Noyabrın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İranın və Azərbaycanın dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mahmud Əhmədinejada, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq, İran Prezidentinin Azərbaycana rəsmi səfərinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirildi. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğuladılar. Geniş tərkibdə danışıqlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə Azərbaycanla İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi olmuşdur.
"Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzaladılar. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Qonaqları səmimi salamlayan Prezident İlham ƏLİYEV mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik edib: "Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir".
Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana rəsmi səfərinin yaxşı nəticələri olacağını vurğulayaraq bildirib ki, bu səfər ikitərəfli əlaqələrə yeni güclü təkan verəcək, həmişə olduğu kimi, bundan sonra da İran ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edəcək və iki qardaş xalqa uğurlar, xoşbəxtlik gətirəcək.
X X X
Mübarək Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən İran Prezidenti Mahmud ƏHMƏDİNEJAD belə xoş bir gündə Azərbaycana səfər etdiyindən məmnunluğunu ifadə edib: "Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq. Əminəm ki, İrana səfəriniz zamanı Siz də həmin hissləri keçirirsiniz. Biz iki dost və iki qardaş ölkəyik. Necə ki, Siz qeyd etdiniz, münasibətlərimiz çox səmimi münasibətlərdir. Əlaqələrimizin inkişafına heç bir maneə yoxdur. Çox səmərəli danışıqlar keçirdik, bütün müştərək mövzular barədə müzakirələr apardıq. İran Prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayaraq bildirdi: - İkitərəfli əlaqələr mövzusu müştərəkdir. Regional və beynəlxalq münasibətlərdə də müştərəkik. İran xalqını müdafiə etdiyiniz şücaətli mövqeyinizə görə təşəkkür edirəm. Biz həmişə bir-birimizin yanındayıq və beynəlxalq təşkilatlarda, dünya birliyində bir-birimizin hüququnu qətiyyətlə müdafiə edəcəyik". Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz bəyanatında İran Prezidentinin müqəddəs Qurban bayramı günlərində Azərbaycana səfər etməsindən məmnun olduğunu deyərək, qardaş İran xalqını, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib:
"Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Səfərin çox gözəl nəticələri vardır. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlərin bundan sonra da inkişafı uğurla davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoymağa çalışırıq və buna nail oluruq.
Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Aramızda çox güclü siyasi dialoq aparılır. Biz Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir mübadiləsi aparırıq. Xarici işlər nazirləri, digər nazirlər vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə inkişafa səbəb olur və beləliklə, əlaqələrimiz daha da güclənir.
Beynəlxalq təşkilatlarda əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Biz BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu dəstək gündən-günə güclənir". Daha sonra Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi tərəfdaşlıq məsələlərinə, xüsusi ilə enerji sektorundakı əməkdaşlıqa dair fikirlərini açıqlayıb:
"Enerji sektorunda əməkdaşlığın artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.
Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq.
Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır. Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır."
Prezident İlham Əliyev daha sonra bölgədə təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında da danışıb: "Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.
Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.
Mən ümid edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq. Bu barədə bu gün fikir mübadiləsi aparılmışdır. Deyə bilərəm ki, bu gün biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli münasibətlər, həm də Xəzəryanı ölkələr arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu fikir mübadiləsi çox müsbət olmuşdur.
Mən bir daha, cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Bir daha demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət veririk! Mən əminəm ki, səfərin çox gözəl və uğurlu nəticələri olacaqdır!"
X X X
İran Prezidenti Mahmud Əhmədinejad öz bəyanatında Azərğbaycanla İran arasındakı əlaqələrə dair bir sıra məqamlara aydınlıq gətirdi, həmçinin gələcək tərədaşlıq haqqında da fikirlərini səsləndirdi. İran Prezidenti müqəddəs Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik etdi: "Mübarək Qurban bayramı münasibətilə sizi və dünya müsəlmanlarını bir daha təbrik edirəm. Böyük Allaha minnətdaram ki, ilin əziz günündə imkan yaratdı ki, biz bayramı qardaşlarımızla birgə keçirək. Necə ki, qardaşım hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran xalqları iki qardaş xalqdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlmişdir. Bu, qardaşlıq bir günlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.
Bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır. Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir.
Bölgə və Xəzər barədə baxışlarımız eynidir. Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır.
Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir. Biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik. Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq, ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir". Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın şərəfinə rəsmi qəbul təşkil edilib. Noyabrın 17-də Azərbaycan ilə İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim etdi. İran Prezidenti dedi ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir. Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. O bildirdi ki, bu avadanlıq Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.