Son 17 il ərzində Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan uğurlar əldə etməkdədir. Müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevrilib. Hazırda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi, iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevirib.
Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, bu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, gələn 2010-cu il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ötən illərdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, əhalinin sosial rifah göstəricilərinin davamlı olaraq yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır.
Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən dövr ərzində müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, Dövlət Proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş, onların bir hissəsi artıq reallaşdırılmış, digərləri isə uğurla icra olunur. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlılığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Dünyanın aparıcı ölkələrində gedən kəskin ressesiyaya baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, əhalinin maddi rifah halının yüksəldilməsi bu ilin ötən aylarında da davam etmişdir.
Prezident İlham Əliyev tədbirlərdə etdiyi çıxışlarında bildirir ki, Azərbaycanda hər ili uğurlu iqtisadi inkişaf davam etməkdədir. Belə ki, Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etməkdədir: "Biz sənaye potensialını iki yerə bölsək, görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib, Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə də bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın".
Bu gün iqtisadiyyatın əsas sahələri və istiqamətləri üzrə yalnız artımdan danışmaq mümkündür. 2010-cu ilin 11 ayı ərzində ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 36,6 milyard manata çatıb. Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatıb. Yəni əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da ölkədə güclü və cəmiyyətin maraqlarına xidmət edən sosial siyasətin aparılmasının təzahürüdür. Pensiya və əməkhaqqının indiki minimum səviyyəsini də MDB məkanı ilə müqayisə etsək, aydın olar ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır.
Qeyri-neft sektorunda inkişaf bumu başlayıb
Digər məqam ÜDM istehsalının artımı sahəsində nəzərə çarpan meyillərdir. ÜDM istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb. Qeyri-neft sektorunda istehsalın neft sektoru ilə müqayisədə 2 dəfədən çox artması diqqət çəkməyə bilməz. Bu, artıq qeyri-neft sektorunda inkişaf bumunun başlandığından xəbər verir. Başqa sözlə, bu, bir daha təsdiq edir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi kurs düzgün seçilib, neft-qaz sektorundan əldə edilən gəlirlərdən səmərəli istifadə olunub və bu da son nəticədə qeyri-neft sektorunun sürətli inkişafına zəmin yaradıb.
Qeyri-neft sektorundan danışarkən müasir dünyada iqtisadiyyatın əsas və aparıcı sahələrindən birinə çevrilmiş rabitə sahəsinin Azərbaycanda müşahidə olunan sürətli inkişafını qeyd etməmək düzgün olmazdı. Müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda geniş tətbiq olunması sahəsində aparılan işlər ciddi nəticələr verməkdədir. İlin əvvəlindən rabitə işçiləri əhaliyə, müəssisə və təşkilatlara 1033,3 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 30,8 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 74,2 faizi və ya 766,7 milyon manatı əhaliyə göstərilmiş və bu sahədə 31,2 faiz artım qeydə alınıb.