Xəbər verdiyimiz kimi, noyabrın 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsində təsdiqindən sonra IV çağırış Milli Məclisin tərkibi təsdiq olunub. Seçkidə Yeni Azərbaycan Partiyası qalib gəlib və parlamentdə ən çox deputat yerinə sahib olub. YAP Sədri, ölkə Prezidenti İlham Əliyev noyabrın 29-da hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşündə ölkədə həyata keçirilən siyasi və demokratik islahatlara toxunub.
YAP bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur
Dövlət başçısı YAP-ın son 5 il ərzində- keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bildiyini deyib. İlham Əliyev qeyd edib ki, YAP sözün əsl mənasında, ümumxalq partiyasıdır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır: "Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülmüşdür. Partiya 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxalifət partiyası kimi yaranmışdır. Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir.
Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir".
YAP Sədri partiyanın çox geniş beynəlxalq əlaqələrinin olduğunu vurğulayıb: "Biz tərəfdaş partiyalarla çox səmərəli əməkdaşlıq edirik. Beynəlxalq əlaqələrimiz həm partiyanın, həm də ki, ölkəmizin maraqlarına xidmət göstərir. Ancaq ən önəmlisi odur ki, cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyası böyük rəğbət qazana bilmişdir. Nümayəndələrimizin seçkilərdə qələbəsi bunun əyani sübutudur.
Hər bir namizəd, əlbəttə ki, öz dairəsində öz kampaniyasını aparmışdır. Ancaq təsadüfi deyil ki, bu dəfə qələbə qazanmış namizədlərimizin sayı daha da çox olmuşdur. Bu, onu göstərir ki, Azərbaycan xalqı bizim partiyaya olan münasibətini seçkilərdə bu şəkildə göstərir. Əlbəttə ki, partiyamızın dəstəyi seçilmiş deputatların qələbə qazanmasında mühüm rol oynamışdır".
YAP-ın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev seçkilərdə digər siyasi partiyalar üçün yaradılan şəraitdən də danışıb. Qeyd edib ki, bütün siyasi qüvvələr Azərbaycanın siyasi həyatında fəal rol oynamalıdırlar.
YAP-ın cəmiyyətdəki roluna toxunan Prezident İlham Əliyev deyib: Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu haqqında geniş danışmaq olar. Mən partiyanın Sədri kimi çox şadam ki, son illər ərzində partiyaya olan axın güclənir, xüsusilə, partiyamızın sıraları gənclər hesabına genişlənir. Bu, onu göstərir ki, partiyamızın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir.
İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən, hər şeyi tənqid etmək, yaxud da ki, proseslərdən kənarda qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir və ölkədə gedən bütün proseslər istər-istəməz partiyamızın adı ilə bağlıdır, çünki partiyanın nümayəndələri rəhbərlikdə təmsil olunurlar. Ancaq ölkəmizdə həm siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə getdiyinə görə, əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə xidmət göstərir".
YAP liderinin ölkədə bütün siyasi qüvvələrə bərabər şərait yaradılması haqda dedikləri son seçkilərdə bir daha təsdiq olundu. Qeyd edilməlidir ki, həm seçki kampaniyası dövrü, həm də seçki prosesi tam şəffaf, demokratik və ədalətli formada keçirildi və bunu həm yerli, həm də beynəlxalq müşahidəçilər təsdiq etdilər.
Keçən 5 ildə Milli Məclisin ümumi fəaliyyətini yüksək qiymətləndirirəm
İlham Əliyev noyabrın 7-də keçirilən parlament seçkilərinin Azərbaycanda islahatların düzgün istiqamətdə aparıldığını bir daha təsdiq etdiyini deyib: "Ölkəmizdə quruculuq-abadlıq işlərinin görülməsi xalq tərəfindən dəstəklənir və hesab edirəm ki, seçkilərdəki nəticələr, məhz bu reallığı əks etdirir.
Milli Məclis son 5 il ərzində səmərəli işləmiş, çoxlu qanunlar qəbul edilmiş, parlamentin beynəlxalq əlaqələri genişlənmişdir. Milli Məclisin ölkəmizin həyatında rolu artmaqdadır və bu müsbət haldır. Hakimiyyətin bütün qolları ölkədə gedən proseslərdə fəal iştirak etməlidirlər və əlbəttə ki, Milli Məclisin uğurlu fəaliyyəti, bütövlükdə, ölkəmizdə gedən proseslərə müsbət təsir göstərmişdir.
Milli Məclisin rəhbər orqanları da, rəhbər vəzifələri tutanlar da öz fəaliyyəti ilə bu müsbət meyilləri gücləndirmişlər. Mən keçən 5 il ərzində Milli Məclisin ümumi fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu meyillər, yəni, bu kurs davam etdirilməlidir.
Milli Məclisin yeni tərkibində müəyyən dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır. Bu da lazımdır. Yəni bu, əlbəttə ki, vətəndaşların iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir və cəmiyyətdə gedən islahatların təzahürüdür".
Ümumiyyətlə, ötən 5 ildə Milli Məclis çox səmərəli və operativ fəaliyyət göstərmiş, çox mühüm qanunlar qəbul edilmiş, ölkəmizin beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi üçün əməli addımlar atmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu fəaliyyət, bütövlükdə, ölkədə gedən proseslərə müsbət təsir göstərib.
Azərbaycanda parlamentarizm ənənələri yaranıb
Ümumiyyətlə, etiraf etmək lazımdır ki, Milli Məclisin Azərbaycanın müasir inkişafında çox mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha göstərdi. Çünki parlament seçkilərinə cəmiyyətdə olan maraq bir daha onu göstərir ki, vətəndaşlar onları Milli Məclisdə layiqli nümayəndələrin təmsil etməyini istəyirlər.
Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilib və bunu beynəlxalq təşkilatlar da qeyd ediblər. Dövlət başçısının dediyi kimi, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranıb. Parlamentdə sivil, mədəni-siyasi mübarizə aparmaq üçün bütün imkanlar var.
Heç kimdə şübhə yoxdur ki, yeni tərkibdə Milli Məclis həm peşəkarlıq, həm intellektual baxımından Azərbaycanın inkişafına töhfəsini verməyə qadirdir. Tam əminliklə demək olar ki, növbəti 5 ildə yeni Milli Məclis və onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcək.
Qafqazın ən böyük partiyası olan YAP dünənin, bugünün və sabahın partiyasıdır. Bu tezis öz əhəmiyyətini hər zaman saxlayır. Çünki Azərbaycan xalqı öz taleyini birdəfəlik olaraq bu partiyaya bağlayıb və bunu hər seçimdə bir daha təsdiq edir. Ölkənin hazırkı durumu da göstərir ki, xalqı bu seçimdə yanılmayıb.