Yevlaxda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-11-də Yevlax, Füzuli və Ağdam rayonlarında səfərdə olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 10-da Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular. Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlətimizin başçısını və xanımını qarşıladı.
Qəzənfər MUSAYEV: Məcburi köçkünlər üçün saldığınız bu yeni şəhərciyə xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi təbrik edirəm.
Qəzənfər MUSAYEV: Sizi mənə bəxşiş etdiyiniz mənzilə qonaq dəvət edirəm. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Belə gözəl, yaraşıqlı, müasir evlər tikilib.
Qəzənfər MUSAYEV: Biz məcburi köçkünlər üçün şəhər salmısınız. Eyni zamanda, bu şəhər Yevlaxa yaraşır, Yevlax da bu şəhərə.
Prezident İlham ƏLİYEV: Bütün ölkəmiz abadlaşır, gözəlləşir, o cümlədən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün də bütün işlər görülür. Məcburi köçkünlər üçün bax, belə çoxmərtəbəli evlər rayonlarda ilk dəfədir ki, tikilir.
Qəzənfər MUSAYEV: Azərbaycanın ucqar rayonlarında yaraşıqlı məktəb binaları tikdirmisiniz. Haraya gediriksə Sizin adınız çəkilir ki, bu məktəbi Mehriban xanım tikdirib.
X X X
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qəzənfər Musayevin yeni mənzilində qonaq oldular.
Qəzənfər MUSAYEV: Bu şəkil 1998-ci ildə çəkilib. Siz də rəhmətlik ulu öndər Heydər Əliyevlə birlikdə o tədbirdə olmusunuz. Mən onda çıxış elədim. Siz həmin bu döş nişanını mənə verdiniz. Sonra ulu öndər baxdı və soruşdu ki, o nə şəkillərdi maşınların üstündə, xeyir işdi? Dedim, hörmətli Heydər Əliyev, bu gün oğlumun xeyir işidir. Çıxarıb bir gül verdi. Bu gül həmin güldür. Mən bu gülü yadigar saxlayıram. Sizin atanızın, ulu öndərin öz əli ilə verdiyi həmin güldür. O gülü bu gün də biz ürəyimizin başında saxlayırıq. Qismətə bax, o vaxtı dəmir evdə olurduq, imkan yox idi. Rəhmətlik çalışırdı ki, qaçqınları bir təhər yerləşdirsin. İndi isə Siz mənə bu gözəllikdə evi bəxş etdiniz. Allah həmişə üstünüzdə yar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu, göstərir ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti davam etdirilir. Azərbaycan onun qoyduğu yolla gedir. Bütün sahələrdə, o cümlədən məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onun tərəfindən müəyyənləşdirilmiş siyasət bu gün də davam etdirilir. Dövlət Neft Fondunun birinci ödəmələri məhz bu məqsədlər üçün sərf olunmuşdur. O vaxt maddi imkanlarımız o qədər geniş deyildi. Nəyə imkanımız çatırdı, onu da edirdik. Ancaq bu gün Azərbaycan uğurla qabağa gedir, inkişaf edir, imkanımız vardır. Belə gözəl evləri biz yaradırıq. On minlərlə vətəndaşımızı biz yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, biz 90 minə yaxın köçkünü belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Hər yerdə fərdi evlər, mənzillər tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq bu, necə deyərlər, müvəqqəti bir ünvandır. Torpaqlarımız işğaldan azad olunandan sonra həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik.
Qəzənfər MUSAYEV: İnşallah. Hörmətli Prezidentimiz, mən 1969-cu ildə sovet sədri işləyirdim. Həmin il ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Yadımdadır, o vaxtdan Azərbaycanın inkişafı başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan keçmiş ittifaq respublikaları arasında keçici qırmızı bayrağı on bir il dalbadal əldən vermədi. Bu, heç vaxt yadımdan çıxmaz.
Amma bir dərd ürəyimə xal salıb. Ulu öndərimiz o ağır günlərdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə çalışırdı. O, dünyanın diqqətini Azərbaycanda neft məsələsinə cəlb elədi. Yadımdadır, ulu öndərin nefti əlinə, üzünə çəkdiyi məqam. Bu, xoş gələcəyə işarə idi. İndi bu binaların hamısı neftdən gələn pullarla tikilir. Bu binaların hamısı ulu öndərimizin gərgin zəhmətinin bəhrəsidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, bütün bu işlər onun hesabınadır. Bu, iqtisadi inkişafa təkan verdi.
Qəzənfər MUSAYEV: Mən bir də ona görə özümü xoşbəxt hesab edirəm ki, 1965-ci ildə rəhmətlik Həsən Əliyev Qulu Xəlilov ilə qonağım olmuşdu. Kəlbəcərdən zəng vurdular ki, Qəzənfər, Həsən Əliyev gəlir, onu meşədə Nazran bulağının üstünə gətirəcəyik. Amma katiblə gəlmir, tək gələcək, meşələrin gözəlliyini tək seyr etmək onun xoşuna gəlir. Bizim zona da cənnətin bir guşəsi idi. Gəldi, axşama qədər qonağım oldu.
Mən xoşbəxt adamam. Xoşbəxtəm ki, məni 1973-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəyə dəvət etdilər. Müşavirəyə sovet sədrlərini çağırmışdılar. Məsələ belə idi ki, mərkəz sovet sədrlərinin funksiyasını vermişdi kolxoz sədrlərinə. Ulu öndər çıxış etdi, dedi ki, siz hökumətsiniz. Gedin hökumətliyinizi edin, amma təsərrüfata da kömək edin, təsərrüfat irəli getsin. O kişinin sözləri indi də qulağımdadır. Allah ona qəni-qəni rəhmət eləsin, Sizə cansağlığı versin.
Mehriban xanım, Siz də Azərbaycan xalqı, Azərbaycanın balaları üçün çox işlər görmüsünüz. Allah balalarınızı gözünüzə çıraq etsin. Allah Sizi qorusun.
Bir məsələni də deyəcəyəm. Sizin bu işinizdən də qürur duyduq. O görüşü deyirəm - Rusiya Prezidenti idi, Siz idiniz, adını çəkmirəm, bir də o namərd idi. Orada Siz məsləhətləşdiniz, razılığa gəldiniz, şəhid balalarımızın cəsədini qaytardınız.
Siz onların vida mərasimində nitq söylədiniz. Siz şəhidlərə böyük qiymət verdiniz, Allah Sizin qiymətinizi versin. O bir Allah Sizin köməyiniz olsun. Xahiş edirəm, bir stəkan çay için. Mənim ürəyimdə çox söz vardır. Mənim bircə arzum var, Allah eləsin, Kəlbəcər alınsın, mən gedim Kəlbəcərə, bu evdə nə vermisiniz, açarı ilə birlikdə bu rayonda kasıb adama təhvil verim.
Prezident İlham ƏLİYEV: O gün də gələcək. Biz torpaqlarımızı alacağıq. Bizim indi bütün imkanlarımız vardır. Siz hərbçilərimizin dəfn mərasimini qeyd etdiniz, çox qürurlu bir gün idi, kədərli bir gün idi. Ermənilər 5 ay idi ki, qəhrəman övladımızın meyitini qaytarmaq istəmirdilər. Mən orada dedim, bir də demək istəyirəm, heç bir dində, heç bir ölkədə, millətdə belə qəddarlıq, belə vəhşilik olmamışdır. Yəni, bu, vəhşiliyin son həddidir. Ancaq mən inanırdım ki, biz onları qaytaracağıq və qaytardıq, qəhrəman kimi torpağa tapşırdıq. Onları böyük ehtiramla son mənzilə yola saldıq. Onlar kimi minlərlə, on minlərlə gənclərimiz var ki, bu gün hər an ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdırlar.
Bu gün biz çalışırıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq bu, hələ ki, mümkün deyildir. Bunun bir səbəbi vardır - Ermənistanın hərəkətləri. Yəni, Ermənistan torpaqlarımızı zəbt edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o yerlərin, rayon mərkəzlərinin, kəndlərin adlarını dəyişdirib. Ancaq bunun heç bir mənası yoxdur, ad dəyişməklə heç nə dəyişmir. Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri, Ağdamı onların qoyduqları qondarma adlar ilə çağırmır. Ancaq buna baxmayaraq, biz gərək daha da güclü olaq. Biz güclənirik və gün gələcək torpaqlarımızı azad edəcəyik, Kəlbəcəri də, Laçını da, Şuşanı da. Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bizim torpağımızdır və bir qarış torpağımızı düşmənə verməyəcəyik.
Hələ ki, biz belə işlərlə istəyirik sizin yaşayış vəziyyətinizi yaxşılaşdıraq, az da olsa sizə təsəlli verək, həyatınızı yüngülləşdirək. Ancaq bir də demək istəyirəm ki, bu, müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda bundan da gözəl evlər tikəcəyik.
Qəzənfər MUSAYEV: Allah qoysa. Mənim bir arzum da odur ki, Allah eləsin cavanlarımız daha şəhid olmasınlar. Sizin siyasətiniz, dövlətimizin varlanması, ordumuzun qüvvələnməsi gözümüzün qabağındadır. Bu saat bizdə hər cür imkan vardır. Əgər onlar yola gəlməsələr, mən də hazıram. Mənim, üzr istəyirəm, 25 nəvəm, 9 nəticəm vardır, onların 17-si oğlandır. Çoxu əsgərliyini çəkib, əsgərlikdə olanları da vardır. Arzu edirəm ki, əlimdə silah onlarla bərabər döyüşə gedim, torpaqlarımızı azad edim.
Prezident İlham ƏLİYEV: Buna ehtiyac olmayacaq. Bizim qüdrətli, peşəkar, mübariz ordumuz, Silahlı Qüvvələrimiz vardır. Onlar istənilən vəzifəni icra etməyə hazırdırlar. Bu qədər ki, biz ordu quruculuğuna diqqət göstəririk, son illər ərzində o qədər ki, hərbi gücümüzü artırmışıq, istənilən anda və qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edə bilərik. Əminəm ki, düşmən də, bu məsələ ilə məşğul olan tərəflər də bunu bilirlər. Yəni, indiki zəmanədə heç nəyi gizlətmək mümkün deyildir. Yəni, necə gizlətmək mümkündür ki, biz o qədər silah-sursat, texnika alırıq, hazırlıq işləri aparırıq, təlimlər keçiririk. Nə üçün? Ona görə ki, biz torpağımızı qaytarmalıyıq. Biz müharibə şəraitində yaşayırıq. Bu qədər vəsait gedir bu məqsədlər üçün. İndi o vəsait başqa məqsədlərə də yönəldilə bilərdi. Biz bunu da edirik.
dən qan tökülsün, yenidən qurban verək, yenidən şəhidlər olsun. İstəyirəm, bunu danışıqlar yolu ilə, siyasi yolla, iqtisadi addımlarla həll edək. Bizim əlaqələndirilmiş şəkildə aparılan bütün siyasətimiz bu məqsədi güdür. Biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafi və iqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur.
Bu atəşkəs dövründə görün, biz hansı səviyyəyə gəlib çatmışıq, onlar hansı səviyyəyə düşüblər. Sadəcə olaraq, 16 il ərzində bax, belə böyük bir fərq yaranıb. Düzdür, 16 ildir ki, vətəndaşlarımız əziyyət çəkir, öz torpaqlarına qayıda bilmirlər. Ancaq biz onları ora qaytaracağıq. Yəni, biz daha da güclü olmalıyıq və əgər danışıqlar səmərə verməsə, istənilən anda lazımi addımları atacağıq.
Qəzənfər MUSAYEV: Biz də buna hazırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bir daha sizi ürəkdən təbrik edirəm.
X X X
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər.
Dövlətimizin başçısı məktəbin açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa edilmişdir. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılmışdır. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılmışdır. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da vardır.
Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılmışdır. Məktəbin ərazisində futbol, voleybol və basketbol meydançaları da tikilmişdir.
Prezident İlham Əliyev idman zalında məktəblilərin nümunəvi çıxışlarını izlədi.
Məktəblilər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri
Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdir və bu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2004-cü ildən bu günədək 1372 daimi, 6 minə yaxın mövsümi iş yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi -texniki bazası ilbəil möhkəmləndirilir. Dövlətimizin başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular. Dövlətimizin başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılmışdır. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxdılar. İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları vardır. Dövlətimizin başçısı məşğələnin gedişini izlədi. Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirildi ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilmişdir. Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun "Qarabağ" instrumental ansamblının və gənclərin ifasında "Qarabağ şikəstəsi"ni dinlədilər.
Mərkəzin 520 yerlik açıq yay zalı da vardır. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunmuşdur. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Horadiz Olimpiya- İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz Olimpiya- İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır. Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. Olimpiya- İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur.
Prezident İlham Əliyev burada Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi.
Sonra dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izlədilər.
Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxdı. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev Horadiz şəhərində Tibb Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Tibb Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə tibb işçiləri ilə görüşdü, onları təbrik etdi. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, Tibb Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanmışdır. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və cərrahi stasionar şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə 3 əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı vardır. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir.
Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında bura çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlərin müvəqqəti yaşaması üçün iki yaşayış binası da inşa olunmuşdur.
Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf məntəqələrin sakinləri də istifadə edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlmişdir. Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldular.
Xəstəxananın 2 mərtəbədən ibarət əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.
Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binasının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.
Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaratmışdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Birinci mərtəbədə doğum şöbəsi də yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri yerləşir. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.
Məlumat verildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və elektrik paylayıcı generator qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılmışdır. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Ağdam rayonuna səfəri çərçivəsində məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbə barədə məlumat verdi. Bildirdi ki, dövlətimizin başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunan bu qəsəbə lazımi infrastrukturla təmin olunmuşdur. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infrastrukturu yaradılmışdır. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qarabağ müharibəsi veteranı Oruc Cabbarovun dördotaqlı evində yaradılmış şəraitlə tanış oldular. O.Cabbarov məcburi köçkün ailələri üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
X X X
Sonra Prezident İlham Əliyev 440 yerlik məktəb binasının açılışında iştirak etdi. Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə Qarabağ cinsindən olan kəhər at hədiyyə edildi.
Dövlətimizin başçısı və xanımı burada ağdamlı muğam ustaları ilə görüşdülər, gənc ifaçıları dinlədilər və onların çıxışını alqışladılar. Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi.
Qəsəbədəki 18 nömrəli orta məktəbin müəllimi Qədulla Səfərov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi. Sonra Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunmuşdur. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi vardır. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinələri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanmışdır. Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada akt zalı, fizika və biologiya kabinələri təşkil olunmuşdur. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir.
İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcəkdir. Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izlədi.
Dövlətimizin başçısına məlumat verildi ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi vardır.
Qəsəbənin mərkəzində ayrıca inzibati bina da vardır və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəsəbə sakinlərini bir daha təbrik etdilər, onlarla xatirə şəkli çəkdirdilər.