Bölgələrin sürətli inkişafı davam edir
"Bizim məqsədimiz ondan ibarətdir ki, hər bir qəsəbə, kənd, hər bir rayon mərkəzi inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar, məktəblər, xəstəxanalar tikilsin, bütün sosial infrastruktur yeniləşsin, yeni yollar çəkilsin." Prezident İlham Əliyev bütün çıxışlarında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsini həlli vacib məsələ kimi diqqətə çatdırır.
Regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin marağını cəlb edir.
"Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır"- deyən dövlət başçısı bildirir ki, bu gün bölgələr inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Təbii ki, uğurların əsasında məqsədyönlü islahatlar, düşünülmüş siyasət, hər bir sahə üzrə proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi dayanır.
İqtisadiyyatın şaxələndirilməsi qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Neft gəlirlərindən səmərəli istifadə digər sahələrin, xüsusilə də, qeyri-neft sektorunun inkişafına stimul verir. Dövlət başçısı bildirir: "Əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib, başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax, bu reallıqlar bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələlərini yaradır."
Onu da vurğulamaq lazımdır ki, 2004-cü ildə əsas vəzifə kimi qarşıya qoyulan qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bu gün təmin edildi. Bu uğurlar Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inamının nəticəsində əldə olunub. Eyni zamanda, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim dövlətin diqqətindədir. Bu məqsədlə yaradılan "Aqrolizinq" ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi və icarə verilən kənd təsərrüfatı maşınlarının sayı artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir. Nəticədə ÜDM-də 85 faiz payı olan özəl bölmənin inkişafı yüksək səviyyədə təmin edilir.
Eyni zamanda, ölkəmiz özünü ərzaq məhsulları ilə tam təmin edir. Respubilkamızda istehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatı ancaq enerji resurslarından asılı deyil. Bölgələrdə gedən quruculuq-abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir. Belə ki, son 7 ildə 900 mindən artıq yeni iş yeri açılıb. Həyata keçirilən infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrasına başlananda. cənab İlham Əliyev bildirmişdi ki, məqsəd kəndlə şəhər arasında fərqi azaltmaq, hər bir bölgənin inkişafını təmin etməkdir: "Əgər hər bir kəndin problemi həll edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar. Hər bir rayonun, hər bir kəndin öz proqramı, öz tədbirlər planı olmalıdır".
Dövlət başçısı İlham Əliyevin əksər bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu məqsədə xidmət edir.
Onu da vurğulamaq lazımdır ki, bu gün respublikamızın bölgələri inkişaf, tərəqqi baxımından paytaxtdan geri qalmır. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri, digər sosial obyektlər tikilib istifadəyə verilib və müasir standartlara uyğun tərzdə yenidən qurulub.
Bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır"-deyən dövlət başçısı qeyd edir ki, iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur. Yerlərdə olarkən əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanan Prezident İlham Əliyev təklif və təşəbbüslərin reallaşmasını, lazımi tədbirlərin görülməsini müvafiq qurumların qarşısında mühüm vəzifə kimi qoyur.
İstər birinci, istərsə də ikinci dövlət proqramlarında ölkənin davamlı və tarazlı inkişafını daha da şaxələndirmək nəzərdə tutularaq, həyata keçirilir. Bu baxımdan da, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə, yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir. Təkcə onu demək kifayətdir ki, proqramın başlandığı gündən bəri keçən 7 ildə ölkədə 30 mindən çox yeni müəssisə yaradılıb, 900 min yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 11 faizədək azalıb. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 3 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 2 dəfə artıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş verib, xüsusən də, sənaye istehsalı 3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 30 faiz, əhalinin gəlirləri isə 5 dəfə artıb.
Bütün bu sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca böyük önəm daşıyır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm Dövlət Proqramında 3 əsas istiqamətdə tədbirlər nəzərdə tutulub. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də, ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir. Yeni regional proqramda vurğulanır ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, yaxın gələcəkdə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılması mühüm vəzifə kimi qarşıda durur.
"Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiə üçün hər şeyi edir"- Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial yönümlü islahatlar üstünlük təşkil edir.
Artıq hər bir vətəndaş yeni Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir. İqtisadiyyatın ümumi inkişafının dinamik xarakter almasının, maliyyə imkanlarının güclənməsinin sosial tədbirlərin reallaşdırılmasına mühüm əhəmiyyət verilir. Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilib və ya yenidən qurulub. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir.
Prezident İlham Əliyevin "Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin" fikri reallıqdır. Bunu hər kəs artıq öz yaşadığı yerdə aydın görür.