Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün dünən Türkiyə Respublikasına səfərə gedib. İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycan Qırğızıstanla əməkdaşlığını genişləndirir Prezident İlham Əliyev Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayeva ilə görüşüb
Dünən İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan -Türkiyə qardaşlığı tarixi köklərə bağlıdır
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşüb
Dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıldı. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan və Türkiyə strateji tərəfdaş
dövlətlərdir
Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb
Dünən İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Ölkələrimiz arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Dövlət və hökumət başçılarının şərəfinə
İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dekabrın 22-də İstanbulun "Dolmabaxça" sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib. Prezident İlham Əliyevin Türkiyəyə səfəri davam edir.