Prezident təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini təbrik edib. Məktəbin milli təhsil sisteminin inkişafına və maarif-mədəniyyət tariximizə dəyərli töhfələr verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Şuşa şəhər məktəbi maarifpərvər insanların fədakar əməyi sayəsində uzun illər respublikamızın zəngin təcrübəyə malik bir ümumtəhsil ocağı olaraq tanınıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal altına alınan torpaqlarımızda, o cümlədən xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial infrastrukturun büsbütün dağıdıldığını vurğulayan Prezident İlham Əliyev Şuşa şəhəri 1 nömrəli orta məktəbin 1992-ci ildən Bakıda məskunlaşmaq məcburiyyətində qaldığını qeyd edib. Dövlətimizin başçısı məktəbin ötən illərdə özünün pedaqoji ənənələrini qoruyub yaşatmaq üçün böyük əmək sərf etdiyini bildirib.