Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əhəmiyyəti sürətlə artır
Bu gün Azərbaycanda əsas vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənibdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Biz həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük...".
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunan ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilərək, regional problemlərin həlli ön plana çəkilibdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun azaldılması ilə bağlı müsbət göstərici əldə edilibdir - 11 faiz. Bununla belə dövlət həmin təbəqədən olan insanlara daim öz qayğısını göstərir, minimum əmək haqqı və pensiyanın qaldırılmasında, sosial müdafiə işlərində çox mühüm addımlar atır. Ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilməkdədir. Belə ki, əldə olunan makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir.
Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə bu gün effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Bu halda, vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir. Eyni zamanda, ölkəmizdə maliyyə bazarında əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu da özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Digər bir məqamı da vurğulamaq lazımdır ki, maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosialyönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur. İqtisadiyyata investisiya qoyuluşu həcmi də getdikcə artır. Bu ilin ötən aylarında ölkəmiz investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, bir sıra bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr son illər öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi artmaqda davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi. Bu gün ölkəmizdə yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, Azərbaycan daxili investisiyaların həcmini də ildən-ilə artırsın.
Qeyd olunmalıdır ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı şəkildə reallaşdırılmasına əlverişli şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, yeni regional Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafını sürətləndiribdir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı".