Dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in 7-ci sammiti işə başlayıb. Sammitdə, ümumilikdə, 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.
Astananın Müstəqillik Sarayında ATƏT-in sammiti öz işinə başlayıb. Astana sammitində 38 dövlət və hökumət rəhbərləri, bir vitse-prezident, 7 hökumət başçısının müavini, 14 nazir, ATƏT-in üzv ölkələrinin və tərəfdaş təşkilatların digər yüksək vəzifəli şəxsləri, habelə, beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir. Astana sammiti 1999-cu ildə İstanbulda keçirilən sammitindən sonra ATƏT-in ilk zirvə görüşüdür. Eyni zamanda, ATƏT-in Mərkəzi Asiyada keçirilən ilk sammitidir. Plenar sessiya dekabr 2-də davam edəcək.
ATƏT-in sədri: "Uzunmüddətli münaqişələr üzrə görülən işlər nikbinlik üçün əsas yaradır"
SİA-nın "Tengrinews.kz"-ə istinadən verdiyi xəbərə görə, ATƏT-in VII sammitini Qazaxıstan prezidenti Nursultan Nazarbayev açdı. O bildirdi ki, bu gün dünya təhlükəsizliyin yeni formatına keçib. Qazaxıstan prezidenti nüvəsiz dünya ilə bağlı ümumi Bəyannamənin qəbulunu dəstəkləməyə çağırdı. Nursultan Nazarbayev bu sammitdə Əfqanıstandakı vəziyyət, qeyri-qanuni miqrasiya, kütləvi qırğın silahlarının yayılması təhlükəsi, qlobal iqtisadi böhran və digər vacib məsələləri müzakirə etmək üçün gözəl imkan yarandığını diqqətə çatdırdı.
Qeyd etdi ki, dünyanın çağırışlarına layiqincə cavab vermək üçün ATƏT-in institutlarının sayı artırılmalıdır. Qurumun iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunan N.Nazarbayev Maastrix strategiyasına "Maastrix müsbət" sənədini əlavə etməyi təklif etdi. Daha bir təklif iqtisadi forumun yaradılması ilə bağlı oldu. Həmçinin, silahsızlaşdırma üçün forumun yaradılması təklifi də səsləndi. Qazaxıstan prezidenti konfessiyalararası dialoqun genişləndirilməsinin vacibliyini vurğulayaraq, sammit iştirakçılarını yeni onillikdə tolerantlıq sənədi üzərində işləməyə çağırdı.
ATƏT-in hazırkı sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev qurumun əsas prinsiplərini dəstəklədiklərinə görə iştirakçı dövlətlərə minnətdarlıq etdi. Qazaxıstanın quruma sədrliyi dövründə görülən işlərdən danışan K.Saudabayev millətlərarası və dinlərarası dialoqun qurulmasına xüsusi diqqət yetirdi. Təşkilatın prioritetlərini sadalayan ATƏT-in hazırkı sədri onu da vurğuladı ki, uzunmüddətli münaqişələr üzrə görülən işlər nikbinlik üçün əsas yaradır. K.Saudabayev ATƏT-ə sədrliyin Litvaya keçəcəyini deyərək, bildirdi ki, Qazaxıstan bundan sonra da ATƏT-in fəal iştirakçısı kimi qalacaqdır.
BMT-nin baş katibi Pan Gi Mun: "İndi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına daha çox ehtiyac var"
Sonra BMT-nin baş katibi Pan Gi Mun çıxış edərək bildirdi ki, indi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına daha çox ehtiyac vardır. Bunun üçün birgə əməkdaşlıq daha faydalıdır. ATƏT regionunda uzun müddətdir ki, həll olunmayan münaqişələr mövcuddur. Onlar sülh və danışıqlar yolu ilə həllini gözləyir. Eyni zamanda, münaqişə bölgələrində yaşayan insanlar da haqlı olaraq bizdən kömək istəyirlər, - deyən BMT-nin baş katibi bütün beynəlxalq təşkilatların narahatlıq doğuran məsələlərin həllində eyni mövqedə durmasının və birgə əməkdaşlıq etməsinin mövcud problemlərin həllinə yol açacağına ümid bəslədiyini diqqətə çatdırdı.
ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiou isə dedi ki, dünyada etimad məsələlərinin qloballaşdığı bir vaxtda ATƏT-in son 11 ildəki tarixində bu cür böyük tədbirin təşkil olunması mühüm hadisədir. O bildirdi ki, ATƏT-in ən vacib qurumlarından olan Parlament Assambleyası da təşkilata daxil olan bəzi ölkələrin ərazisində münaqişələrin hələ də mövcudluğundan narahatdır və ATƏT bütün problemlərin sülh yolu ilə həllinə çalışır.
ATƏT-in baş katibi Mark Perrin de Brişambo çıxışında bildirdi ki, ATƏT tarixi zərurətdən yarandı və indiki sammit də bu qurumla əməkdaşlığa yeni regionların cəlb olunacağını göstərir. Sammitdə qəbul olunacaq sənədlər qurumun fəaliyyətində yeni bir mərhələ olacaq,- deyən baş katib ümumi təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların birgə fəaliyyətinin zəruri olduğunu bildirdi.
Daha sonra ATƏT-in üzv ölkələrinin və tərəfdaş dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər
Avropa Birliyinin prezidenti: "Dağlıq Qarabağ ümidsiz münaqişələr siyahısına daxil olmamalıdır"
Avroatlantik məkanda və Avrasiyada mövcud olan münaqişələr ümidsiz münaqişələr siyahısına daxil olmamalıdır. SİA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) prezidenti Herman van Rompey ATƏT-in Astana sammiti zamanı çıxışında bildirib. O, qeyd edib ki, münaqişlərin həlli AB-nin əsas prioritetidir.
AB-nin prezidenti təmsil etdiyi qurumun qarşısında duran əsas üç vəzifədən danışıb: "Birincisi, Dnestryanı hadisələrin həlli üçün rəsmi danışıqlara başlamaq, ikincisi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, üçüncüsü isə ATƏT-in Gürcüstanla bağlı danışıqlarda əsas tərəf kimi iştirakıdır".
Eyni zamanda Herman van Rompey AB-nin ATƏT-ə üzv olan ölkələri arasında kütləvi qırğın silahların satışını tərəfdarı olmadığını vurğulayıb. Çıxışının sonunda, o, sammitdə iştirak edən nümayəndələrə AB-nin bütün münaqişələrin həllində gücün istifadəsinə qarşı olduğunu deyib.
"Rusiya "Qarabağda həllin təməl prinsipləri" planını hazırlayacaq". Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Rusiyanın səsi" radiosuna verdiyi açıqlamasında deyib.
Rusiyanın Dağlıq Qarabağ probleminin həlli üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qurduğu Minsk Qrupunun həmsədrlərindən birini olduğunu xatırladan xarici işlər naziri bildirib ki, Rusiya dövlət başçısı Dmitri Medvedev bu məsələ ilə şəxsən məşğul olur: "O, bu günə qədər Azərbaycan və Ermənistan prezidentləri ilə 7-8 dəfə görüşüb.
Görüşlərdə hələ də həll edilməyən münaqişəni qavramaq və yanaşmalardakı ziddiyyətləri ortadan qaldırmaq istiqamətində ciddi səylər göstərilib. Rusiyanın məqsədi "Qarabağda həllin təməl prinsipləri" adlı əhatəli bir sənəd hazırlamaqdır. Ancaq hələ də ciddi problemlər qalmaqdadır".
S.Lavrov Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Fransa ilə yaxın əməkdaşlıq etdiklərini və ATƏT-in Astana zirvəsi öncəsi Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüklərini deyib. Son dövrlər atəşkəs rejiminə riayət edildiyini söyləyən Rusiya xarici işlər naziri bildirib ki, indiki halda münaqişənin həllində bir sıçrayış əldə olunduğunu demək çətindir: "Bu, çox incə bir məsələdir. Astana zirvəsi ola biləcək bir müsbət inkişafa yardım etsə, bu, ciddi bir uğur olacaq".
İlham Əliyev: "Ermənistan Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir"
"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhlükə törətməkdədir. Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər yeddi rayonunu da işğal altında saxlamaqda davam edir".
Prezident İlham Əliyev ATƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış zamanı onu da bildirib ki, ermənilər tərəfindən yüzlərlə insan azərbaycanlı olduğuna görə qətlə yetirilib: "Ermənistan işğal altında olan ərazilərin bütün infrastrukturunu məhv edib. Şəhərlərimiz və kəndlərimiz, evlərimiz, müqəddəs yerlərimiz, əcdadlarımızın məzarları, məscidlər məhv edilib. Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırımı həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır. Lakin bununla belə Azərbaycan əvvəlki tək sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə əsaslanmalıdır".
İlham Əliyev çıxışında Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib: "Bu gün Ermənistan işğal etdiyi əraziləri nəzarətdə saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını maneçilik törətmək üçün yenə də güc tətbiq edir. Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə, konfliktin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirir, işğal etdiyi ərazilərdə insanları qanunsuz məskunlaşdırır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir.
Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə, status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danışıqlar 20 ildir aparılır, amma nəticə yoxdur. Biz danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırıq".
Hillari Klinton: "Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında olmalıdır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında olmalıdır". SİA-nın "KAZİNFO"ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Müstəqillik Sarayında keçirilən ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib: "Mən Minsk Qrupu həmsədrləri adından bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişənin həlli zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının iyulun 10-da Akvilldə bəyan etdiyi və Muskokda 26 iyun tarixində yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq vacibdir".
Onun sözlərinə görə, bu prinsiplərdən hansısa birini seçmək olmaz: "Əgər bu prinsiplərdən biri seçilib, digəri kənara qoyulsa, bu, münaqişənin həllinə imkan verməz. Eyni zamanda ATƏT məkanında bir sıra münaqişələr həllini tapmamış qalır və ATƏT bu münaqişələrinə həllində böyük rol oynamalıdır".
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Astanada əldə olunacaq prinsiplər əsasında davam etməlidir". SİA-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ATƏT-in Astana sammitində çıxışı zamanı bildirib. Avropalı diplomat ATƏT-ə üzv olan ölkələrə həlli uzadılmış münaqişələrin həlli istiqamətində aparılan danışıqları aktivləşdirməyi tövsiyə edib.
"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazırdır". Bunu Fransanın baş naziri Fransua Fiyon bildirib: "Münaqişə balanslaşdırılmış qərar əsasında həll olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyanatlarında əksini tapan prinsiplərə əsaslanmalıdır".
Fransalı diplomat deyir ki, bu prinsiplər vahid və bölünməz paket halında nəzərdən keçirilməlidir. Qeyd edək ki, bu gün Astananın Müstəqillik Sarayında ATƏT-in sammiti öz işinə başlayıb.
"Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yüksək səviyyədə işarə olacaq"- bunu İsveçin xarici işlər naziri Karl Bildt zirvə toplantısındakı çıxışında deyib. O, münaqişənin həlli üçün Minsk Qrupunun səylərinin dəstəklənməsini zəruri sayaraq, bildirib ki, münaqişə Madrid prinsipləri əsasında həll olunmalıdır: "Biz Ermənistan və Azərbaycanı bu problemin həllində ciddi irəliləyişə nail olmaq üçün lazımi qərarları qəbul etməyə çağırırıq".
Rusiya prezidenti, Fransanın baş naziri, ABŞ-ın dövlət katibi, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri- Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha ciddi səylər göstərməyin vaxtı çatıb: "Sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur. Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin, prezidentlər Dmitri Medvedev, Nikolya Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər.
ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan edirlər. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırırlar".
Qeyd edək ki, sammitin 1-ci günü çox səmərəli keçib. Bu gün də sammit öz işini davam etdirəcək. Çox böyük ehtimalla ATƏT bir beynəlxalq təşkilat olaraq Avropada və dünyada öz mövqeyini xeyli gücləndirəcək və fəaliyyətini artıracaq.