Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə dünən Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib. Dövlətimizin başçısı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirib. Hazırda ən müasir körpülərin və yol ötürücülərinin tikildiyini, yeni yolların istifadəyə verildiyini bildirən Prezident İlham Əliyev deyib ki, nəqliyyat sektoru həm paytaxtda, həm də regionlarda uğurla inkişaf edir. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsaitin yol infrastrukturunun inkişafı üçün ayrıldığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu işlər əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədini daşıyır. Bakının yol infrastrukturunun müasirləşməsi, tıxacların aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən danışan dövlətimizin başçısı metropolitenin nəqliyyat növü kimi böyük əhəmiyyət daşıdığını qeyd edib. Metronun şəhər nəqliyyatının mühüm hissəsini təşkil etdiyini deyən Prezident İlham Əliyev bu nəqliyyat növünün ödəniş haqlarının aşağı səviyyədə saxlanılmasının sosial məsələlərin həllinə də töhfə olduğunu söyləyib: "Ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycanın nəqliyyat sektoru çox sürətlə və uğurla inkişaf etmişdir. Həm Bakıda, həm ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat obyektləri tikilir. Dünən Bakıda yeni dəniz ticarət limanının təməl daşı qoyulmuşdur. Liman tikiləndən sonra ölkəmizin nəqliyyat imkanları böyük dərəcədə artacaq, Azərbaycan tranzit imkanlarından daha da böyük səmərə ilə istifadə edəcəkdir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkənin uğurlar qazanması üçün mühüm rol oynayır. Azərbaycanda bu məsələlər həmişə diqqət mərkəzində olmuşdur. Bugünkü iclas şəhər nəqliyyatının inkişafı ilə bağlı olacaqdır. Xüsusilə, bu gün biz Bakı Metropoliteninin inkişaf proqramını müzakirə edəcəyik. Şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunmuşdur, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilmişdir, bəzilərində hələ tikinti davam edir. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır. Mərkəz işə düşəndən sonra əminəm ki, nəqliyyatın tənzimlənməsi prosesi daha da uğurla gedəcəkdir. Şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəmizə 2300-dən çox sərnişin avtobusu gətirilmişdir. Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilmişdir. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun "Əzizbəyov" stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü. Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq.
Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyildir. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait vardır. Biz aeroport yolunu iki dəfə genişləndirdik. İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılmış şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilmişdir - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır. Bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır. Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir. Bu da yeni arteriyanın, istiqamətin açılması deməkdir. Həm o bölgədə yerləşən kəndlər bir-biri ilə, həm şəhərlə, həm Sumqayıtla daha da rahat əlaqə saxlayacaqlar, həm də oradan gələcəkdə açılacaq dairəvi yola birbaşa çıxış olacaqdır. Dairəvi yol demək olar ki, hazırdır. Yəqin ki, biz bir neçə gündən sonra dairəvi yolun açılışını da qeyd edəcəyik. Bu da çox nadir və şəhər üçün əvəzolunmaz bir qovşaqdır. Artıq şimal, cənub, qərb istiqamətlərindən hərəkət edən avtomaşınlar şəhərə girmədən o dairəvi yoldan istifadə edəcəkdir. Bu yol da başqa yollar kimi ən yüksək standartlara cavab verir.
Yəni, şəhər nəqliyyatı hər bir böyük, inkişaf edən şəhər üçün prioritet məsələlərdən biridir. Biz bilirik ki, bəzi böyük şəhərlərdə tıxac problemləri artıq çox ciddi fəsadlara gətirib çıxarıbdır. Böyük şəhərlərdə insanlar saatlarla tıxaclarda qalırlar. Bəzi hallarda başqa şəhərə təyyarə ilə uçmaq daha az vaxt tələb edir, nəinki şəhər mərkəzindən aeroporta getmək. Yəni, biz də bu problemlərlə nə vaxtsa üzləşə bilərdik, əgər vaxtında çox ciddi addımlar atmasaydıq. Düzdür, bu məsələlərin həlli üçün çox böyük vəsait lazımdır. Deyə bilərəm ki, magistral yollardan, yəni bölgələrə aparan yollardan fərqli olaraq, şəhər yollarının genişləndirilməsi və yeni yolların yaradılması o qədər də ciddi iqtisadi səmərə vermir. Əlbəttə ki, magistral yollar, hər bir yerə yeni yol çəkilən kimi orada canlanma gedir, iş yerləri açılır, o rayonların imkanları genişlənir. Amma şəhərin içində bu yolların tikintisi sırf sosial xarakter daşıyır ki, Azərbaycan vətəndaşları rahat yollardan istifadə etsinlər. Azərbaycanda və xüsusilə Bakıda yolların keyfiyyəti də ildən-ilə artır, ən yeni texnologiyalar tətbiq olunur. Biz bu işlərlə ən xırda məsələlərə qədər ciddi məşğuluq."
İclasda "Azərtunelmetrotikinti" ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış ediblər. Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyevə Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin istiqamətləri barədə məlumat verilib. Sonda dövlətimizin başçısı metropolitenin inkişaf planının ayrı-ayrı mərhələlər əsasında prioritetləri müəyyənləşdirilməklə həyata keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tövsiyələrini verib: "Mən bu planın hazırlanması işində iştirak etmiş bütün qurumların fəaliyyətini qiymətləndirirəm. Bu işə həm yerli qurumlar, həm də ki, xarici şirkətlər cəlb olunub və çox əsaslı, geniş proqram hazırlanıbdır. Bu proqram növbəti 20 ili əhatə edəcəkdir. Bu proqramın icrası böyük vəsait tələb edəcəkdir. Bu gün bu barədə rəqəmlər səsləndi. Amma əgər biz burada göstərilən bütün işləri icra etsək, bir neçə milyard manat investisiya nəzərdə tutulur. Əlbəttə ki, bu, çox böyük məbləğdir. Biz bu investisiya layihələrini maliyyə imkanlarımızla da bağlamalıyıq. Hər il Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün vəsait nəzərə alınmalıdır. Biz bu böyük, uzunmüddətli proqramı mərhələlərə bölməliyik. Bu barədə təkliflər səsləndi. Birinci mərhələ 2011-2015-ci illəri əhatə etməlidir. Əlbəttə ki, əgər maddi imkanlarımız imkan versə, biz növbəti beşillik proqrama daha böyük işləri sala bilərik. Biz buna da hazır olmalıyıq. Hər halda, bu baş plan bizə belə imkanları verir. Yəni, biz artıq bilirik ki, son mərhələmiz nədən ibarət olacaqdır. Metro inkişafının bütün proqramı müfəssəl hazırlanıbdır. Sadəcə olaraq, mərhələlərə bölüb, prioritetləri müəyyən edib və biz həmin işləri maliyyə imkanlarımızla uzlaşdırmaq yolu ilə görəcəyik. Bizim niyyətimiz çox açıqdır, aydındır, birmənalıdır ki, Bakıda metro tikintisini sürətlə irəliyə aparaq. Beləliklə, həm şəhər nəqliyyatına böyük dəstək olacaq, həm də insanlar üçün rahat və çox təhlükəsiz nəqliyyat növü imkanlarını genişləndirəcəkdir. Ümumiyyətlə, ümumi inkişafımız üçün bu, çox vacib məsələdir. Biz bütün bu işləri gərək beynəlxalq təcrübəyə əsaslanaraq edək. Bakıda metro tikintisinin böyük tarixi vardır. Bu barədə mən artıq söylədim. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır. Burada qeyd olundu ki, yeni avadanlıq, maşınlar alınır. Elə etməliyik ki, bu, ən son texnologiyaya uyğun maşınlar olsun. Həm tunelqazma işləri, həm bütün başqa texniki məsələlər yüksək səviyyədə həll olunmalıdır. Mən sübhə etmirəm ki, bu plan hazırlananda inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınıb. Çünki bu planın hazırlanmasında inkişaf etmiş ölkələrin şirkətləri iştirak ediblər. Bakıda da ən qabaqcıl təcrübə təhlil edilməlidir və tətbiq olunmalıdır. Bununla bərabər, dizayn işlərinə xüsusi diqqət göstərilməlidir. Çünki metro yarandığı gündən, - hər halda sovet məkanında, - eyni zamanda, memarlıq növü, memarlıq nümunəsi idi. Bakıda metro stansiyalarının dizaynına çox böyük əhəmiyyət verilirdi. Bu gün biz də bu məsələləri unutmamalıyıq. Biz də çalışırıq ki, yeni stansiyalar gözəl dizaynla fərqlənsin, həm sərnişinlər üçün rahat, həm də gözəl olsun. Eyni zamanda, əvvəlki illərdə tikilmiş stansiyalarda da yenidənqurma işləri aparırıq. Xüsusilə, "İçərişəhər" stansiyasının həm xarici görünüşü, həm də daxili dizaynı tamamilə yeniləşib və şəhərə əlavə gözəllik verir. İndi "Əzizbəyov" stansiyasında işlər gedir. Orada da çox gözəl memarlıq kompleksi nəzərdə tutulur, eyni zamanda, daxildə də təmir-bərpa işləri aparılır. Biz yeni stansiyaların tikintisində əlbəttə ki, bu məsələləri həmişə nəzərdə saxlayacağıq. Ancaq eyni zamanda, tədricən köhnə stansiyaların təmiri, bərpası, xarici görünüşünün yeniləşməsi məsələləri ilə də məşğul olmalıyıq. Yəqin ki, bu məsələ də İnkişaf Planının bir hissəsi olmalıdır. Yəni, əlavə olunmalıdır ki, həm yeni eskalatorlar, həm təmir-bərpa işləri, lazım gələndə metro stansiyalarının üst konstruksiyalarının dəyişdirilməsi, gözəlləşdirilməsi üçün əlavə vəsait nəzərə alınmalıdır. Çünki bu stansiyalar şəhər memarlığının bir hissəsidir. Şəhərin çox gözəl memarlığı var, həm qədim, həm müasir. Biz bu iki amili nəzərə almalıyıq. Burada qeyd olundu ki, təhlükəsizlik məsələlərinə diqqət göstərilir. Bu məsələ artıq ilin sonuna qədər yekunlaşmalıdır. Göstəriş verdim ki, nəinki metro stansiyalarında, bütövlükdə şəhərdə videokameralar quraşdırılsın. Şəhərin müxtəlif yerlərində indi bu videokameralar fəaliyyət göstərir. Həm təhlükəsizlik məsələlərinin həlli üçün bunun böyük əhəmiyyəti vardır, eyni zamanda, bu kameralar vasitəsilə bir neçə cinayətin üstü açılıbdır. Bununla bərabər, yol hərəkətini pozan avtomaşınlar da o kameralar vasitəsilə aşkar olunur. Biz sözlə, bir daha demək istəyirəm ki, biz böyük işlərin görülməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bir daha demək istəyirəm ki, bu, böyük, uzunmüddətli proqramdır, ən azı 20 ili əhatə edəcəkdir. Çalışmalıyıq ki, 20 il ərzində bax bu gün göstərilən bütün vəzifələr icra olunsun, bu stansiyalar tikilsin. Çox böyük, peşəkarlıq, maliyyə imkanları tələb edən işdir. Əminəm ki, biz bütün bu işləri vaxtında və böyük keyfiyyətlə görəcəyik və şəhər sakinləri üçün yeni, gözəl imkanlar yaradacağıq."