Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Fərman və Sərəncamlar imzalayıb. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılıb. Fərmanda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakı şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı ölkəmizin qüdrətini, xalqımızın dövlət atributlarına ehtiramını təcəssüm etdirir. Eyni zamanda, paytaxtın rəmzlərindən birinə çevrilən Dövlət Bayrağı Meydanının fəaliyyəti mürəkkəb mühəndis-texniki konstruksiyaların istismarı ilə bağlıdır. Göstərilənləri, habelə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı kompleksinin Azərbaycanın ictimai və siyasi həyatında xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılsın. Bundan başqa ölkə Prezidenti "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında, habelə Oruc Qafar oğlu Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi barədə, Kamil Tacid oğlu Xasiyevin Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında və Kamil Tacid oğlu Xasiyevin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması barədə Sərəncamlar imzalayıb.