Sosial proqramlar yoxsulluğu aradan qaldırır və əhalinin həyat səviyyəsini yüksəldir
Dünya maliyyə böhranının aparıcı dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vaxtda respublikamızın iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirə qarşı önləyici tədbirlər görülüb və nəticə etibarilə nəzərdə tutulmuş sosial proqramların həyata keçirilməsi işləri səngimədən davam etdirilib. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş konfranslarda Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət xususi qeyd olunub və əldə edilmiş nailiyyətlər müxtəlif ölkələrə nümunə kimi göstərilib.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesinə başlanılıb.
Dünya Bankı "Pensiya və sosial təminat" layihəsi çərçivəsində Ünvanlı dövlət sosial yardımı Proqramının monitorinqi məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğular keçirib. Bu sorğuların nəticələrinin təhlili yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğunu təsdiqlənib. Ölkəmizin iqtisadi imkanları artdıqca əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər daha uğurla davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması hər zaman Prezidentin diqqət mərkəzində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq- 707 mənzilin tikintisi başa çatdırılıb.
Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması və aparılan işlərin gücləndirilməsi ilə bağlı dövlət başsının xüsusi tapşırığı var. Ümumilikdə, indiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2009-cu ilədək 2114 ədəd "Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib.
Ötən il bu sahədə də irəliləyişə nail olunub, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 "Slavuta" markalı avtomobil respublikaya gətirilib. Bu il daha 350 ədəd avtomobilin alınması planlaşdırılır.
Əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılıb. Bütün bu tədbirlərlə paralel olaraq, aktiv sosial müdafiə tədbirlərinə də önəm verilir.
Cari ilin birinci rübü ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən 5266 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1460 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2 dəfə çoxdur.
Növbəti aydan respublikamızın əksər şəhər və rayonlarında əmək yarmarkalarının təşkilinə start veriləcək. Ötən il 57 şəhər və rayonda keçirilmiş bu tədbirlər vasitəsilə 8132 nəfər işə düzəlib. Ümumilikdə, 2009-cu il ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 28382 nəfər işlə təmin olunub.
Miqrasiya idarəetmə sisteminin inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanının icrası yönündə "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası" hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2010-cu il üçün bu kvota cəmi 10700 nəfərdir. Hazırda respublikamızda müvafiq fərdi icazə əsasında 82 ölkədən 6386 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövründəkindən 602 nəfər və ya 1,4 dəfə çoxdur.
Hesabat dövrü ərzində verilmiş və müddəti uzadılmış fərdi icazələrin sayı 1976 olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər və ya 1,3 dəfə çoxdur. Əcnəbilərə fərdi icazələrin alınması üçün dövlət rüsumu məbləğinin 45 manatdan 1000 manata qaldırılması daxili əmək bazarının qorunması ilə yanaşı, həm də işəgötürənlər tərəfindən ölkəmizə əsasən yüksək ixtisaslı kadrların gətirilməsinə, həmçinin, yerli mütəxəssislərin peşə və ixtisaslarının artırılmasına daha artıq dərəcədə diqqət göstərmələrinə xidmət edir.
İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi işləri davam etdirilib. 2009-cu il ərzində Dövlət Əmək Müfəttişliyi tərəfindən 2438 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9124 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib, 553870 manat məbləğində cərimə tətbiq edilib.
Həmçinin, 7048 nəfər işçi ilə əmək müqaviləsi bağlatdırılıb, vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 1045564 manat olub.
Birinci rüb ərzində işə qeyri-leqal cəlb edilən 431 nəfərlə əmək müqaviləsi bağlatdırılıb, vətəndaşlara ödənilməsi təmin edilib, gecikdirilmiş vəsaitin ümumi məbləği 200139 manat olub.
Əməyin mühafizəsinin təşkilinə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son 3 ildə iş yerlərində baş verən bədbəxt hadisələrin və bu hadisələr zamanı həlak olanların sayı ilbəil azalıb. Belə ki, 2007-ci ildə istehsalatla əlaqəli 259, 2008-ci ildə 255, 2009-cu ildə isə 231 bədbəxt hadisə baş verib, bu hadisələr nəticəsində ölənlərin sayı, müvafiq olaraq, 128 nəfər, 72 nəfər və 69 nəfər təşkil edib.
Beləliklə, hazırkı vəziyyət ölkədə əhalinin sosial müdafiəsi istiqamətindən ciddi addımların atıldığını və böyük uğurların əldə olunduğunu göstərir. Azərbaycanın maliyyə imkanları artdıqca, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verir.