Tarixi əhəmiyyətli layihə
Məlum olduğu kimi, dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İdarəetmə məntəqəsində dövlət başçısına təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və təzyiqnizamlayıcı kameralar barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə salıb.
Qeyd edək ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atıb.
"Bu layihənin uğurla başa çatması göstərdi ki, Azərbaycan dövləti hər şeyə qadirdir"
2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulub və tikinti işlərinə başlanıb. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılıb, yarımstansiya quraşdırılıb. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilib, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunub.
Qeyd edək ki, indiyədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaq. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaq.
Prezident İlham Əliyevin bildirib ki, bu, doğrudan da, böyük və tarixi hadisədir. "Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik".
Oğuz-Qəbələ-Bakı su kəməri Dövlət Neft Fondunun vəsaiti hesabına tikilib
Layihənin ölkəmiz üçün önəmini aydın dərk etmək üçün bir az keçmişə səyahət etmək lazım gəlir. Su ehtiyatları az olan ərazidə yerləşən Bakı şəhəri zaman-zaman içməli su ilə bağlı problemlərlə qarşılaşıb. Keçən əsrin əvvəllərində şəhərdə içməli su ilə bağlı yaranmış problem Şollar su kəmərinin tikilməsi ilə aradan qaldırılıb. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikilməsi sayəsində həll edilib.
Bakı şəhərinin su təchizatı sistemlərinin sıradan çıxması təhlükəsinin meydana gəldiyi 1990-cı illərdə Ulu Öndərimizin böyük qayğısı və beynəlxalq nüfuzu sayəsində Dünya Bankı tərəfindən su sektoruna ilk dəfə güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi.
Ulu Öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirdiyi geniş müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Bu tapşırığa əsasən, su mənbəyi ilə bağlı araşdırmalara başlanılıb və davam etdirilib.
2005-ci ilin sonlarında Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı və 2007-ci ilin martında Oğuz rayonunda bu layihənin təməli qoyuldu. Bu su kəməri Neft Fondunun vəsaiti hesabına tikilib başa çatdırılıb.
Bu su kəmərinin ən önəmli cəhətlərindən biri də quyulardan çıxan suyun bir yerə toplanaraq özüaxımlı olmaqla Bakı şəhərinə daxil olmasıdır. Məhsuldarlığı eyni olan Kür su kəmərləri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı su kəmərinin enerji sərfiyyatı 7 dəfəyə qədər azdır. Quyu sahəsi üçün 300 metr enində sanitar-mühafizə zonası yaradılıb.
Layihənin əsas parametrləri və kəmərin texniki imkanları
Magistral su kəməri uzunluğu 262 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla, özaxınlıdır, təzyiqlidir. Su kəməri 8 rayonun ərazisindən keçir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilib.
Su kəməri boyunca 25 metr enində sanitar-mühafizə zonası yaradılıb. Su kəməri 10 yerdə çay məcrasını 8-10 metr dərinlikdə çayın altından, 2 yerdə məcranın üstündən dayaqlar üzərindən, 8 yerdə avtomobil, 2 yerdə isə dəmir yolunu kəsərək keçib. Çay keçidlərində boru kəməri dəmir-beton köynəklə mühafizə olunub.
Quyulardan çıxan suların öz axını ilə toplanması üçün ümumi uzunluğu 70 kilometr sutoplayıcı şəbəkə tikilib. Quyulardan çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan iki su anbarına, oradan isə magistral kəmərə ötürülür.
Qazılmış quyuların bəzilərindən su öz axını ilə, bəzilərindən isə nasosların köməyi ilə çıxarılır. Nasoslar üçün 6 MVt gücündə elektrik enerjisi tələb olunur. Bu güclə enerjini təmin etmək üçün 110/35/10 kV-lıq elektrik yarımstansiyası tikilib. Bu yarımstansiyanı qidalandırmaq üçün iki mənbədən ümumi uzunluğu 72 kilometr olan 110 kV-lıq yüksək gərginlikli elektrik xətləri çəkilib.
Bu suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının tələblərinə tam uyğundur
Mütəxəssislərin rəyinə görə, Oğuz-Qəbələ-Bakı su kəməri ilə verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur və dünyanın bir çox iri şəhərlərinə verilən suların keyfiyyət göstəricilərindən üstündür.
Bu kəmərin tikintisində, ümumilikdə, 285 kilometrdən çox diametri 2000 millimetr olan borular, 65 kilometrdən çox diametri 300-1600 millimetr olan borulardan istifadə edilib, 15 milyon kubmetrdən çox torpaq, borunun yanlarının kipləşdirilməsi üçün 7 milyon kubmetrdən çox qum-çınqıl işləri görülmüş və min ədəddən çox müxtəlif diametrli siyirtmə quraşdırılıb.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarları tikilib, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarları yenidən qurulub, 310 kilometrdən çox kanalizasiya xətti çəkilib və digər işlər görülüb.
Texniki tələblərə uyğun olaraq su kəməri fevral ayı ərzində tam layihə gücündə işləməyə başlayacaq və ümumilikdə, şəhərə saniyədə 15,2 kubmetr su veriləcək. Son illərdə aparılmış yenidənqurma işləri nəticəsində şəhərin 40 faiz fasiləsiz su alan əhalisinin sayı 75 faizə qədər artacaq. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri 2 dəfədən çox uzadılacaq.
Göründüyü kimi, Azərbaycan hökuməti daha bir böyük layihəni uğurla həyata keçirirərək, ölkə əhalisinin sağlam yaşayışı üçün önəmli tarixi addım atdı. Prezident İlham Əliyevin dediyi kimi, bu layihənin uğurla başa çatdırılması göstərdi ki, Azərbaycan dövləti öz imkanları hesabına böyük işlər görmək iqtidarındadır.