yeni siyasi təşkilatın ideoloji əsaslarını və gələcək fəaliyyət proqramını müəyyən etdi. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin – milli dövlətçilik və konstruktiv siyasi fəaliyyət dövrünün əsası qoyuldu.
Yarandığı gündən etibarən ümumxalq partiyasına çevrilən YAP qısa müddət ərzində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazandı. 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasını müxalifət partiyasından iqtidar partiyasına çevirdi.Bu tarixi dönüşdən sonra partiyanın proqramında əksini tapan müstəqil dövlətçilik, qanunun aliliyi, dünyəvilik, azərbaycançılıq ideologiyası və sosial yönümlü bazar iqtisadiyyatı prinsipləri dövlət siyasətinin ana xəttini təşkil etdi. Ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, silahlı dəstələr zərərsizləşdirildi, 1994-cü ildə atəşkəs rejiminə nail olundu və "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının təməli qoyuldu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalı siyasi sistemin və demokratik təsisatların formalaşdırılması məhz Heydər Əliyevin rəhbərliyi və YAP-ın siyasi dəstəyi ilə həyata keçirildi.2003-cü ildən dövlət başçısı, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Sədri kimi fəaliyyət göstərən Prezident İlham Əliyevin rəhbərliyi altında partiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Zamanın və qlobal siyasi proseslərin çağırışlarına uyğun olaraq partiya daxilində struktur islahatları aparıldı, idarəetmə mexanizmləri müasirləşdirildi və gənclərin siyasi proseslərdə fəal iştirakına geniş meydan verildi.Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə, beynəlxalq miqyasda etibarlı tərəfdaşa və mühüm enerji-nəqliyyat mərkəzinə çevrildi. Bu siyasi və iqtisadi güc 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində özünün ən yüksək zirvəsinə çatdı. Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Bu möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun təntənəsi kimi tarixə həkk olundu.Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ölkədə aparılan genişmiqyaslı siyasi, iqtisadi və sosial islahatların önündə gedir. Partiyanın VII Qurultayında qəbul edilmiş yeni Proqram və Nizamnamə müasir dövrün tələblərinə uyğun olaraq milli həmrəyliyin möhkəmləndirilməsi, siyasi dialoq mühitinin dərinləşdirilməsi, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramının icrasına fəal töhfə verilməsi kimi strateji hədəfləri müəyyənləşdirib.34 illik şərəfli və məsuliyyətli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyası "Dünənin, bu günün və gələcəyin partiyası" devizinə sadiq qalaraq, bundan sonra da müstəqil Azərbaycanın dayanıqlı tərəqqisinə, dövlət suverenliyinin daha da möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Kamran Əmirov,

YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər