Əhalinin pul gəlirləri 11 faiz artıb...
Azərbaycan Prezidenti İlham Əliyevin gercəkləşdirdiyi iqtisadiyyatın dinamik inkişafı siyasəti ölkə vətəndaşlarının yaşayış səviyyəsinin ardıcıl olaraq yüksəldilməsini təmin edib. Ölkəmizdə müasir standartlara cavab verən strateji xəttin uğurla reallaşdırılması həyatımızın bütün sahələrində inkişafa gətirir, o cümlədən, sosial qayğıya ehtiyacı olan vətəndaşların da həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir.
Qlobal maliyyə böhranının davam etdiyi, əksər ölkələrdə sosial göstəricilərin aşağı düşdüyü 2010-cu ilin 9 ayında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artıb.
Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edir. Onlardan 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir.
Ümumilikdə, əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir.
Nazirlər Kabinetinin Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı bildirib: "Azərbaycanda güclü sosial siyasət aparılır. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə, keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Azərbaycanı MDB məkanı ilə müqayisə etsək, görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir.
Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsil mənasında, prioritet məsələdir. Dövlət başçısı bəyan edib ki gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır".
Qeyd edək ki, Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunub.
Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də 2-ci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Ukraynada 91,4 dollar, Rusiyada 90,2 dollar, Belarusda 81,1 dollar, Gürcüstanda 44,3 dollar, Ermənistanda 21,6 dollar və s. təşkil edir.
Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib.
Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləği 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub.
Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı bazar iqtisadiyyatı prinsiplərinə dayanan beynəlxalq standartlar üzrə həyata keçirilən aktual hesablamalara əsaslanaraq aparılır.
Fəxrlə deyə bilərik ki, ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi vasitəsilə real iqtisadiyyatın inkişafının pensiya məbləğlərinin artımı ilə uzlaşdırılması mexanizmi yaradılıb. Göstəricilərə diqqət yetirək: son 4 il ərzində qeyri-neft sektorunda artım 2,6 dəfə təşkil edib və əhalinin gəlirləri də 2,6 dəfə yüksəlib. Qeyd olunduğu kimi, pensiyanın minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.
Ümumiyyətlə, son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlib. Hakimiyyəti ilk gündən xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirib.
Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır.
Bu siyasət, eyni zamanda, insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir.
Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası əldə olunan uğurların əsasını təşkil edən əsas amillərdəndir.
Bütün bunlar göstərir ki, ölkədə təbii sərvətlərin satışından əldə olunan vəsaitlər bugünkü və gələcək nəsillərin mənafeyi naminə düzgün və səmərəli istifadəyə xidmət edir. Dövlət məhz insan amilini rəhbər tutaraq vətəndaşların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi yönümündə təsirli tədbirlər həyata keçirir.
Təbiidir ki, iqtisadi proseslərin hazırkı kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, pensiya və müavinətlərin tədricən artırılması və vaxtında maliyyələşdirilməsi ölkə hökumətinin ən vacib məsələlərindən biridir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin zəruri həlqəsidir.
Ümumiyyətlə, Azərbaycan Prezidenti, Azərbaycan dövləti bütün səylərini, ilk növbədə, əhalinin sosial rifahının yüksəlməsinə sərf edir. Lakin bununla yanaşı, dövlətin maliyyə ehtiyatlarının gücləndirilməsi, ordunun möhkəmləndirilməsi və digər vacib sahələr də diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sərvətləri Azərbaycan xalqına sərf olunur.