XXI əsrin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2010-cu il ölkəmiz üçün əsaslı yüksəliş, sabit və davamlı inkişaf ili kimi yadda qaldı. Təqribən iki il əvvəl dünyanı bürümüş maliyyə böhranının hələ tam səngimədiyi bir şəraitdə belə Azərbaycanda sürətli inkişaf davam edərək, çoxsaylı sosial və infrastruktur layihələri, ümummilli proqramlar reallaşdırıldı.
Artıq bir neçə ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dövlət başçımız İlham Əliyevin iştirakı ilə paytaxt Bakıda, eləcə də, ayrı-ayrı şəhər və rayonlarımızda yeni-yeni sosial obyektlər istifadəyə verilir. Ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən həmin obyektlər, yeni infrastruktur layihələri vətəndaşların dərin rəğbətinə səbəb olur, onların bayram əhval-ruhiyyəsini bir qədər də yaxınlaşdırır. Bütün bunları əsil bayram töhfəsi kimi qəbul edən ölkə vətəndaşlarında sabaha inamı artırır. Bu günlərdə paytaxt sakinlərin son illərin ən böyük infrastruktur layihələrindən biri-Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini böyük sevinc və iftixar hissi ilə qeyd etdilər. Bu da təsadüfi deyil. Çünki Bakı şəhərində su qıtlığı sakinləri ən çox narahat edən problemlərdən sayılırdı. Bu problemin kökü isə çox-çox əvvəllərə gedib çıxır. Belə ki, bir neçə əsr bundan əvvəl qədim Bakının su təchizatı, əsasən, artezian quyularının hesabına həyata keçirilirdisə, sonradan şəhərin inkişafı, əhalinin artması ilə əlaqədar suya tələbat da xeyli dərəcədə çoxalır. Ötən əsrin əvvəllərində neft və milyonlar səltənəti - Bakıda içməli su ilə bağlı problem Şollar su kəmərinin tikilməsi ilə aradan qaldırılmışdır. Əsrin ortalarından etibarən həyata keçirilən quruculuq işləri Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbər təyin olunması ilə əlaqədar xeyli intensivlənmiş, Bakı şəhəri sürətlə inkişaf etməyə başladı. Belə bir şəraitdə paytaxtın içməli suya olan tələbatı daha da artdı. 1970-ci illərdə Bakının suya tələbatı Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərinin tikilib istifadəyə verilməsi nəticəsində həll edildi. Lakin illər ötdükcə Bakıda yenidən su qıtlığı yarandı, hətta ötən əsrin 30-cu illərində paytaxtın su təsərrüfatı sisteminin sıradan çıxması təhlükəsi meydana gəldi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin səyi ilə Dünya Bankından alınan güzəştli kredit hesabına həmin təhlükə aradan qaldırıldı.
Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və reallaşır
Həyatının mənasını xalqına xidmətdə görən Ümummilli Liderimiz Heydər Əliyev Bakının su təchizatı sistemi üçün böyük bir inqilab sayıla biləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifidir. Paytaxtda mövcud olan su problemi Ulu Öndəri daim narahat etsə də, O böyük uzaqgörənliklə söyləyirdi ki, yaxın illərdə Bakıya bol su gətirəcəyik. Nəhayət, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin, Oğuz - Qəbələ bölgəsinin bulaq sularının Bakıya gətirilməsi ilə bağlı arzusu gerçəkləşdi. Ulu Öndərin həyata keçirə bilmədikləri bir çox arzuları, planları kimi bu missiyanı da Onun siyasi kursunun ən layiqli davamçısı, özü qədər inandığı ölkə Prezidenti İlham Əliyev böyük şərəflə yerinə yetirdi. Belə ki, 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı. 2007-ci ilin mart ayında isə dövlət başçısının iştirakı ilə layihənin təməli qoyuldu və tikinti işlərinə start verildi. Təsadüfi deyil ki, artıq on ildən çoxdur ki, xalqımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft startegiyasının uğurlarının şahidi olur. Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılmasından əldə olunan gəlirlər iqtisadiyyatımızı gücləndirir, büdcə imkanlarımız artır. Ümummilli Liderimiz Heydər Əliyevin düz 11 il əvvəl təsis etdiyi Dövlət Neft Fonduna toplanmış vəsaitlər hesabına ölkəmizdə prioritet sayılan layihələr həyata keçirilir. Elə bu günlərdə açılışını böyük sevinc hissi ilə qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri də ölkəmizin yeni neft strategiyasının təntənəsidir.
Ölkə əhalisi, ziyalılar belə bir layihənin həyata keçirilməsini ən böyük tarixi hadisə sayır.
Millət vəkili Qüdrət Həsənquliyev: "Oğuz-Qəbələ-Bakı boru kəməri Azərbaycan paytaxtının 90 faiz sakinini fasiləsiz su ilə təmin edəcək"
- Oğuz-Qəbələ-Bakı su kəməri Bakı-Tbilisi-Ceyhanla müqayisə oluna biləcək bir kəmərdir. Paytaxtın su təsərrüfatı sisteminə mühüm töhfə sayılan bu kəmərin sakinlər üçün əhəmiyyəti isə olduqca böyükdür. Hər şeydən əvvəl, kəmər Bakı əhalisinin 90 faizini su ilə təmin edəcəkdir. Paytaxtın digər yerlərinə isə cədvəl əsasında su verilməsinin müddəti iki dəfəyə qədər artırılacaq. Onu da qeyd edim ki, mütəxəssislər Oğuz-Qəbələ-Bakı kəməri ilə gətirilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğun olmaqla yanaşı, hətta dünyanın bir çox iri şəhərlərinə verilən içməli suların keyfiyyət göstəricilərindən üstün olduğunu bildirirlər. Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt sakinlərinə əsil Yeni il hədiyyəsi kimi uzun illər yaddaşlarda qalacaq. Bu töhfəni sakinlərə bəxş etmiş möhtərəm Prezidentimiz İlham Əliyev bir daha sübut etdi ki, O, Azərbaycan xalqının firavan yaşayışının, həyat səviyyəsinin yaxşılaşdırılması üçün daim çalışır və bunun üçün daim məqsədli proqramlar qəbul edib reallaşdırır.
YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:
- Su həyat, sağlamlıq, təmizlik və ruzi-bərəkət deməkdir. Bu ruzi-bərəkəti, sağlam həyatı ölkə Prezidenti İlham Əliyev cənabları yeni il ərəfəsində xalqımıza, xüsusən də, paytaxt əhalisinə bəxş etdi.
Onu da qeyd edim ki, milli lider hər bir xalqın taleyində nadir hadisə, fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlərin yetişməsində mühit və hadisələr başlıca rol oynayır. 1969-cu ilin iyulundan Ümummilli Liderimiz Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsil milli liderini tapıb. Əsil həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Akademik Ramiz Mehdiyevin "Əsil vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində gərgin, ziddiyyətli və təzadlı məqamlarla dolu həmin illər mərhələlərlə, xüsusi ardıcıllıqla elmi təhlil süzgəcindən keçirilərək, belə xarakterizə edilir: "Azərbaycanın gələcək taleyi baxımından bu tarixi dövrün başlıca məzmunu milli dirçəliş fəlsəfəsinin gerçəkləşdirilməsindən ibarət olub. Onun fəlsəfəsi sırf ehkamlaşdırılmış əsərlərdə təsvir edilən hər hansı təlim olmaqdan və ya buna çevrilməkdən uzaqdır. Əslində, bu fəlsəfə bizim hamımızın gözləri qarşısında yaradılıb".
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən görüş zamanı Azərbaycan xalqını təbrik edən ölkə Prezidenti İlham Əliyev bildirmişdi: "Bu, böyük və tarixi hadisədir". Doğurdan da, bu layihənin həyata keçirilməsi həm xalqımız üçün, həm Bakı şəhərinin əhalisi üçün çox böyük tarixi hadisədir. Çünki Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbər olduğu müddətdə, bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli məsələlərini, xüsusən də, mühüm sahə kimi ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi hər vaxt Onun diqqət mərkəzində olub. Bu su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi olan Ümummilli Liderimiz Heydər Əliyev bu məqsədlə 2002-ci ildə Oğuz və Qəbələ rayonları ərazisindəki zəngin su ehtiyatlarının paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə qərar verdi. Sonrakı illərdə su kəmərinin çəkilməsi ilə əlaqədar hazırlıq işləri görüldü və Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin tapşırığına əsasən proses daha da sürətləndirildi və nəticə bu gün xalqımızın gözü qarşısındadır.
Millət vəkili Əli Məsimli: "Yeni su kəmərinin çəkilməsi Azərbaycanın həyatında təkcə 2010-cu ilin deyil, son 20 ilin mühüm hadisəsidir"
- Yaxın aylarda Bakı əhalisinin 90 faizə yaxını çərşənbə axşamı istismara verilən Oğuz-Qəbələ-Bakı kəməri sayəsində keyfiyyətli və fasiləsiz su ilə təmin ediləcək. Yeni su kəmərinin çəkilməsi Azərbaycanın həyatında təkcə 2010-cu ilin deyil, son 20 ilin mühüm hadisəsidir. Bu gün şəhərin daimi su təchizatı əhalinin həyatı və fəaliyyət göstərən müəssisələr üçün mühüm əhəmiyyət kəsb edən Bakı infrastrukturunun təkmilləşdirilməsi prosesində vacib amillərdən biridir. Eyni zamanda, yeni su kəmərinin vacib təsiri yeni iş yerlərinin yaradılmasıdır, bu, su kəmərinin fasiləsiz işi üçün yeni qurğuların işlək vəziyyətdə saxlanılması hesabına baş verəcək.
2010-cu ilin son günlərinin ən böyük və yadda qalaraq, tarixə çevriləcək hadisəsi isə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi oldu. Bu nəhəng layihənin reallaşdırılması bir daha göstərdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş güclü, qüdrətli bir dövlətə çevrilib. Artıq ölkəmiz istənilən nəhəng belə layihəni öz gücünə, heç bir dövlətin yardımı olmadan belə həyata keçirə bilər...