Azərbaycan əsgəri işğal edilən torpaqları düşməndən azad etməyə qadirdir
Məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam, Füzuli və Yevlax rayonlarına səfər etmişdir. Səfər zamanı bir sıra mühüm əhəmiyyətli inzibati binaların, obyektlərin açılışında iştirak edən Prezident bu rayonlarda çıxışları zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıqlamış və münaqişənin həlli perspektivləri barədə danışmışdır. Xüsusilə, Yevlax şəhərinə səfəri zamanı cənab Prezident məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış binaları kompleksinin açılış mərasimində etdiyi çıxış zamanı torpaqlarımızın işğaldan azad olunacağını əminliklə vurğulamışdır.
Prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bütün imkanların olduğunu və hazırkı şəraitdə yalnız Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyin buna mane olduğunu bildirib. Ermənistanın Azərbaycan torpaqlarını öz adına çıxarmaq istəyini və bunun üçün müəyyən addımların atıldığını nəzərə çatdıran cənab Prezident bu tip addımların heç bir mənası olmadığını qeyd edib: "Ermənistan torpaqlarımızı zəbt edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o yerlərin, rayon mərkəzlərinin, kəndlərin adlarını dəyişdirib. Ancaq bunun heç bir mənası yoxdur, ad dəyişməklə heç nə dəyişmir. Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri, Ağdamı onların qoyduqları qondarma adlar ilə çağırmır. Ancaq buna baxmayaraq, biz gərək daha da güclü olaq. Biz güclənirik və gün gələcək torpaqlarımızı azad edəcəyik - Kəlbəcərdə, Laçında, Şuşada. Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bizim torpağımızdır və bir qarış torpağımızı düşmənə verməyəcəyik".
Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşü zamanı ordumuzun və ümümiyyətlə, ölkəmizin iqtisadi, siyasi qüdrətinin səviyyəsinin düşmənlə nisbətdə nə qədər artdığını qeyd etməsi də mühüm amillərdəndir. "Bizim qüdrətli, peşəkar, mübariz ordumuz, Silahlı Qüvvələrimiz var: "Onlar istənilən vəzifəni icra etməyə hazırdırlar. Bu qədər ki biz ordu quruculuğuna diqqət göstəririk, son illər ərzində o qədər ki, hərbi gücümüzü artırmışıq, istənilən anda və qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edə bilərik. Əminəm ki, düşmən də, bu məsələ ilə məşğul olan tərəflər də bunu bilirlər".
Prezident İlham Əliyevin söylədiyi bu məqamları bir növ işğalçı dövlət olan Ermənistana və münaqişənin həllində iştirakçı olan tərəflərə göndərilmiş mesaj kimi qiymətləndirmək olar. Azərbaycanın hərbi qüdrətinin artması ona öz torpaqlarını işğaldan azad etməyə imkan verir. Bu isə hər bir suveren ölkə kimi Azərbaycanın tam təbii hüququdur. İstənilən beynəlxalq sənədə istinad etməklə də bunu sübut etmək olar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin bu çıxışlarından sonra Ermənistan tərəfində müəyyən narahatçılığın yaranması da təbiidir. Onların reaksiyası özünü gecikdirməyib. Daim Azərbaycanın öz hərbi qüdrətini artırması ilə bağlı suçlayan və bu məsələni beynəlxalq arenada da qaldırmağa çalışan ermənilər bu gün onların heç bir halda Azərbaycanın səviyyəsinə çatmayacaqlarını bilirlər. Buna onların düşdüyü vəziyyət imkan vermir. İşğalçılıq siyasəti nəticəsində regiondan təcrid olunmuş Ermənistan dərin bir böhran və bataqlıq içərisindədir. Azərbaycanla müqayisədə inkişafdan çox geridə qalmış Ermənistan apardığı işğalçılıq siyasətindən əl çəkməlidir. Bu məsələ Prezident İlham Əliyevin çıxışında da öz yerini tapmışdır: "Biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafi və iqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu, əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur".
Cənab Prezidentin də vurğuladığı kimi, bu gün Ermənistan yalnız xaricdən ona edilən yardımlar hesabına öz mövcudiyyatını davam etdirir. Lakin bu xarici qüvvələrin də hansı müddətə qədər Ermənistana havadarlıq edəcəyi bilinmir. Onların Ermənistanın üzərindən öz əllərini çəkməsi isə Ermənistanın bir dövlət kimi məhvinə səbəb olacaq. Artıq həmin qüvvələrin bəziləri Ermənistanla bu cür münasibətin onlara heç bir xeyir verməyəcəyini və bunun əvəzində günü-gündən inkişaf edən Azərbaycanla əməkdaşlığın daha səmərəli olduğunu anlamağa başlayıblar.
Cənab Prezident Yevlaxda olarkən, həmçinin, Ermənistan tərəfinin münaqişədə tutduğu mövqe və Azərbaycanın qarşısına qoyduğu məqsəd barədə danışıb. O bildirib ki, hazırda davam edən danışıqlar prosesi sonsuzluğa qədər uzana bilməz, Azərbaycan dövləti buna icazə verməyəcək: "Beynəlxalq normaları pozan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Belə olan halda, qarşımızda duran seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək və iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirərək torpaqlarımızı azad etmək, - bizim əsas vəzifəmiz ondan ibarətdir, - ya da ki, danışıqlar naminə, sadəcə olaraq, danışıqlar aparmaq. Azərbaycan dövləti ona heç vaxt getməyəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz danışıqları ancaq məqsədə çatmaq üçün aparırıq. Məqsədimiz də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü bərpa etməkdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü təmin olunmalıdır".
Bu gün Azərbaycanın bir nömrəli problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən işlər görülməkdədir. Əlbəttə ki, Azərbaycan dövləti, başda Prezident İlham Əliyev olmaqla, öz fəaliyyətini bu problemin tezlikə öz həllini tapması istiqamətində qurmuşdur. Bunun üçün bütün zəruri addımlar atılır və atılacaqdır. Prezident İlham Əliyevin son çıxışı da bunu deməyə əsas verir. Onun məcburi köçkünlər qarşısında torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı əminliklə çıxış etməsi görülən işlərin nəticəsidir. Ötən dövr ərzində iqtisadi yüksəliş və hərtərəfli inkişafa nail olmaqla Azərbaycan atəşkəsin elan edilməsindən maksimum şəkildə yararlanaraq, düşmən üzərində mütləq üstünlüyü ələ ala bilmişdir. Bu isə düşmən üzərində qalibiyyətin artıq yarısıdır desək, yanılmarıq. Qalan yarısını isə dövlətimizin apardığı siyasət nəticəsində əldə edəcəyimizə heç bir şübhə yoxdur.
Sonda Prezident İlham Əliyevin məcburi köçkünlərə söylədiyi bir məsələni diqqətə çatdırmaq yerinə düşərdi. Cənab Prezident çıxışı zamanı məcburi köçkünlər üçün yeni tikilmiş binaların müvəqqəti olduğunu qeyd etmişdir: "Ancaq bir də demək istəyirəm ki, bu, müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda bundan da gözəl evlər tikiləcək."