Xalqın iradəsini ifadə edən seçki
Gözlənildiyi kimi, 7 noyabr parlamentə seçkilər cəmiyyətin bütün təbəqələrini ahatə etməklə yüksək seçici fəallığı ilə başa çatdı. Seçicilər izdihamla, bayram əhval-ruhiyyəsi ilə seçki məntəqələrinə gələrək, ən layiqli namizədə səs verdilər. Söhbət etdiyimiz YAP Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva izdihamlı şəkildə keçirilən seçkiləri demokratik cəmiyyət quruculuğu prosesində növbəti qələbə kimi dəyərləndirdi: "Xalqımız çox düzgün seçim etməyi bacarır və seçdiyi yolda səhv etmir. Ona görə də, Milli Məclisə seçkilər asan bir seçki deyil. Bu seçkilər zamanı deputatlığa namizədlərin hər biri haqqında insanların xəbəri olmalıdır. Biz elə insanları seçməliyik ki, onlar böyük təfəkkürə, dil qabiliyyətinə, siyasi biliyə, bacarığa və istedada malik olsunlar. Elə insanlar olsun ki, bizim taleyimiz onların əlində oyuncağa çevrilməsin, qanun qəbul etdikdə, millətimizin keçdiyi uzun həyat yolunu gözlərinin qarşısına gətirə bilsinlər, Azərbaycanın bütün xüsusiyyətlərini yaxşı öyrənsinlər və özlərində ehtiva etməyi bacarsınlar.
İnanıram ki, xalqımız elə insanlara səs verdilər ki, həmin insanlar Milli Məclisdə fəaliyyət göstərərkən, xalqın mənafeyinə uyğun hərəkət edəcəklər. Daha dəqiq desək, xalqımızın səs verdiyi insanlar dövlətimizin möhkəmlənməsinə, mənafeyinin qorunmasına, insanların güzəranını yaxşılaşmasına xidmət edən qanunların qəbuluna nail olacaqlar".
N.Əliyeva tarixə nəzər salaraq, müstəqilliyimizin ilk illərində parlamentdə hökm sürmüş anarxiyadan və bunun fonunda milli və dövlətçilik maraqlarına zidd qanunların yaratdığı fəsadlardan danışdı: "20 il bundan öncə, qəbul olunan qanunlar Rusiyadan "həb" kimi qəbul edilmiş qanunlar idi. Həmin qanunlar bizim millətimizin qəlbini ovundura bilmirdi. Lakin bugünkü qanunlarımız milli mentalitetimizi uca tutan, Azərbaycan cəmiyyətində insanların rifahını, əmin-amanlığını təmin etmək məqsədinə xidmət edən qanunlardır".