Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq, quruculuq işləri və dünyada analoqu olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb. Prezident İlham Əliyev seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri ardıcıl olaraq yerinə yetirdiyi üçün seçicilər məhz növbəti 5 ildə də talelərini ona etibar etdilər.
Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə, hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. Ötən 5 il xalqın öz inamında yanılmadığını, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyinin ilk günlərindən özünü peşəkar siyasətçi kimi təsdiqləyən İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər Onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi.
Bu gün Azərbaycan siyasətində proseslər elə bir dinamik və açıq müstəvidə cərəyan edir ki, insanların seçim və müqayisə etmək üçün kifayət qədər şansları vardır. Sözsüz ki, Ümummilli Lider Heydər Əliyev istisna olmaqla, öz prinsiplərinə sadiqlik və intellektual imkanları baxımından Prezident İlham Əliyev heç bir siyasətçiyə bənzəmir. O, Qərb standartlarını öz şəxsi simasında təcəssüm etdirən müasir siyasətçilər sırasında özünə layiqli yer tutmuşdur.
Ölkə Prezidenti İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin idarəçilik məktəbindən bəhrələnərək, bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ümummilli Liderimizin xalqın etimadına və dəstəyinə arxalanaraq, apardığı uğurlu daxili siyasət təcrübəsindən öyrənən cənab İlham Əliyev həmin yolu məharətlə davam etdirir. Onun seçkilər ərəfəsində bölgələrə səfərləri, ictimaiyyətin, sadə peşə adamlarının və əhalinin müxtəlif təbəqələri ilə görüşləri buna nümunədir. Mütəmadi keçirilən belə görüşlər zamanı dövlətimizin başçısı sadə xalqla təmasda olmaqla onların problem və qayğılarını öyrənir, əhalini narahat edən problemlərin həlli ilə bilavasitə özü yaxından tanış olur. Prezident özünün əsas vəzifələrini açıqlayarkən, bəyan edib ki, bizim əsas arzu və istəyimiz insanlarımızın daha firavan yaşamasını təmin etməkdir. Odur ki, görülən bütün işlər məhz qüdrətli Azərbaycan dövləti və xalqı naminədir.
Ötən 7 il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
Qloballaşma, sivilizasiyalararası dialoq, ümumbəşəri dəyərlərin tərkib hissəsi olan demokratik prinsiplər, eləcə də, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələn məsələlər İlham Əliyevin yürütdüyü siyasətin nəzəri bazasını və konseptual əsaslarını təşkil edib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq, Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslərə, həm də Azərbaycanın dünyada daim möhkəmlənən mövqeyi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirən siyasət düzgün istiqamətdədir.
Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır. Ötən yeddi il ərzində iqtisadiyyatımızın artım tempi dünyada analoqu olmayan səviyyəyə yüksəlmişdir.
Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını ən ümdə məsələ kimi, prioritet vəzifə kimi qarşıya qoyub. Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Regional sosial-iqtisadi inkişaf Dövlət Proqramı bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması üçün bütün zəruri məqamları özündə əks etdirən mühüm sənəddir. Son illərdə yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin kəskin aşağı düşməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, xidmət obyektlərinin inşası uğurlarımızın yalnız bir hissəsidir.
Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi sayəsində Azərbaycanda yerli iş adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, "bir pəncərə" sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Prezident İlham Əliyevin təbirincə desək, "əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni iş yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir". Bütün görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının illik hesabatında 2008-ci ildə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçirilən islahatlara görə Azərbaycan Respublikası lider ölkə kimi tanınmışdır.
Son 5 il ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək, 16167 məcburi köçkün ailəsi 52 yeni inşa olunmuş müasir qəsəbələrə köçürülərək, hər cür şəraiti və lazımi avadanlığı olan fərdi evlərlə təmin olunmuşlar.
Prezidentin yürütdüyü həm daxili, həm də xarici siyasət kursunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həlli mühüm yer tutur. Məhz dövlətimizin başçısının apardığı gərgin iş sayəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlət kimi tanınması, təcavüzkar siyasətinin pislənilməsi ölkəmizin diplomatik qələbəsidir. Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.
Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, o, Heydər Əliyevin nurlu ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir. Türk dünyasının milli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin nurlu ideyalarını zamanın tələblərinə uyğun uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik yüksəlişində fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollar və su xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin yubileylərinin qeyd edilməsinin YUNESKO-nun proqramına salınması, respublikada ümumbəşəri əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir.
Ümumən, ölkə Prezidenti İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır.