PDF Oxu

Siyasət

  • 13

Yeni yol-nəqliyyat qovşaqlarının tikintisi uğurla davam edir

Yeni yol-nəqliyyat qovşaqlarının tikintisi uğurla davam edir

Dünən Prezidenti İlham Əliyev paytaxtın müxtəlif yerlərində yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəldi. İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sifarişi ilə inşa olunmuşdur. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olundu ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı. Bildirildi ki, inşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilmişdir. Ərazidə yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışmışdır. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulmuş, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, geniş piyada səkiləri salınmışdır. Prezident İlham Əliyev yol qovşağı və tunelin açılışını bildirən lenti kəsdi. İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onları təbrik edərək bildirdi ki, bir ildən az müddətdə belə gözəl körpü-tunel tikilib və bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu, işin bir hissəsidir, ondan sonra da işlər həyata keçiriləcək və beləliklə bütün bu zona artıq nəqliyyat baxımından ən yüksək standartlara cavab verəcəkdir. Əsas bu işlərdə keyfiyyət və əlbəttə ki, sürətdir. Hər iki məsələ burada həll olunub. Əminəm ki, burada bütün başqa işlər də eyni sürətlə və keyfiyyətlə görüləcəkdir. Sonra dövlətimizin başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxdı. Məlumat verildi ki, Fətəli Xan Xoyski prospektindən metronun "Nəriman Nərimanov" stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində hərəkət edə, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər. Prezident İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə bağlı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

X X X

Dövlətimizin başçısı İlham Əliyev sonra paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılışında iştirak etdi. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır. Prezident İlham Əliyev həmçinin paytaxtın Xətai rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yeni inşa olunan tunellərin və Neftçilər prospekti, 135 ünvanında inşa olunan yeraltı piyada keçidinin açılışlarında iştirak etdi.

Digər xəbərlər