PDF Oxu

Siyasət

  • 18

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətər Dövlətində keçirilməsi barədə FİFA İcraiyyə Komitəsinin qərarı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qərar ölkənizin hərtərəfli inkişafına, beynəlxalq və regional məsələlərin həllində fəal səylərinə verilən yüksək qiymət, dünya miqyasında gündən-günə artan nüfuzunun bariz ifadəsidir. Ümidvaram ki, çempionat mükəmməl təşkilati-texniki hazırlığı ilə fərqlənəcək və yüksək səviyyədə keçiriləcəkdir. Sizə, qardaş Qətər xalqına, ölkənizin bütün idman ictimaiyyətinə çempionata hazırlıq mərhələsində uğurlar, bu mötəbər yarışa ev sahibliyi edəcək milli komandanıza isə əzmkarlıq və parlaq qələbələr arzulayıram."
* * *
Prezident İlham Əliyev həmçinin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə də təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli Dmitri Anatolyeviç, 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm. Şadam ki, Rusiya yenidən dünya və idman ictimaiyyətinin cazibə mərkəzinə çevrilmişdir. Rusiyanın bu qədər çətin mübarizədə qələbəsi onun dünya birliyinə uğurlu inteqrasiyasını, Rusiya idmanının danılmaz xidmətlərinin etiraf olunmasını təsdiq etdi. Əminəm ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları üçün, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı olacaqdır.
Hörmətli Dmitri Anatolyeviç, Sizə, çempionatın Təşkilat Komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə dünya çempionatının hazırlanmasında və keçirilməsində nailiyyətlər, rusiyalı futbolçulara uğurlar və parlaq qələbələr arzulayıram."

Digər xəbərlər