Dünən Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron qurğular kompleksinə gələn dövlətimizin başçısını mərasim iştirakçıları hərarətlə qarşıladılar. "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev məlumat verdi ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur. İdarəetmə məntəqəsində Prezident İlham Əliyevə təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və təzyiqnizamlayıcı kameralar barədə ətraflı məlumat verildi.
Kəmərin suqəbuledici qurğular sisteminin sxematik planı ilə tanış olan dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı və mövcud su kəmərləri vasitəsilə Bakı şəhərinə gələn suların paylanması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən əvvəl və sonra paytaxtın su təminatı, kəmərin Oğuz rayonu ərazisindəki suqəbuledici qurğular kompleksinin sxematik planlarını nəzərdən keçirdi. Bildirildi ki, bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaqdır.
Daha sonra bildirildi ki, paytaxtda yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaqdır. Bakıətrafı yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaqdır.
Burada Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə saldı.
Dövlətimizin başçısı kompleksdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin rəhbərliyi ilə ölkənin su təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif dövrlərdə həyata keçirilən tədbirləri əks etdirən fotolar və videomateriallar toplanmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür suyunun paytaxta verilməsi üçün görülən işləri əks etdirən sənədli videogörüntülərə baxdı.
Muzeyin digər guşəsində Prezident İlham Əliyevin bu missiyanı uğurla davam etdirməsini əks etdirən fotoşəkillər vardır. Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini əks etdirən fotolar da nümayiş olunur.
Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısı burada suyun fiziki və kimyəvi analizinin aparıldığı laboratoriyaya baxdı. Bildirildi ki, suyun tərkibinə daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılmışdır.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta gətirilən sudan içdi. Sonra dövlətimizin başçısı kəmərdən suyun qəbuledici kameraya daxil olması prosesini izlədi. Bildirildi ki, kəmərdən qəbul edilən su burada öz axarı ilə şəhərdəki mövcud anbarlara ötürülür, oradan isə paytaxtın müxtəlif istiqamətlərinə paylanılır.
Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulmuşdur. Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq təcrübəyə uyğun reallaşdırılması üçün tender yolu ilə Almaniyanın "CES Consaulting Engineers Salzgitter" şirkəti seçilmişdir.
Su kəmərinin layihələndirilməsi və tikintisi "Turan Xəzinədaroğlu İnşaat və Ticarət"-"Tekser İnşaat Sənaye və Ticarət"-"Gəncə körpü tikinti-2" hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilmişdir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gün biz hamımız çox gözəl və əlamətdar hadisəni qeyd edirik. Ölkə Prezidenti bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi:
"Bu, doğrudan da böyük və tarixi hadisədir. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.
Beş il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüldü. Mən o günləri yaxşı xatırlayıram. 2005-ci ildə mənim təşəbbüsümlə geniş müşavirə keçirildi. Müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edildi. O vaxt biz əlbəttə bəlkə təsəvvür edə bilməzdik ki, bu, nə dərəcədə böyük və mürəkkəb layihə olacaqdır. Ancaq iradəmiz və istəyimiz bizə bu layihənin həyata keçirilməsinə imkan yaratdı. 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməl daşı qoyuldu, ondan sonra tikintisi başladı və bu gün biz artıq bu kəmərin istifadəyə verilməsini bərabər qeyd edirik.
Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır. Bildiyiniz kimi, Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alır. Əlbəttə ki, müasir şəhər üçün bu, dözülməz bir vəziyyətdir. Bakıda su problemi əsrlər boyu mövcud idi. Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir."
Ölkə Prezidenti daha sonra vurğuladı ki, bu gün tarixdə qalacaqdır. Prezident qeyd etdi ki, təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava -bütün bunlara nail olmağın vacibliyini dilə gətirən ölkə Prezidenti bildirdi ki, bu gün Bakıda və başqa bölgələrdə görülən işlər - ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır. Bu gün Bakıda böyük məişət tullantıları emalı zavodu tikilir, artıq Balaxanı zibilxanası təmizlənibdir və oradan tüstülər daha qalxmır, şəhəri bürümür. Bu, təmiz hava deməkdir:
"Biz "Avro-2" standartlarına keçmişik. İndi "Avro-3" standartlarına, ondan sonra "Avro-4" və s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə gətirib çıxaracaqdır?! Ona gətirib çıxaracaqdır ki, hava daha da təmiz olacaqdır. Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Əlbəttə ki, istər-istəməz bu, havanı çirkləndirir. İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq - bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir. Təmiz içməli su, təmiz hava, təmiz ekologiya - bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin. Mən sizi, Bakı sakinlərini, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan vətəndaşlarını əmin etmək istəyirəm ki, bundan sonra da biz öz fəaliyyətimizdə ölkəmizin inkişafı, Azərbaycanda sosial problemlərin həlli üçün əlimizdən gələni edəcəyik və ölkəmizi irəliyə uğurla aparacağıq. Əziz dostlar, fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram."