Azərbaycanda iqtisadi inkişaf sürətlənir
Qlobal maliyyə böhranının ölkələrə güclü mənfi təsirinə baxmayaraq, Azərbaycan hökuməti 2010-cu ilin 11 ayında da iqtisadi və sosial inkişafını davam etdirib. Qlobal böhran Azərbaycanın xarici iqtisadi əlaqələrinə mənfi təsir etsə də, hökumət yarana biləcək çətinliklərin qarşısını ala bilib. Dünya ölkələrinin iqtisadi böhrandan ciddi zərər görməsi fonunda ölkəmizin əldə etdiyi uğurlar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların doğruluğunu bir daha təsdiq edir.
Azərbaycanda 2010-cu ilin 11 ayı ərzində iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən "Səs"ə verilən məlumata görə, əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalıb, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunub.
Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunub. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artıb, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.
Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunub.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artıb.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16,0 milyard kv.saat elektrik enerjisi istehsal olunub. Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb.
Qeyd etməliyik ki, qlobal böhran dünya ölkələrində qlobal ticarətə, sərnişin və yükdaşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurub. Kreditləşmə imkanlarını azaldıb, bir çox ölkədə iqtisadi tənəzzül yaradıb. Böhranın dalğası Azərbaycanın aid olduğu bölgədəki ölkələri də sarsıdaraq iqtisadi durumun pisləşməsinə, ÜDM-in həcminin və gəlirlərin azalmasına gətirib çıxarıb.
Azərbaycan hökuməti isə, çevik iqtisadi siyasət tədbirləri hesabına böhranın mənfi təsirlərini dəf edə bilib. Böhrana baxmayaraq, hökumət müdafiə xərcləri üçün nəzərdə tutulan bütün vəsaitləri maliyyələşdirib.
Hazırda Azərbaycanın dövlət borcları təhlükəli həddə deyil. Ölkəmizin xarici dövlət borcu ÜDM-in 8 faizə qədərini təşkil edir ki, bu da neft ixrac edən ölkələr üzrə orta göstəricidən 2 dəfəyə qədər aşağıdır.
Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,4 mln nəfər təşkil edir ki, onlardan 4 mln nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.
Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib.
Dövlət başçısının son sərəncamları ilə ölkəyə idxal olunan taxıl məhsularına, elmi avadanlıqlarına əlavə dəyər vergisi ləğv olunub. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılıb.
Bank və maliyyə sektorunun dayanıqlılığını artırmaq məqsədilə banklara və sığorta təşkilatlarına nizamnamə kapitalının artırılmasına yönəldilən məbləğlərin mənfəət vergisindən azad olunması barədə qanunvericiliyə edilmiş dəyişiklik bu sektorun inkişafına çox əhəmiyyətli müsbət təsir göstərib. Bu, mövcud şəraitdə sektora ölkə başçısı tərəfində göstərilən diqqət və qayğının bariz nümünəsidir.
Ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması da böyük uğurdur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsidir. İlham Əliyevin dediyi "Gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətinin inkişafından asılı olacaqdır" fikri günün reallığına çevrilir.