Məlum olduğu kimi, Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmə mərasimi keçirildi. Mərasimdə iştirak edən ölkə Prezidenti İlham Əliyev cənablarına proseslə bağlı hərtərəfli məlumat verildi. Bildirildi ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi Ümummilli Lider Heydər Əliyevdir.
Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur.
Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra Bakı şəhər əhalisinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaqdır. Su kəmərinin təhlükəsizliyi də xüsusi nəzarət altında olacaq. Bu nəzarəti SCADA sistemi təmin edir. Bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızıntılar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir. Kəmər kompleksində suyun fiziki və kimyəvi analizinin aparıldığı laboratoriya da mövcuddur. Suyun tərkibinə daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılıb. Kəmərdən qəbul edilən su öz axarı ilə şəhərdəki mövcud mərkəzə anbarlara ötürülür, oradan isə paytaxtın müxtəlif istiqamətlərinə paylanır. "Oğuz-Qəbələ-Bakı" su kəmərinin sonuncu nöqtəsi isə dəniz səviyyəsindən 190 metr yüksəklikdə yerləşən Abşeron qurğular kompleksidir və o, paytaxtın 17-ci kilometrliyindədir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulub.
Müstəqil Azərbaycan dövləti hər şeyə qadirdir
Keçirilən mərasimdə ölkə Prezidenti İlham Əliyev Oğuz-Qəbələ-Bakı layihəsinin 2010-cu ilin tarixi hadisəsi olduğunu bildirdi: "Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik".
Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacağını deyən dövlət başçısı paytaxt əhalisinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olacağını bildirdi: "Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron su kanalının istifadəyə verilməsi nəticəsində Bakıda suyun həcmi daha da artacaqdır. Bununla bərabər, artıq bu vaxta qədər bu layihə - Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi və nəzərdə tutulmuş digər layihələr çərçivəsində böyük işlər görülmüşdür. Bakıda su anbarları, paylayıcı xətlər tikilmişdir. Yəni, biz bu infrastrukturu tamamilə yeniləşdirməliyik və elə etməliyik ki, Bakıda su təchizatı ilə bağlı vəziyyət dünyanın aparıcı şəhərlərində olan vəziyyətdən geri qalmasın, bəlkə də ondan daha da yaxşı olsun... Buna nail olmaq üçün bizdə bütün imkanlar vardır. İlk növbədə, güclü iradə, düşünülmüş siyasət vardır. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bu kəmərin tikintisinə böyük maliyyə vəsaiti ayırdıq və bilirik ki, bu vəsait bəlkə də geri qayıtmayacaqdır. Çünki bildiyiniz kimi, bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir".
Suyun keyfiyyətinə də söz yoxdur...
Qeyd edək ki, paytaxta gətiriləcək suyun keyfiyyətinə gəlincə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası araşdırıb. Qurumun Oğuz-Qəbələ rayonları ərazisində 2005-2007-ci illərdə yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi məqsədilə apardığı tədqiqatlara görə, Oğuz-Bakı su kəmərini qidalandıracaq su yataqlarının yerləşdiyi Orta Kür çökəkliyinin Alazan-Əyriçay dağarası qapalı artezian meqahövzəsi Böyük Qafqazın cənub-qərb yamacı ilə Acınohur yaylası arasında yerləşərək, çayların çoxlu sayda gətirmə konuslarının və konuslararası çökəkliklərin mürəkkəb formalı birləşmə zonalarının əmələ gətirdiyi morfogenetik quruluşla səciyyələnir. Burada yeraltı hidrosferin formalaşması Böyük Qafqazın cənub-qərb yamaclarının çat, çat-lay və məsamə tipli yeraltı suları və atmosfer çöküntülərinin infiltrasiyası hesabına baş verir. Hidrosferin yüksək mailliliyə malik tranzit zonasında yerləşən bu ərazilərdə yeraltı suların ciddi fiziki-kimyəvi metamorfizasiyası qeyri-mümkündür. Kəşfiyyat işləri zamanı qazılmış quyulardan və tədqiq olunmuş bulaqlardan götürülmüş su nümunələrinin kimyəvi təhlili bu faktı bir daha sübut edir. Minerallaşma dərəcəsi 0,3-1,0 q/l olan bu sular kimyəvi tərkibcə hidrokarbonatlı və hidrokarbonatlı-sulfatlı tiplərə aiddir. Aparılan çoxillik rejim müşahidələri bu parametrlərin sabit qaldığını sübut edib. Eyni zamanda, kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, o cümlədən, müxtəlif pestisidlər nəzəri cəhətdən yalnız 5-10 metr dərinlikdə yerləşən, əsasən yağış sularından ibarət qrunt sularında ola bilər ki, bu da əl ilə qazılmış 5-6 metr dərinlikdə olan quyularda müşahidə edilə bilər və lokal xarakter daşıyar. "Oğuz-Qəbələ-Bakı" su layihəsi çərçivəsində qazılan quyular isə 120-150 metr dərinlikdə olub, torpaq üstü çirklənmələrlə heç bir əlaqəsi olmayan sularla bağlıdır.
Paytaxt sakinləri Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini Bakının içməli su ilə təmin olunması istiqamətində atılmış tarixi əhəmiyyətli addım kimi qiymətləndirirlər
Bakı şəhər sakinləri ilə aparılan söhbətin yekun nəticəsi bunu deməyə əsas verir. Vətəndaşlar da, öz növbəsində, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini paytaxtın içməli su ilə təmin olunması istiqamətində atılmış tarixi əhəmiyyətli addım kimi qiymətləndirirlər.
Ümumiyyətlə, "Səs" qəzetinə sözügedən layihə ilə bağlı münasibətini bildirən sakinlər bir daha dönə-dönə bu tarixi hadisəni yüksək qiymətləndirdiklərini vurğuladılar: "Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi tarixi bir hadisədir. Bu kəmərin istifadəyə verilməsi növbəti dəfə onu sübuta yetirdi ki, Prezident İlham Əliyev vətəndaşların başlıca problemlərinin həlli istiqamətində ciddi-cəhdlə çalışmaqdadır. Ölkə Prezidenti İlham Əliyev cənabları sözügedən mərasimdə çıxışı zamanı da xalqına olan məhəbbətini dönə-dönə vurğulamışdı: "... bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik".