ATƏT-ə üzv ölkələrin dövlət başçılarının Astana zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünən bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, qarşılıqlı əməkdaşlıq əlaqələri, həmçinin, həll olunmamış münaqişələrə toxunulub. Azərbaycan Prezidentinin həm beynəlxalq təşkilatların, həm də bir sıra ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlərdə mühüm məsələlər ətrafında fakir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti Niderlandın baş naziri ilə görüşüb
Prezidentin mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, dünən dövlət başçısı ilə Niderlandın baş naziri Mark Ruttenin görüşü olub. Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir. Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa Birliyi əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.
İlham Əliyev Yunanıstanın baş naziri ilə görüşüb
Dünən Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın baş naziri George Papandreunun da görüşü olub. Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə, enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
İlham Əliyev və Abdullah Gülün görüşü olub
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.
Türkiyə Prezidenti dövlətimizin başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Azərbaycan Prezidenti Avstraliyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycan Prezidenti dünən, həmçinin, Avstraliyanın xarici işlər naziri Kevin Rudd ilə görüşüb. Kevin Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlətimizin başçısı bildirib ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait var. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
İlham Əliyev Böyük Britaniya baş nazirinin müavini ilə görüşüb
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya baş nazirinin müavini Nik Kleqin görüşü olub. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimizin enerji sahəsində əlaqələrinin xüsusi əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
İlham Əliyevin və Sloveniya prezidenti Danilo Türkün görüşü olub
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olub. İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edilib ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə verib. Sloveniya Prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsi ilə maraqlanıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
Astanada İlham Əliyevin və Mixeil Saakaşvilinin görüşü keçirilib
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. İqtisadi sahədə, o cümlədən, ölkələrimizin birgə həyata keçirdikləri enerji layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı məsələlər müzakirə edilib. Dövlət başçıları əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.
İlham Əliyev Avropa Birliyinin prezidenti Herman Van Rompeylə görüşüb
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Birliyinin prezidenti Herman Van Rompeyin görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu. Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Prezident İlham Əliyev Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb. Görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, sammitin ikinci günündə də Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək. Qeyri-rəsmi məlumatlara əsasən, Ermənistan prezidenti Serj Sarksyanla təyin olunmuş ikitərəfli görüşdə nəzərdə tutulub. Bu görüşdə Dağlıq Qarabağ problemi müzakirə ediləcək. Qazaxıstan KİV-lərin verdiyi xəbərə görə, görüşdə Qazaxıstanın dövlətin başçısı Nursultan Nazarbayev də iştirakı gözlənilir.
Azərbaycan Prezidenti Avstriya prezidenti ilə görüşüb
Dünən Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya prezidenti Haynts Fişerin görüşü olub. Avstriya prezidenti qeyd edib ki, ölkəsi Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafında çox maraqlıdır.
Bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən, Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Prezident Haynts Fişer, bu baxımdan, Avstriyanın müvafiq şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd edib.
Avstriya prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsi ilə maraqlanıb. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşüb
Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun görüşü olub. Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından və ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
Dövlət başçıları birgə müəssisələrin yaradılmasına və enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.