PDF Oxu

Siyasət

  • 18

Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir

Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdir və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir.
Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası ilbəil möhkəmləndirilir.
Dövlətimizin başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular. Dövlətimizin başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır. Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılmışdır. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxdılar. İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları vardır. Dövlətimizin başçısı məşğələnin gedişini izlədi. Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirildi ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilmişdir. Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun "Qarabağ" instrumental ansamblının və gənclərin ifasında "Qarabağ şikəstəsi"ni dinlədilər. Mərkəzin 520 yerlik açıq yay zalı da vardır. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunmuşdur. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin gün Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır. Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol və voleybol meydançası, 500 yerlik zal, tennis kortu, 1860 tamaşaçı yeri olan futbol meydançası, avtomobil dayanacağı vardır. Olimpiya-İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. Horadiz Olimpiya İdman Kompleksinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edərək Füzuli rayonunda gözəl Olimpiya İdman Kompleksnin açılması münasibəti ilə onları təbrik edib. Prezident bildirib ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdman Azərbaycanda artıq çox sürətlə inkişaf edib. idmançılarımız Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Dünya, Olimpiya çempionatlarında idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edirlər. Son illər ərzində idman sahəsində görülən işlər bizi çox sevindirir. Beynəlxalq idman ictimaiyyəti də uğurlarımızı qiymətləndirir. Ölkə Prezidenti qeyd edib ki, Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir: "Təsadüfi deyil ki, gənclərimiz, yeniyetmələrimiz bu yaxınlarda keçirilmiş gənclər arasındakı birinci Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmişlər və dünya miqyasında 10-cu yeri tuta bilmişlər. Bu onu göstərir ki, bizdə idmanda ardıcıllıq var, gənc nəsil yetişir. Bunu etmək, əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait lazımdır. Bax belə gözəl olimpiya komplekslərinin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Mən çox şadam ki, bu gözəl, möhtəşəm olimpiya kompleksi Füzulidə tikilmişdir və bütün standartlara cavab verir.

İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, bu imkanlardan təkcə idmançılar deyil, eyni zamanda, rayon sakinləri də istifadə edəcəklər. Burada hər cür şərait yaradılıb. Əminəm ki, Azərbaycan gələcəkdə də idman sahəsində beynəlxalq Olimpiya hərəkatında öz sözünü deyəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmanda qazanılan qələbələr insanların vətənpərvərlik hisslərini daha da gücləndirir. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, onlar Vətən üçün işləməlidirlər, çalışmalıdırlar, Vətəni müdafiə etməlidirlər. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın inkişafında fəal rol oynayacaqlar. Biz elə etməliyik ki, ölkəmizin inkişafı dayanıqlı, uzunmüddətli olsun, biz müstəqil dövlət kimi bundan sonrakı bütün dövrlərdə də həmişə yüksək səviyyədə olaq.
Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi, sosial məsələlərin həlli, infrastruktur layihələrinin uğurla icrası artıq reallıqdır. Biz buna daxili imkanlarımız hesabına nail ola bilmişik. Azərbaycanın beynəlxalq nüfuzu artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycan bu bölgədə bir neçə önəmli təşəbbüslərin müəllifidir və təşəbbüslərimiz reallaşır. Bu, ölkəmizi daha da gücləndirir. Azərbaycanda vətəndaş həmrəyliyi tam bərqərar olunubdur. Xalqla iqtidar arasında birlik mövcuddur. Bu amillər hər bir ölkənin inkişafı üçün əsas şərtlərdir. Nəzərə alsaq ki, Azərbaycanda siyasi sabitliklə bərabər dünya miqyasında ən sürətli iqtisadi inkişaf da müşahidə olunur, onda biz görərik ki, ölkəmizin inkişafı həqiqətən çoxşaxəlidir. Bölgələrdə gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, bölgələrin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan bölgələrin inkişafı ilə zənginləşəcəkdir. Biz çalışmalıyıq ki, bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə normal yaşayış üçün yaxşı şərait olsun, sosial məsələlər həllini tapsın, bütün infrastruktur layihələri icra edilsin. Son illər bölgələrdə aparılan işlər bizə bugünkü reallığı bəxş edir. Şəhərlərimiz gözəlləşir, abadlaşır, yollar, elektrik, qaz xətləri çəkilir, bütün infrastruktur yeniləşir. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq biz bunu edirik və etməliyik ki, ölkəmizi hərtərəfli inkişaf etdirək.
Bu ilin yekunları, - baxmayaraq ki, il hələ başa çatmayıbdır, artıq yekunlardan söhbət etmək mümkündür, - göstərir ki, 2010-cu il də Azərbaycan üçün uğurlu olmuşdur, qarşıda duran bütün vəzifələr icra edilmişdir və biz gələcəyə də çox böyük nikbinliklə baxırıq. Bizim artıq güclü sənaye potensialımız, böyük maliyyə imkanlarımız vardır, iqtisadi inkişaf təmin edilibdir və ən önəmlisi, Azərbaycan xalqı öz taleyinin sahibidir. Siyasətimizi özümüz müəyyən edir, formalaşdırır və aparırıq. Azərbaycan bölgədə müstəqil siyasət aparan ölkələrdəndir. Bu siyasətin əsas mahiyyəti Azərbaycan xalqının milli maraqlarını təmin etməkdir. Biz bunu edirik və bundan sonra da edəcəyik.
Mən çox şadam ki, bu gün Füzuli rayonunda bir neçə gözəl tədbirdə iştirak edirəm. Buraya gəlməzdən əvvəl yeni, gözəl Muğam Mərkəzinin - muğam evinin açılışında iştirak etmişəm. Çox gözəl, möhtəşəm Muğam Mərkəzidir. Həm orada sinif otaqları, həm də gözəl konsert zalı, yay konsert zalı yaradılıbdır. Mən çox şadam ki, memarlığı ilə seçilən belə möhtəşəm və gözəl muğam evi məhz Füzulidə - Qarabağ torpağında fəaliyyətə başlayır." Prezident bildirib ki, Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir. Ölkə Prezidenti diqqətə çatdırıb ki, bu gün Horadiz gözəlləşir, abadlaşır, müasirləşir: "Ermənistan şəhərləri ilə müqayisə aparsaq, şəhərlər arasında yerlə göy qədər fərq vardır. Yəni, bu, Azərbaycan xalqının gücünü göstərir. Bu, onu göstərir ki, biz bu gün hələ də işğal altında qalan torpaqlara qayıdandan sonra orada da mütləq belə gözəl şərait yaradacağıq. Orada da binalar, evlər tikiləcək, gözəl parklar salınacaqdır. O gün gələcək, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Azərbaycan son illər ərzində çox güclənibdir. Bunu həm düşmən, həm də dünya bilir. Onu da bilirik ki, bundan sonrakı illərdə biz daha da güclü dövlət quracağıq, daha da qüdrətli Azərbaycan quracağıq! Bizim iradəmiz, siyasətimiz, imkanlarımız və maliyyə mənbələrimiz vardır.
Bir daha demək istəyirəm ki, Azərbaycanda milli vətəndaş həmrəyliyi vardır. Hamımız bir nöqtəyə vurmalıyıq və vururuq. Bizim üçün işğal edilmiş torpaqların azad olunmasından vacib məsələ yoxdur. Demək olar ki, ciddi məsələlərin arasında buna bənzər və ikinci belə məsələ yoxdur. Çünki biz bütün başqa sahələrdə istədiyimizə nail oluruq. İnsanların yaşayış səviyyəsi yüksəlir, sosial müdafiə güclənir, iqtisadiyyat artır.
Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək, istənilən yolla həll edək. Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək. Ancaq əfsuslar olsun ki, hələ bu, mümkün deyildir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması siyasəti, bax, bugünkü vəziyyətin dondurulmasına xidmət göstərir. Ancaq buna baxmayaraq, biz səylərimizi qoyacağıq, siyasətimizi gücləndirəcəyik. Onsuz da biz bu gün Ermənistanı bütün regional işlərdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Ermənistan daha da ağır iqtisadi və sosial vəziyyətə düşəcəkdir. Mənim buna şübhəm yoxdur. Əgər Ermənistana xaricdən maddi yardımlar göstərilməsəydi, artıq çoxdan o ölkədə iqtisadi və sosial şərait dözülməz vəziyyətə düşərdi.
Ancaq buna baxmayaraq, Azərbaycanın imkanları ilə Ermənistanın imkanlarını müqayisə etmək mümkün deyildir. Əgər müharibə dövründə, xüsusilə Ermənistana o vaxt göstərilmiş xarici dəstək nəticəsində demək olar ki, qüvvələr nisbəti bərabər idisə, artıq biz çoxdan bu qüvvələr nisbətini öz xeyrimizə dəyişdirə bilmişik. Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və biz istədiyimizə nail olacağıq. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz şəhərlərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. O gün gələcək və biz hamımız - bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır." Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində tibb mərkəzinin açılışında iştirak etmişlər. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlmişdir.

Azərbaycan dövlətinin hərtərəfli dəstəyi ilə Ağdam rayonunda istehsalın həcmi artır, əhalinin həyat şəraitinin yaxşılaşması üçün ardıcıl kompleks tədbirlər həyata keçirilir. Cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 dəfədən çox investisiya yönəldilmişdir. Rayonda tikinti-quraşdırma işləri ilbəil genişlənir, abadlıq və yaşıllaşdırma tədbirləri görülür. Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzindədir. Ağdamın işğal edilməmiş ərazilərində əhali üçün fərdi evlərin tikintisi diqqətdə saxlanılır. İnfrastrukturun müasirləşdirilməsi və əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüşdür. İlin əvvəlindən bəri rayonda 413 yeni iş yeri açılmış, 715 nəfər mövsümi işlərə cəlb edilmişdir. Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binası ilə tanış olmuşlar. Xəstəxananın ikimərtəbəli əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır.
Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binalarının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.
Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda, qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradacaqdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Doğum şöbəsi də birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri fəaliyyət göstərəcəkdir. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.
Bildirildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı, generator, paylayıcı elektrik qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılmışdır. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilmişdir. Xəstəxananın baş həkimi Gülnar Abbasova dövlətimizin başçısına kollektiv adından dərin minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Ağdam rayon mərkəzi xəstəxanasının kollektivinə uğurlar arzuladı.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 440 şagird yeri olan 18 nömrəli Ağdam rayon orta məktəbinin açılışında iştirak etmişlər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə qəsəbənin baş planı nümayiş etdirildi.
Məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunmuşdur. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi vardır. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinetləri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanmışdır.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada akt zalı, fizika və biologiya kabinetləri təşkil olunmuşdur. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir. İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcəkdir. Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izlədi. Dövlətimizin başçısına məlumat verildi ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi vardır. Qəsəbənin mərkəzində ayrıca inzibati bina da vardır və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilmişdir.
Məktəblə tanışlıqdan sonra xatirə şəkilləri çəkdirildi. Bununla da, Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri başa çatdı.

Digər xəbərlər