Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli qaydada əməkdaşlığı tərəfdaşlıq xarakteri alaraq daim öz əhatə dairəsini genişləndirməkdədir. Əminəm ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin gerçəkləşməsi istiqamətində səylərimiz ölkələrimizin çiçəklənməsinə və xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və firavanlıq diləyirəm."